Allahın kişi qulunda istədiyi görünüş.
Bu gün cəmiyyətin diqqətini özünə cəlb edən, sözləri və fikirləri ona yönəldən, cəmiyyətin bəzi təbəqələrini qorxuya salan əsas bir problem gündəmdədir. Bu problem hansısa insanda çatışmayan mənfi bir hal deyil, bu problem kiminsə ruzisinə maneçilik törədəcək bir amil də deyil, bu problem cəmiyyətin sanki heç vaxt görmədiyi, heç vaxt eşitmədiyi bir problemdir. Bu da saqqaldır.
Saqqal nədir? Niyə bu ad, bu məfhum bəzi insanların qəlbində ikrah yaradır, niyə bu saqqal vidi bəzi insanların daxili aləmində qorxunc mənzərə yaradır. Biz çalışdıq ki, bu kiçik araşdırmamızda bu məsələyə diqqət çəkək. Çünkü bu gün saqqal saxladığına görə evdən qovulan gənclər, işdən azad edilən insanlar, özlərinə müxtəlif böhtan atılan müsəlmanlar var. Bu məsələyə görə ailəsini, evini, övladlarını tərk edən insanlar var. Axı bu insanın özündən asılı olmayaraq, fitrətən onun üzündə bitən Allahın bir nemətidir. Allah təala bu neməti məhz Öz kişi qullarına bəxş etmişdir. Nədir bu saqqal? Yeniyetmə kişilərin yanaqlarında, çənə və üzlərinin alt tərəflərində çıxan tüklərdir. Bu saqqal insanın, kişinin ən şərəfli yerində bitir. Bu da insanın üzüdür. İnsanları ən gözəl yaradan uca Allah tarix boyu göndərdiyi peyğəmbərlər vasitəsi ilə Allaha ibadət və itaət vəzifələrini onlara bildirdiyi və öyrətdiyi kimi, insanların xarici görünüşlərinin də necə olmasını onlara bildirmiş və öyrətmişdir. Allah təala insanı ən mükəmməl bir şəkildə yaratmış, onların onlara lazım olan orqanlarında saç, saqqal və digər tüklər yaratmış, peyğəmbərlərə bu tüklərin bəzilərinin təmizlənməsini, bəzilərinin saxlanmasını, bəzilərinin qaydaya salınmasını əmr etmişdir. Bəzi insanlar iddia edirlər ki, saqqal Quranda bizə əmr edilməyib. Quranda saqqal sözü işlənmir. Əlbəttə bunu deyənlər Quranı oxumayan, Qurandan xəbəri olmayan insanlardır. Saqqal məsələsi təkcə Quranda adı çəkilməklə bərabər, əvvəlki kitablarda da adı çəkilmişdir. Qurani Kərimdə uca Allah saqqal sözünü işlətmişdir: “(Harun) belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başıma yolma). Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum” (Taha surəsi, 94). Biz Qurandan əvvəl nazil olunan hər bir kitabdan bir nümunəni də sizin nəzərinizə çatdırırq. Zəbur kitabında , 133-cü məzmur, Davudun həcc ilahisi, 2-də belə deyilir: “Başa sürtülən dəyərli yağ kimi, saqqaldan, Harunun saqqalından, Harunun saqqalından köynəyinin yaxasına qədər enən yağ kimi…” (Zəbur, 133-cü məzmur, Davudun həcc ilahisi, 2), Tövratda isə saqqal bir çox yerdə keçir. Sadəcə iki yerdə olan hissəni oxuyaq: “Başınızın yan tərəfdəki saçlarını kəsməyəcək, saqqalnızın kənarlarına toxunmayacaqsınız” (Tövrat, Levlilər, Lev 19, 27), “Kahinlər yas tutarkən başlarını qırxmayacaq, saqqallarının uclarını kəsməyəcək, bədənlərini yaralamayacaqlar” (Tövrat, Levlilər, Lev 21, 5). Bizə ən düzgün, ən həqiqət olan, dəyişməyən və dəyişdirilməyən Qurani Kərim kifayət edər. Lakin bəzi əvvəlki kitablardan da sitatlar yazdım ki, qəlbində saqqala qarşı kini, nifrəti və düşmənçiliyi olan əmin olsun ki, Allah təala ilk insanı yaradandan bu saqqallı olmağı, saqqal saxlamağı, saqqalın firtrətdən olmağını bizə xəbər vermişdir. Allah təala Qurani Kərimdə buyurur ki: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir” (Qurani Kərim, əl-Həşr surəsi, 7-ci ayə), başqa bir ayədə isə belə buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə). Bu ayələrdə Allah təala biz möminlərə, müsəlmanlara əmr edir ki, biz müsəlmanlar, biz bütün möminlər həm xarici görünüşdə, həm həyat tərzində, həm əxlaqda, həm adətdə, bir sözlə həyatın bütün sahələrində Allah Rəsulunun (ona və ailəsinə salam olsun) yoluna, sünnətinə tabe olaq. Allah Rəsulunun (ona və ailəsinə salam olsun) yoluna tabe olmaq İslam dinini daha doğru başa düşmək, daha doğru yaşamağın yeganə yoludur. Allah təala buyurur ki, “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik” (ən-Nisa surəsi 80). Bu ayə onu göstərir ki, biz insanlar Allahın və göndərdiyi peyğəmbərinin (ona və ailəsinə salam olsun) hər bir əmrini mütləq yerinə yetirməliyik.
Allah Rəsulu (ona və ailəsinə salam olsun) öz ümmətini, yəni bizləri, müsəlmanları, möminləri geyim-kecimdə, zahiri görünüşdə, başqa seçkin xüsusiyyətlərdə müşriklərə bənzəməkdən uzaq durmağı əmr etmişdir: Allahın Rəsulu (ona və ailəsinə salam olsun) buyurmuşdur: “Kim bir qövmə bənzəyərsə onlardandır” (Əbu Davud, Libas, 4). Bu hədislə və buna bənzər başqa hədsilərlə, sözləri ilə, nəsihətləri ilə müsəlmanları xəbərdar etmişdir. Xüsusi ilə müsəlman kişilərin saqqallarına əl dəyməmələrini, bığlarını isə qısaltmalarını onlara əmr etmişdir. Aişədən (Allah ondan razı olsun) gələn bir hədisdə Allahın Rəsulu (ona və ailəsinə salam olsun) buyurmuşdur: “On şey fitrətdəndir: Bığları qısaltmaq, saqqalı uzatmaq (əl dəyməmək, qırxmamaq), misvaq ilə ağızı, dişləri təmizləmək, su ilə burnu təmizləmək, dırnaqları kəsmək, kirli olan yerləri yumaq, qoltuq altındakı tükləri təmizləmək, ön tərəf övrət yerlərinin tüklərini təmizləmək, nəcasətdən və bövldən sonra həmin orqanları yuyub təmizləməkdir” (Müslim, Təharət 56, Əbu Davud, Təharət 29, Nəsai, Zinət 1). Allahın Rəsulu (ona və ailəsinə salam olsun) digər bir sözündə belə buyurmuşdur: “Bığları çox qısaldın, saqqalları uzadın (əl dəyməyin)”, başqa sözündə “Müşriklərə müxalifət edin, bığları qısaldın, saqqalları uzadın (artırın)”, digər sözündə “bığları çox qısaldın, saqqalları uzadın”, başqa sözündə “Bığları kəsin, saqqallara əl dəyməyin, məcusilərə bənzəməyin” (Buxari, Libas 64, Müslim Təharət 54) buyurmuş və müsəlmanları saqqal saxlamağı əmr etmişdir.
Saqqal, hədisdə də buyrulduğu kimi, yaradılış fitrəti olaraq kişilərdə olması vacib olan və daha əvvəlki peyğəmbərlərin sünnəti (yolu) olan bir görünüşdür. Sayı çox olan etibarlı, səhih hədislərdə saqqalların təbii hallarda qalması şərti ilə əl dəyməməklə uzadılması əmr edilmişdir. Saqqalın qısaldılması barəsində heç bir icazə yoxdur. Ancaq Allahın Rəsulu (ona və ailəsinə salam olsun) saqqalının ucundan və yanlarından alardı (Tirmizi, ədəb, 17). Allahın və Rəsulunun əmrindən çıxmaq şeytana tabe olmaq deməkdir. Təəsüf ki, bu gün şeytan bir çox müsəlmanları özünə tabe etdirmişdir. Allah təala onun barəsində belə buyurur: “Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır” (Ən-Nisa 118-119). Bir çox təfsirçilər bu ayədə saqqal qırxmağın şeytana tabe olmaq olduğunu qeyd etmişlər. Allah təala bizi şeytana tabe olmaqdan uzaqlaşdırsın. Amin!
Əlbəttə bugün cəmiyyətdə daha vacib məsələlər var. Bəzi insanlar mənim saqqal haqqında yazmağımdan narazı olub məni qınayacaqlar. Bu onların öz işləridir. Ancaq biz saqqal saxlayanda doğrudan da şeytan çox narahat olur. Əvvəlcə özümüzdə narahatlıq və vəsvəsə edir, bir müddət sonra biz saqqala davam etdikcə növbə valideynlər tərəfdən gəlir. Sonra onlar bizi qınayır, bizim üzmüzün qırxılmasını bizə nəsihət edirlər. Bizdən üz döndərirlər, qohum-əqrəbalar müxtəlif böhtanlar atır, şər deyir, olmayan günahları da saqqal saxlayanların üstünə atırlar. Daha sonra bu pilləni keçəndən sonra şeytan başqa yollardan üzərimizə hücumlar edir ki, biz Allahın əmrindən çıxaq. Ya işdə, ya evdə, ya qonşuda, ya qohumlar arasında, bir sözlə cəmiyyətin bütün təbəqələri arasında saqqal saxlayan müsəlmanlar haqqında müxtəlif dedi-qodular, böhtanlar deyilir. Bununla da bizdə narahatçılıq yaradır. Amma uca Allah söz verdiyi kimi şeytanın hiyləsi çox zəifdir. O ancaq danışa bilir, qəzəblənə bilir. Onun qapıları çox dardır, təəssüf ki, ona bütün qapılarda oturmağa icazə verilib. Bu da bir imtahan üçündür. Bununla uca Rəbbimiz bizi müxtəlif sınaqlara çəkir. Bizim yeganə çarəmiz Allaha və sonra Rəsuluna (ona və ailəsinə salam olsun) itaət etməkdir. Allah təala bizim cəmiyyətdə müsəlmanların hamısına kömək olsun. Amin!
ƏKRƏM HƏSƏNOV (İLAHİYYATÇI)
Hiç yorum yok:
Yorum Gönder