22 Mayıs 2011

İslamda yeddi rəqəminin bəzi xüsusiyyətləri


Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar institunun arxivində bir çox qiymətli əsərlər qorunub saxlanılır. Bu əsərlərdən biri də Əbu Nasir Muhəmməd bin Əbdürrahman əl-Həmədaniyə məxsus olan “Kitəbu-s-Səbiyyat” əsəridir. Bu əsərdə müəllif “yeddi” rəqəminin üstündə dayanaraq o barədə şəriətdə gələn “yeddi” rəqəmi ilə bağlı hikmətləri açıqlamağa çalışmışdır.
Həmin əsəri araşdıraraq bəzi mətnlərini ərəbcədən tərcümə etdim. Beləliklə gəlin birlikdə əsərdə olan bəzi məqamları oxuyaq.
Məlik, Cəbbar, Əziz, Ğəffar olan Allaha həmd olsun. Salat və salam olsun seçilmiş ağamız Nəbi Muhəmmədə və onun seçilmiş ailəsinə, əshabələrinə. Müəllif dedi: Bil ki, Xaliq (Yaradan) Öz qüdrəti ilə danışaraq sözləri, onların böyük və kiçikliyini, yerdə olan nemətlərin adlarını öyrətdi. Məliklərin yeddi seçilmiş əşya ilə mülkləri, sultanların əzəməıtli yeddi mallarını saydı.
Birincisi havanın gözəlliyi (zinəti), yeddi meyvə, göyləri bəzəyən və zinətləndirən yeddi ulduzla göydəki mənzərələri, ikincisi Səmanın göyün yeddi təbəqəsini zinətləndirməsidir. Deyir ki, Allah göyü yeddi təbəqə halında yaratdı. Sonra yeddi dənizlə göyün təbəqələrini bəzədi. Bunlar hamısı yeddidən sonra sayılır. Bu barədə bəzi ayələrə diqqət edək. Uca Allah buyurur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!” (Bəqərə, 29),  “And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik)” (əl-Muminun, 17), “De: “Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?” (əl-Muminun surəsi 86), “Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?!” (Nuh surəsi 15), “Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq” (ən-Nəbə 12).  Bu barədə ayələr çoxdur və biz hamısını burada qeyd etməyi lazım bilmədik. Müəllif də ayələrin çox olduğunu nəzərə alaraq heç bir ayə qeyd etməmişdir. Üçüncüsü, Cəhənnəmi yeddi dərəcə ilə bəzədi. Birinci Cəhənnəm, sonra Səir, sonra Səqər, sonra Cəhim, Hutamə, Laza, Haviyə . Onları yeddi qapı ilə bəzədi və onların hər qapısınında yeddi qapısı var. Allah təala buyurur: “(Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər” (əl-Hicr 44). Dördüncüsü, Quranı yeddilərin yeddisi ilə bəzədi. Sonra Allah təala bu sözü ilə Fatihəni yeddi ayə ilə bəzədi: “(Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzamətli Quranı verdik” (əl-Hicr 87).
Beşinci və Altıncısını tərcümə etmədim. İnşallah əlyazmanı əldə edə bilsəm yenə baxaram.
Yeddincisi: Dünyanı yeddi iqlimlə bəzədi. Birincisi Hindistan, ikincisi Hicaz, üçüncüsü Bəsrə, Bədim və Kufə, dördüncüsü İraq, Şam, Xorasan və Bəlxə qədər, beşincisi Rum, Erməni, altıncısı Yəcuc və Məcuc diyarı, yeddincisi Türküstan ölkələri. Həmçinin dünyanı yeddi iqlim ilə bəzədi. Günləri yeddi gün yaratdı. Səbt, Altıncı gün (Şənbə günü), Əhəd (Bazar günü), İsneyn (bazar ertəsi günü), Suləsəu (Çərşənbə axşamı günü), Arbai (Çərşənbə günü), Xamisu (Cümə axşamı günü) və Cümə (Cümə günü). Sonra bu yeddi gündə yeddi şeyə ikram etdi (yaxşılıq etdi). Bu yeddi şeyi hörmətli etdi. Səbt günü (Şənbə günü) Musaya ikram etdi, Əhəd (Bazar günü) İsaya, Bazar ertəsini Davuda, çərşənbə axşamı Sülaymana, çərşənbə günü Yəquba, Cümə axşamı günü Adəmə və Cümə günü Məhəmmədə ikram etdi. Tərcüməçi: Müəllif burada böyük xətaya yol vermişdir. Allah onu bağışlasın. Əslində Cümə günü bütün peyğəmbərlərə bildirilmişdir. Lakin sonralar insanlar bu günlərin yerini səhv salmışdır. Sonralar peyğəmbərlərdən sonra gələnlər Cümə gününü itirdilər. Bu barədə Allahın Rəsulu da bizə xəbər vermişdir ki, əvvəlki ümmətlər Cümə günün yerini itirdilər və bu mübarək gün bizə, islama, müsəlmanlara verildi. Müəllif da burada bununla bağlı xətaya yol vermişdir. Adəm peyğəmbərdən Məhəmməd peyğəmbərə qədər gələn bütün peyğəmbərlərə cümə günü haqqında xəbər verilmişdir. Lakin sonralar insanlar o günləri səhv salmışlar. Bəlkə də müəllif bununla onu qəsd etmişdir. Hər halda bu rəyi alimlər arasında qəbul deyildir. Ən düzünü bilən Allahdır.

Əkrəm Həsənov

Hiç yorum yok:

Yorum Gönder