Təklif edirəm ki, bizdə, vətənimizdə siqaretin üzərinə “Siqaret çəkmək
sizin sağlamlığınıza ziyan vurur” sözü “Siqaret öldürür” sözü ilə əvəz olunsun.
Belə olduqda istər-istəməz mən siqareti alanda məndə qorxu yaranacaq. Əlimi
siqaretə uzadanda əlimə deyəcəm onu alma. Dodaqlarım arasına siqareti qoyanda
dodaqlarıma deyəcəm onu tutma.
Malımı ona xərcləyəndə özüm-özümlə sorğu-sual
aparacam. Dayan! Təhlükəlidir! Siqaret öldürür.
Bu mövzu bu gün müzakirə olunur. Ancaq bununla bağlı ciddi islahatlar
aparılmır. Axı siqaret çox az şəxslərin cibinə pul aparanda çox şəxslərin
cibindən pulunu, sağlamlığını, həyatının yarısını aparır. İnsanları suallar çox
düşündürür. Necə olur ki, axı onda uzun ömürlü insanlardan da siqaret çəkənlər
olur. Əgər siqaret ömürü azaldırsa bəs nə üçün bu uzun ömürlü şəxslər ömrü boyu
siqaret çəkiblər, ömürləri azalmayıb. Bu suallar insanları rahatlaşdırır. Rahat
olmamaq üçün siqaret qutularına “Siqaret öldürür” yazılmalıdır.
Təəssüf edirik ki, bu gün biz müsəlmanlar bir çox xəstəliyə tutulmuş
və pis adətlər əldə etmişik. Səhih İslam əqidəsindən uzaqlaşmaqla baş verən zəiflik,
haramların mübahlar kimi yayılması bizi əhatə edib. Nə qədər çalışırıq özümüzü
düzəldə bilmirik. Əllərimizlə özümüzü təhlükəyə atırıq.
Bu təhlükələrdən biri, bəlkə də ən əhəmiyyətlisi ümumiyyətlə dünyamızı,
cəmiyyətimizi, xüsusi ilə də gəncliyimizi təhdid edən narkotika, içki və
siqaret asılılığıdır.
Təxminən 1492-ci ildə bəzi dənizçilərin Amerikanı kəşf etmələriylə əldə
etdikləri tütünün, İslam torpaqlarında ilk dəfə yayılması hicrətin onuncu əsrinin
sonlarına təsadüf edir. Siqaretin ilk idxalçıları da Xristianlar olmuşdur.
Siqaretin tərkibində ən az 250 xərçəng əmələ gətirən 4000 zəhərli
maddə vardır. Bunlardan Karbon monoksit (rəngsiz, iysiz, dadsız zəhərləyici qaz),
Arsenik (siçan zəhəri), Hidrogen siyanür (qaz otaqları zəhəri), DDT (böcək
öldürücü zəhər), Metanol (mərmi yanacağı), Radon (radiasiya), Toluen (tiner),
Kadmiyum (ağı metalı), Bütan (balon qaz), Aseton (lak həll edici), Naftalin
(güvə qovucu), Amonyak (tualet təmizləyici) və s. kimi zəhərlərdir.
Bilinən bir həqiqətdir ki qoyun, keçi, inək, öküz, uzunqulaq, camış,
dovşan kimi ev heyvanları, bu qədər zəhəri içində saxlayan tütün yarpaqlarını
yemirlər.
Bədənə; xərçəng, ağız, dodaq, dil və boğaz xəstəlikləri, həzm, tənəffüs
və sinir sistemi narahatlıqları, ürək və damar xəstəlikləri, sidik yolları və
tenasül orqanlarına mənfi təsiri kimi bir çox zərərləri vardır.
Dəyişik xəstəliklərə səbəb olması ilə bərabər iqtisadi zərərləri də
çoxdur. Yanğınlara səbəb olmaqla bərabər ətraf mühitə və ümmətin, cəmiyyətin zərərinə
olan bir çox müsibətlərə yol açmaqdadır.
Bir nəfəs siqaret, təxminən 50000 beyin hüceyrəsinin ölməsinə səbəb
olur. Siqaret səbəbindən bütün dünyada hər il təxminən 5000000, Türkiyədə 100000-dan
çox insan həyatını itirməkdədir. Hazırda
təxmini hesablamalara görə, hər gün 2 nəfər siqaret çəkənin ağciyər, ağız nahiyəsi
vərəminə tutulduğu, 1 nəfərin də "tüstü"dən öldüyü məlumdur. Azərbaycanda 3 milyona yaxın siqaret çəkən
olduğu təxmin edilir ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.
İslam dininə görə bu məsələyə yanaşdıqda deyə bilərik ki, Peyğəmbərin
(səlləllahu aleyhi və səlləm) vaxtında siqaret yox idi. Buna baxmayaraq islam
dinində Qiyamətə qədər hər zamana və məkana xitab edəcək bir çox məsələləri əhatə
edən prinsiplər vardır. Bu prinsiplər və qaydalar çərçivəsində xarici müdaxilələrə
qarşı sanki bir qala mövqeyində olan böyük fiqh alimlərimiz, zamanla gündəmə gələn
və inkişaf edən hadisələri incələyərək müsəlmanları maarifləndirməklə müsəlman
ümmətinin fəlakətə düşməsinə - Allahın izni ilə - mane olmuşlar. Siqaret çəkməyin
qadağan olunmasında etibarlı olan məhz bu prinsiplərdir. Bəzi dəlilləri qeyd edərək
alimlərin “siqaretin haramlığı” barəsində olan qiymətli təsbitlərini
açıqlayacağıq.
Əvvəlcə siqaretin haram olmasına aid dəlil olan Allahın bizə nazil
etdiyi Quran ayələri və daha sonra Rəsulullah səllallahu aleyhi və səlləmin hədislərində
bizə xəbərdarlıq etdiyi məsələləri, əvvəlcə siqaret çəkənlərə, daha sonra da
özümüzə və bütün müsəlmanlara çatdıraq ki, bu xəstəlikdən təcili xilas ola bilək!
1. “(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar,
pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri
haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar
(şəriətin çətin hökmlərini götürər)” (əl-Əraf (Sədd) surəsi, 157).
Ağılı sağlam olan heç bir insan, siqaretin “təmiz və gözəl” şeylər əhatəsinə
girib girmədiyində şübhə etməz. Siqaretin - ayədəki ifadəylə - “xəbis, pis,
murdar” şeylər sinifindən olmasında şübhə yoxdur. Çünki “xəbis, pis”in lüğət mənasının,
“dad və ya iy”inin “diksinmə verdiyi şey” mənasında olduğu bilinir. Bu da
siqaretin xüsusiyyətlərindəndir. İstər alimlər, istərsə də həkimlər, siqaretin
“xəbis, pis, murdar” şeylər sinifinə daxil olmasında eyni fikirdədirlər.
2. “Qohum-əqrabaya da,
miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda
(mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən,
(malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə
Rəbbinə qarşı nankordur!” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail
oğulları) surəsi, 26-27).
3. “...lakin israf etməyin.
(Allah) israf edənləri sevməz!” (əl-Ənam (Davar) surəsi, 141).
4. “Allahın sizə dolanmaq
üçün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum təyin etdiyi yetim
malını) səfehlərə (ağılsızların əlinə) verməyin” (ən-Nisa (Qadınlar) surəsi,
5).
Ayələrdə zikr olunan "ağılsızlar" sözü, “malından istifadə
zamanı qənaət etməyənlər” üçün istifadə olunmuşdur.
Rəsulullah səllallahu aleyhi və səlləm də “Boş yerə söz danışmaq,
(lazımsız) çox sual soruşmaq və malı məhv etmək sizə məkruh edildi” (Buxari, Müslim)
buyurmuşdur. Bir şeyin məkruh olması halaldan çox, harama yaxın olmasıdır.
5. Siqaretin, malın itməsinə
səbəb olduğuna şübhə olmadığı kimi o, “(O qida onlara) nə qüvvət verər, nə də
aclıqdan qurtarar” (əl-Ğaşiyə (Bürüyən) surəsi, 7) ayəsindəki təbirə də çox
uyğun gəlir.
6. “Öz əlinizlə özünüzü təhlükəyə
atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir” (əl-Bəqərə (İnək)
surəsi, 195). Siqaretin xərçəng
kimi öldürücü xəstəliklərə səbəb olduğu tibbən isbat edilmişdir.
7. “...və özünüzü öldürməyin!
Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!” (ən-Nisa (Qadınlar) surəsi, 29). Bu ayənin təfsirində İbn Kəsir
(Allah ona rəhmət etsin): “Allahın haramlarını işləmək və Onun günah saydıqlarını
etməklə özünüzü öldürməyin” deməkdədir. Siqaretdən asılı olan bir şəxs, özünü yox edəcək səbəblərə
sarılmaqda və özünü bir çox xəstəliyə hədəf etməkdədir. Alimlər; zəhər, torpaq,
şüşə, daş və buna bənzər maddələrin yeyilməsinin haram olduğunu ifadə etmişlər.
Çünki bunlar sağlamlığa zərər verməkdədir.
8. Rəsulullah səllallahu aleyhi və səlləm,
“Hər kim zəhər içib özünü öldürsə cəhənnəm atəşində əbədi olaraq o zəhəri içəcəkdir”
(Buxari, Müslim) buyurmuştur. Siqaret, yavaş reallaşan bir intihardır. Öldükdən sonra, ölüm səbəbinin
siqaret olduğu aydın olan bir kimsə intihar etmiş sayılar (Allah qorusun).
-İstər doğru istər bilvasitə yollardan, sürətli və ya yavaş- adamın, ölümünə səbəb
olması haramdır. Nəticə birdir; siqaret asılılığı olan birinin özünü ölümə sürükləməsində
də hər hansısa bir şübhə yoxdur. Siqaretin, adamı ölümə aparmadığını fərz etsək
belə heç olmasa onu, güc və qüvvətdən düşürəcək dərəcədə müxtəlif yoluxucu xəstəliklərə
mübtəla etməsini dəqiq bilməliyik!
9. “Rəsulullah
səllallahu aleyhi və səlləm, bütün uyuşturucu və boşaldıcı maddələri qadağan
etdi” (Əhməd, Əbu Davud). Hədisdə keçən
“boşaldıcı” sözü, “bədəndə boşalma, üzvlərdə keyləşmə meydana gətirən maddə” mənasındadır.
Narkamanların belə təsirlənmməsi, əsl etibarı ilə haramlığına xələl gətirməz.
Yəni narkamanlarda boşalma və keyləşmə olmaması siqaretin haramlığını azaltmır.
Bundan başqa siqareti, içki ilə də müqayisə edən alimlər olmuşdur. “Çoxu sərxoşluq
verən şeyin azı da haramdır” deyərək siqaretin haramlığına bunu da dəlil gətirmişlər.
İçkiyə yeni başlayan birinin sərxoş olması üçün bir neçə damla bəs edərkən
spirtli birinin bəzən bir qədəh dolusu içkidən təsirlənmədiyi müşahidə
olunmuşdur. Siqaret də eyni şəkildə xüsusi ilə yeni başlayanlar, bir dövrə ara
verdikdən sonra təkrar başlayanlar və yeməkdən sonra çəkənlər üçün sinirləri
boşaldan, narkotik bir xüsusiyyətə malikdir.
10. “Dində zərər vurmaq və zərərə zərərlə
cavab vermək yoxdur” (Müslim). Siqaret, hər cəhətdən zərərlidir; həm çəkənə, həm də ətrafındakılara zərəri
toxunur. “...hər
ikisinin də (içki və qumar) günahı faydasından daha böyükdür” (Bəqərə, 219).
Siqaretin bəzi faydalı tərəfləri
olduğunu fərz etsək belə, nəzərdə tutulan faydanın əksinə olaraq reallaşan zaərərləri
müqayisə edib hansının daha böyük olduğuna baxmağımız lazımdır. Ancaq həqiqətə
qarşı gözlərini bağlayan, həqiqəti axtarmayan və nəfsinin əsiri olan bir insan,
siqaretin haram olmasında şübhə edər. Amma əhəmiyyətli olan insanın nəyə inandığı
deyil, həqiqətin nə olduğudur.
11. Rəsulullah səllallahu aleyhi və səlləm
buyurub: “Kim sarımsaq və ya soğan yeyərsə bizə və məscidimizə uzaq dayanıb
evində otursun” (Müslim). Siqaret, diksindirmə, iyrəndirmə və narahat etmədə soğan və sarımsaqdan
daha pisdir və ya heç olmasa onlardan geri qalan bir tərəfi də yoxdur. Məsələn,
Cümə və camaat namazlarında gözəl ətir sürtmənin sünnət olduğu və siqaretin də
bu sünnəyə zidd olduğu bir həqiqətdir.
12. “Yaxşı dostla pis dostun misalı,
müşk daşıyan biriylə köz üfürən birinə bənzəyər” (Buxari, Müslim). Yəni siqaret çəkən pis yoldaş
sinifinə girər, çünki sənə atəş, tüstü və zəhər üfürməkdədir.
13. “Müsəlman, müsəlmanların əlindən və
dilindən salamat olduğu kimsədir” (Buxari). Görəsən müsəlmanlar siqaret çəkən
birinin zərərindən salamatçılıqda olarlarmı?
14. “Allaha və axirət gününə inanan
biri qonşusuna əziyyət verməsin” (Buxari). Siqaret asılığı olan, siqaret çəkməklə bərabər, dostlarına,
övladlarına, qonşusuna bir sözlə bütün cəmiyyətə əziyyət verməkdədir. Bundan
başqa siqaret çəkən adam əgər məscid camaatındandırsa müsəlmanlara və mələklərə
də əziyyət verir. İnsanlara verdikləri əziyyətlər səbəbilə siqaret çəkənlər,
qul haqqına girməkdə, açıq-aşkar günah işləməkdədirlər.
15. “Günahları açıq-aşkar işləyənlər
xaric bütün ümmeətim bağışlanacaq” (Buxari, Müslim) Buna görə də siqaret,
bağışlanmayacaq olan açıq üsyanlardan biri ola bilər.
16. “Bir qövmə bənzəyən onlardandır”
(Əbu Davud). Siqaret,
müstəmləkəçilərin özlərindən sonra geridə qoyduqları vərdişlərdəndir. Bu mənada
siqaret çəkmək ruhi bir çöküntünün ifadəsi olub kafirlərə bənzəməyin bir göstəricisidir.
Çünki, bu xəstəliyi, İslam torpaqlarına gətirib xüsusilə gənclər arasında
yayanlar müstəmləkəçilərdən başqası deyildir. Eyni zamanda siqaret, ağız və
burunlarından tüstü çıxaran cəhənnəm əhlinin vəziyyətini də xatırladır.
17. “Qiyamət günü adam, dörd şeydən: Ömürünü
haralarda keçirməsindən, bədənini nə uğrunda çürütməsindən, malını haradan qazanıb
haraya xərcləməsindən və elmi ilə əməl edib etməməsindən soruşulmadıqca yerindən
tərpənməz” (Tirmizi). Ömürünü
siqaret çəkməklə keçirən, haram olduğunu bildiyi halda çəkməkdə israr edən,
malını faydasız yerə xərcləyən, bədəninə zərər verən, malını siqaret ticarətindən
qazanan və şeytanın pencərələrindən biri olan siqaret sayəsində vücudunu istədiyi
kimi oynaması və gəzməsi üçün şeytana açan bir siqaret asılısı görəsən qiyamət
günü nə cavab verə bilər!?.
Ey ağıl sahibi olan Müsəlman qardaşım!
Siqaret, adamı Allaha zikr və ibadət etməkdən, xüsusi ilə də oruc
ibadətindən saxlayır. Oruc, siqaret mübtəlalarına olduqca ağır gələn bir
ibadətdir. Siqaret mübtəlası olanlar məsciddə etikafa girməkdən, uzun uzadı
Quran oxumaqdan, zikr (Quran) məclisləri və dərslərdə olmaqdan və namaza erkəndən
hazır olmaqdan xoşlanmazlar. Onların hamısı camaat namazlarına gəlməz, gəldiklərində
də siqareti, (ancaq) məscidin qapısında qüvvətli bir nəfəs aldıqdan sonra
ataraq içəri girərlər. Halbuki sünnənin gərəyi olaraq bir camaata girərkən ətirlənmək
lazımlıdır.
Şəriətin əsas
qaydaları, siqareti haram edir.
Minlərlə hökmü əhatə edən əsas qaydalara bəzi
nümunələr verək:
- Zərər vermək də, zərərə zərərlə qarşılıq vermək də yoxdur.
- Faydalı şeylərdə əsl olan ibaha (mübahlıq), zərərli şeylərdə əsl olan
da təhrimdir (haramlıqdır).
- Zərərləri aradan qaldırmaq, fayda və qazanc təmin etməkdən daha əvvəl
gəlir.
- Bir mövzuda haramla halal bərabər olsa haram qalib gəlir.
- İslam, insan həyatının ən əhəmiyyətli beş dəyərini qorumağı prioritet
hədəf olaraq təyin etmiş və bunlara yönələn bütün təhdid və təhlükələri önləmək
üçün hökmlər qoymuşdur. Bu beş dəyər; can, din, mal, ağıl və nəsildir.
Siqaret; xəstəliklərə və ölümə səbəb olduğundan “can”ı qoruma qanununa
zidddir. Siqaretə verilən pul tamamilə israf olduğundan “mal”ı qoruma qanununa
zidddir. Siqaret çəkən ana və ataların, uşaqlarına ciddi zərərlər verdiyindən
ötəri “nəsilin” qorunması qanununa zidddir. Siqaretin bütün bu zərərlərinə
baxmayaraq onu israrla çəkmək “ağılın” qorunması qanununa zidddir. Dinin əvvəlcə
qorumağı hədəflədiyi dəyərləri arxa plana atdığından, “din”in qorunması
qanununa da zidddir.
Yuxarıda zikr olunan heç bir dəlilin
etibarlı olmadığını fərz etsək belə siqaretin, heç olmasa çəkinməklə əmr
olunduğumuz şübhəli məsələlər əhatəsinə girdiğini deyə bilərik. Buxari və
Müslimin rəvayət etdiyi hədisdə Rəsulullah səllallahu aleyhi və səlləm: “Halal
da haram da açıqdır. Bu ikisinin arasında insanların çoxunun bilmədiyi şübhəli,
qarışıq məsələlər vardır. Hər kim bu şübhəli məsələlərdən çəkinsə şübhəsiz ki,
dinini və ismətini qorumuş olar. Hər kim bu şübhəli sahəyə düşsə harama girmiş
olar” buyurmuşdur.
Bilməliyik ki halal, təmiz və
faydalı olan şeylər; haram, murdar, pis, xəbis və zərərli olan şeylərdir.
Bütün bu dəlilləri diqqətə
almayanlar - nəfsləri haqqında - Allahdan qorxmalı və tez-gec tövbə etməlidirlər.
Şübhəsiz ki, Allah, tövbələri qəbul edən və rəhməti çox olandır.
Bilinməsi lazım olan bir başqa
xüsusiyyət də budur: Siqaret, ilk çıxdığı zamanlar alimlərin bir qismi bunun
mahiyyətindən xəbərsiz idi. Siqaretin narkotikmi, boşaldıcımı (rahatlıq
vericimi) olduğunu, sağlamlığa zərər verib-vermədiyini qəti məlumatlarla
bilmirdilər. Bu səbəblə siqaretin, haram və ya təhrimən məkruh olduğu şəklində
alimlər arasında fikir ayrılıqları meydana gəlmişdir. Bəziləri, təsirlənənlərə
haram, təsirlənməyənlərə mübah olduğunu söyləmişlər. Burası şübhə olmayan bir
xüsusdur ki, siqaretin məkruh olduğunu söyləyən köhnə alimlər – ki, onlar azdırlar
-, siqaretin bu gün ortaya çıxan həqiqətini bilsəydilər, haramlığı mövzusunda əsla
tərəddüd etməzdilər. Çünki, onlar dinin ümumi prinsiplərini və şəri qaydaları
çox yaxşı bilirdilər.
Bunlardan sonra yenə də siqaretin
haramlığına qərara gəlməyənlərə bunları soruşmaq lazımdır: Siqaret haram
deyilsə niyə onu məscidlərdə, mübarək məkanlarda çəkmirlər!? Normal bir
qidadırsa niyə hər yerdə rahatlıqla çəkə bilməzlər?! Niyə uşaqlar çəkəndə hirslənər,
böyüklər çəkəndə susarlar. Gözəl bir şeydirsə uşaqların günahı nədir ki, onları
məhrum edirlər?! Görəsən niyə Allahın təmiz nemətlərində olduğu kimi siqaretə də
bismilləh deyərək başlayıb həmd və şükürlə bitirmirlər?! Allah təalanın bir neməti
qismət olanda ONA şükr etdikləri kimi əllərinə bir siqaret keçdikdə də şükr
edirlərmi?!
İnsan, Allahdan qorxmalıdır. Dəfələrlə
bəzilərinin qarşısında siqaret çəkməkdən çəkinər, ona baxarkən siqaret çəkməkdən
qayğılanar, amma Allahdan çəkinməz, utanmaz, həya etmez?!
“Əgər (həqiqi) möminlərsinizsə,
bilin ki qorxmağınız lazım olan yalnız Allahdır” (Tövbə, 13).
Son olaraq bunu da soruşa bilərik:
Görəsən siqaret, adamın yaxşılıqlar və pisliklər tərəzisindən hansına
qoyulacaq?
Bəli, bütün bunlar qarşısında nə
kimi bir nəticəyə gəlmək olar?
Müsəlman, hesab günü gəlməzdən əvvəl
özünü hesaba çəkməli, Allahdan bunu tərk etmək üçün kömək istəməlidir. Kim
Allah üçün bir şeyi tərk etsə Allah ona köməyini bəxş edər, ona daha xeyirlisini
nəsib edər. Səbr etməlidir, şübhəsiz Allah səbr edənlərlə bərabərdir. Kim səbr
etməyə cəhd göstərsə Allah da onu səbirli edər.
Siqaret mübtəlaları (narkamanları)
bu duanı çox oxumağa cəhd göstərməlidir: “Allahım, bizi siqaret bəlasından, cəhənnəm
əzabından, əziyyət və həlakdan qurtar. Bədənimizi
və səhhətimizi qorumağı nəsib et. Qəlblərimizi və
ağızlarımızı təmiz və pak
et. Ağıllarımıza və anlayışımıza doğru istiqamət ver.
Bizi ən doğru olan əxlaq və adətlərə hidayət et. İmanı, gözəl sözü, gözəl ətiri və gözəl əməli bizə sevdir. Şübhəsiz sən, eşidən və razı qalansan! Amin!”.
Əkrəm Həsənov (ilahiyyatçı,
ilahiyyat üzrə elmlər doktorluğu ərəfəsində).
Məqaləni Abdullah
Yolçunun “Din və Sağlamlıq Baxımından Siqaretin Zərərləri” məqaləsindən,
internet resuslarından, bir çox islam mənbələrindən istifadə edərək
hazırlamışam. Məqalənin bütün hüquqları qorunur və ilahiyyatçı, ilahiyyat üzrə
elmlər doktorluğu ərəfəsində olan Əkrəm Bəhram oğlu Həsənova aiddir.
12 May
2013-cü il.
Hiç yorum yok:
Yorum Gönder