“Müsəlmanlar din ilə getdiklərinə görə tərəqqidən geri qalıblar”deyə iddia edən kəsə rəddiyyə
______________________________
Sual: Bəzi insanlar iddia edir ki, müsəlmanların geri qalmasının başlıca səbəbi dinlərinə riayət etmələrindən irəli gəlir. Onlar özlərinin batil arqumentlərini onunla əsaslandırırlar ki, Qərb ölkələri bütün dinlərdən yaxa qurtarıb özlərini bunlardan azad etdikdən sonra hal-hazırda mövcud olan sivil inkişaf səviyyəsinə çatmağa nail olmuşdurlar. Bu barədə nə deyə bilərsiniz?
Cavab:
Həmd Allaha məxsusdur.
Bu cür sözlər yalnız imanı zəif olan, yaxud əsla imanı olmayan, tarixdən bixəbər, nadan, Allahdan kömək gəlməsi və qələbə çalmaq barədə səbəblər barədə heç bir elmi-biliyi olmayan kəsdən sadir ola bilər. İslamın başlanğıcında müsəlman ümməti bu dinə sadiq bağlandığı üçün ümmət güclü, qüdrətli və qüvvətli idi və həyatın bütün aspektlərində ön sırada idilər. Həqiqətən, bəzi insanlar bildirirlər ki, elmin müxtəlif sahələrində Qərbin irəliləməsi, inkişaf etməsi yalnız islamın erkən dövrlərində müsəlmanlardan öyrəndikləri və mənimsədikləri elm hesabına baş vermişdir. Lakin daha sonra müsəlman ümməti dinə bağlılıqda zəiflik nümayiş etdirmiş və Allahın dininə həm etiqad, həm söz, həm əməl baxımından dindən olmayan yeniliklər (bidətlər) daxil etməyə başladılar. Bu da müsəlmanların köklü şəkildə geriləməsinə gətirib çıxardı. Biz qəti olaraq bilirik və Allah Azzə və Cəllə Özü buna Şahiddir ki, əgər biz (saleh sələflərimizin) əcdadlarımızın dinə riayət etdikləri kimi dinə riayət etsək, əzəmətli və izzətli olar və bütün millətlər üzərində üstün olarıq. Elə bu səbəbdəndir ki, Əbu Süfyan, Bizansın hakimi Nəcaşi ilə danışdıqda-Bizans o zamanlar supergüc hesab olunurdu-və ona Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) və Onun səhabələrinin yolu barədə söylədikdə Nəcaşi belə demişdi: “Əgər sənin dediklərin doğru isə, o (Peyğəmbər) mənim bu iki ayaqlarımın altında olan hər bir şeyə sahib olacaq.” Əbu Süfyan və onun yoldaşları Nəcaşinin yanından çıxdıqda belə demişdi: “İbn Əbi Kəbşənin məsələsi o qədər ciddiləşib ki, Bənul Əsfərin (Bizanslıların) sultanı da ondan qorxur’.
Qərbin kafir və ateist (mülhid) dövlətlərində sənaye və bənzər sahələrdə əldə olunan tərəqqi və irəliləyişə gəldikdə, əlbəttə ki, dinimiz şəriətdə qoyulan şərtlər çərçivəsində inkişaf və tərəqqinin əleyhinə deyil. Lakin, əfsuslar olsun ki, biz bunların hər ikisini itirmişik. Nə dinimizə məhəl qoyur, nə də dünyəvi işlərimizə, hər ikisini qulaqardına vurmuşuq. Lakin İslam dini sözügedən tərəqqiyə qarşı deyil. Əksinə Allah Təala buyurur:
“(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!” [əl-Ənfal 8:60]
“Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır!” [əl-Mülk 67:15]
“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!” [əl-Bəqərə 2:29]
Mövzuya dair digər ayələr var. Bu ayələr açıq-aydın şəkildə insana xitab edərək bildirir ki, insan zəhmət çəkməli və çalışmalı, bundan faydalanmalıdır. Lakin bütün bunları edərkən dində güzəştə getməməlidir, yəni dinində ziyana getmək hesabına bunları etməməlidir. Bu kafir millətlər əslən kafirdirlər və onların tabe olduqları dinlər batil dinlərdir; Onların batil dinlərinə inanması ilə dinlərindən imtina etmələri arasında heç bir fərq yoxdur. Allah Təala buyurur: “Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” [Ali-İmran 3:85]
Baxmayaraq ki, əhli kitabdan olan yəhudi və xaçpərəstləri digərlərindən fərqləndirən müəyyən xüsusiyyətlər var, bununla belə axirət və digər məsələlərdə onlar eyni hökmə tabe tutulacaqdır. Odur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) and içmişdir ki, ümmətin yəhudi və xaçpərəstlərindən kimsə Peyğəmbər barədə eşidib onun gətirdiklərinə tabe olmazsa, cəhənnəm əhli arasında olacaqdır. Ona görə də, onlar əslən kafirdirlər, istər yəhudiliyə, istərsə də xaçpərəstliyə nisbət edilsinlər və yaxud istərsə də heç birinə özlərini mənsub etməsinlər.
Onlara da yağmur və digər nemətlərin verilməsinə gəldikdə, bu onlar üçün Allah tərəfindən yalnız bir sınaq və imtahandır. Allah təala bu dünyada onlara veriləcək xeyirləri, yaxşılıqları tezləşdirir. Necə ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Ömər ibn Xəttaba (Allah ondan razı olsun) bunu izah etmişdir. Ömər (Allah ondan razı olsun) Peyğəmbərin bir tərəfinin qamışdan olan həsirin üzərində uzandığından meydana gələn izləri gördükdə ağlayaraq belə demişdi: “Ey Allahın Rəsulu, farslar və rumlular (Bizanslılar) rahat bir həyat tərzi sürürlər, sən isə bu cür haldasan. O dedi: “Ey Ömər, bunlar elə insanlardır ki, onlar üçün dünyada veriləcək xeyirlər, yaxşılıqlar tezləşdirilib. Məgər razı olmazsan ki, dünya onların, axirət isə bizim olsun?” Bundan əlavə heç kəsə sirr deyil ki, kütləvi informasiya vasitələri, qəzetlərdə və digər məlumat mənbələrində həmişə yayımlandığı kimi kafirlər sel, daşqın, fəlakətlər, zəlzələlər və dağıdıcı tufanlar ilə üzləşirlər. Lakin görünür sualda sözügedən iddianı edən kəslər kordurlar: Allah onları haqqı görməyə kor etmişdir və onlar həqiqətdə nə baş verdiyini, işlərin həqiqətinin əslində nə olduğunu bilmirlər.
Mənim o kəslərə nəsihətim budur ki, özləri də bilmədənölüm onlara qəflətən yetişməzdən öncə bu cür (batil) düşüncələrdən Allaha tövbə etsinlər və Rəbblərinə üz tutsunlar. Onlar dərk etməlidirlər ki, biz həqiqi bir anlamda söz və əməldə islam dininə geri dönüb əməl etmədikcə heç bir qüdrətimiz, izzətimiz və gücümüz olmayacaqdır. Onlar anlamalıdırlar ki, bu kafirlərin tutduqları yol batildir və haqq yol deyil və onların son gedəcəyi yer, sığınacağı Cəhənnəm Atəşidir, necə ki, bu barədə bizə Allah Təala Öz Kitabında və Peyğəmbərinin dili ilə bildirmişdir. Allah Təalanın onlara verdiyi rahatlıq neməti sınaq və imtahandan başqa bir şey deyil və bu dünyada Allah Təala onlara veriləcək xeyirləri, yaxşılıqları tezləşdirir, ta ki onlar vəfat edib bu rahatlığı arxada (dünyada) buraxaraq Cəhənnəmə vasil olsunlar. Cəhənnəmdə isə xüsran, peşmançılıq, ziyan, ələm və qəm-kədər, hüzn onlar üçün üst-üstə artırılacaqdır. Bu insanların ləzzət aldıqları bu rahatlığın arxasında Allah Təalanın bir hikməti durur. Lakin, sizin də bildirdiyiniz kimi, onlar bütün bu ləzzətlərə rəğmən onların başına gələn zəlzələlər, quraqlıq, tufan, sel və s. fəlakətlərdən sığorta olunmayıblar. Allah Azzə və Cəllədən diləyim budur ki, bu sual verən insana hidayət versin və onu haqq yoluna qaytarsın və bizi dində bəsirət sahiblərindən etsin, çünki O Cəvvad və Kərimdir.
Ən doğrusunu Allah bilir.
Müasir məsələlər | Muhəmməd ibn Salih əl-Üseymin
Dini Fətvalar...
Hiç yorum yok:
Yorum Gönder