Nə oldu belə? Niyə oldu belə? Məscidin qapısını niyə bağlayırlar? Mənə bir söz deyildi: “Sus, Əkrəm təxribat törətmə!”. Allah eləməsin təxribat törədim. Sadəcə soruşuram ki, niyə bağlayırlar məscidin qapısını? Cavablar çoxdur.
Ölkədə xaos yaratmaq istəyən qüvvələr var. Saman altdan su yeridənlər var. Seçkiqabağı cənab prezidentimizi və onun tərəfini saxlayan xalqı, siyasətə qarışmayan dindar insanları, Quran oxuyan müsəlmanları sevməyən qüvvələr var. Kimdir bu qüvvələr. Bilinmir kimdir. Müxalifətdə olan bəzi radikallar iqtidarın üstünə atır. İqtidarda olan isə xalqını sevdiyi üçün onun həqiqətən də təhlükədən uzaq olmasını istəyir. Sevinir bəzi qüvvələr! Qürrələnir. Çünki təxminən bir ay bundan əvvəl ali baş komandan cənab İlham Əliyevə yazdığım məktub çoxlarını narahat etdi. Dedim ki, hörmətli Prezident! Azərbaycanda dini cəhətdən qarışıqlıq var. Bunu bizim dostumuz dövlət nümayəndəsi öz məntiqi ilə çox gözəl izah edir
O deyir: “Azərbaycan din sahəsində boş piştaxtaya bənzəyir. İran öz məhsulunu gətirir bura, Türkiyə öz məhsulunu, Ərəbsitan öz məhsulunu, Xristian ölkələri öz məhsulunu, Yəhudi dövlətləri öz məhsulunu. Gətirsin. Elə etməliyik ki, camaatımıza dinimizi anladıqları kimi yox, necə var elə çatdıraq. Əsl islamı xalqımıza öyrətməliyik”. Amma Azərbaycanın öz məhsulu olmalıdır bu sahədə. Yəni Azərbaycan dövlətinin yetişdirdiyi İlahiyyatçılar olmalıdır. Azərbaycan tolerant ölkədir və bu cür halların baş verməsi labüddür. İndiyə qədər hələ Azərbaycanda tolerantlığa zidd heç nə baş verməyib. Həm sünnisi, həm şiyəsi, həm nurçusu, həm də olmayan, amma adı dillər əzbəri olan vəhhabisi, həm xristianı, həm yəhudisi və s. adlarını sadalamdığım digərləri bir-birləri ilə qarşılıqlı dözüm şəraitində yaşayıblar və yenə də yaşayırlar. Mən inanmıram bu sadalan qruplardan hansısa Allahın evinə bombanı atsın. Həmdə niyə məhz seçkiqabağı törədirlər bu təxribatı? Bilirsizmi çox qəribədir ki, Azərbaycanda yeni yetişən bəzi gənclər var ki, onlar məsciddən tamamilə uzaqlaşmış, cümə namazlarını tərk etmiş və məscidə gələn camaata kafir deyirdilər. Onlara irad tuturduq. Bəsdirin. Bomba atılana qədər onlar dəvətlərini aparırdılar. Siz bu barədə “Əbubəəkr” məscidinin rəsmi saytında forumda Qamət Süleymanova verilən suallardan görə bilərsiniz. Onlar daima cihad və təkfir məsələlərindən danışırdılar. Amma bombadan sonra səsləri kəsdi. Əlaqələrini itirdilər. Mən İlahiyyatçıyam, dövlət nümayəndəsiyəm, hörmətli prezidentimizə yazdığım məqaləni eşidib bəzi müsəlmanlar məni tənqid etdilər. Niyə prezidentə məktub yazırsan. Çünki mən ona seçkilərdə səs vermişəm və bu ildə ona səs verəcəm. Narazılığın varsa gətir bir bombanı da mənim üstümə at. Amma indi rahat bildim ki, mən sözümü dedim. Fikrimi çatdırdım. Demək istədim ki, radikallıq dində bəyənilmir. Terror dində yoxdur. Din heç bir halda terrora icazə vermir. Dövlət var və o dövlətin güclənməsi üçün təkan verən xalq var. Mən o xalqdan biriyəm. “Əbubəkr” məscidinə gəlib namaz qılan da o xalqdan biri idi. Azərbaycanda məscidlərə gəlib namaz qılan da o xalqdan biridir. Bu xalq hər zaman terrora məruz qalıb. Çox itigilər verib bu xalq. Yaşı iyirmidən yuxarı olanlar bilirlər. Azərbaycanın başı çox bəlalar çəkib. Azərbaycanın şanlı tarixi yazılır. Əziz gənclər! Gəlin bir-birimizə can deyib can eşidək. Gəlin kənar dövlətlərdən aldığımız təsirlə öz vətən torpaqlarımızda yaşayan dəyərli vətəndaşlarımıza ibadətlərində mane olmayaq. Gəlin ədalət sahibi olaq.Bu gün müthiş idi. “Əşurbəy” məscidinə Cümə namazı qılmağa getdim. Saat ikiyə işləmişdi. Amma məscidin içi dolmuşdu. Yer yox idi. Qapının kandarında dayanıb 2-ci rkata çatdım. Sonra namaz qurtardı və kənardan kimsə qapının kandarında dayanan digər müsəlmanların üstünə qışqırdı. Bəsdirin də! Sizə sözü bir dəfə deyərlər! Belə etməyin də! Allaha and olsun mən heç nə anlamadım. Amma bildim ki, məscid dolmuş və içəridə yer yoxdur, o üzdən bayırda da dayanmağa icazə verilmir. Hələ Cümə namazının vaxtına yarım saat qalmışdı. “Şəhidlər xiyabanı”nın yanında olan “Şəhidlər” məscidinə getdim. Amma polislər oranı kəsmişdilər və buna görə də məcbur olub İlahiyyat fakultəsinə getdim. Sonra bizim oxuduğumuz və məzunu olduğumuz fakultənin hələ heç vaxt görmədiyim bir halını gördüm. Məscidin qapıları bağlandı. Biz insanıq heç nə bilmirik. Bəlkə də bu bizim üçün xeyirlidir. Həmdə təhlükəsizlik baxımından daha etibarlıdır. Amma çox müsəlman qardaşlarımız pərişan oldular. Onlar məcbur qalıb hasarın üzərindən atlayıb namaza axışırdılar. Burada qəlbində imanı olan hər bir kəsi qəhər boğur. Axı əvvəl belə deyildi. Axı əvvəl hamı istədyi məscidə gedib rahat namazını qıla bilirdi. Nə oldu belə? Bilirsinizmi deyəsən 1:0 təkfirçilər uddular. Onları heç indi məscid maraqlandırmır bəlkə də. Əslində onlar da Cümə namazının qılınmağını qəbul etmirdilər. Onlar iddia edirdilər ki, bura kafir ölkəsidir və kafir ölkədə cümə namazı qılmaq doğru deyil. Amma onlar unudurdular ki, müsəlman xalqa və müsəlman ölkəyə kafir deyən və Allahın məscidinə bomba atan əsl kafirdir. Allah onların şərrindən bizi daima qorusun. Bizim güclü dövlətimiz, mətin xalqımız və hörmətli cənab Prezidentimiz var! Biz ümid edirik ki, hörmətli Prezidentimizin köməyi nəticəsində ölkəmizdə sülh və əminamanlığı yarada biləcəyik. Yazılarımdan narazı olan müsəlman xalqımız hər biriniz xətalarımı düzəldə bilərsiniz. Çünki insan xəta edə bilər. Əsas odur ki, xəta edənə doğru və həqiqətin nə olduğunu bəyan edəsən.
Əkrəm Həsənov 2008-ci il "Əbubəkr" məscidinə atılan qumbaradan sonra bəzi məscidlərin qapısı bağlandı. Cümə namazına gedəndə bir çox məsciddə maneələrlə qarşılaşdım. Həmin vaxt təsirlənib bu məqaləni yazmışdım.
Hiç yorum yok:
Yorum Gönder