08 Şubat 2013

Hər gün sevgililər günü olsun.



Beynəlxalq aləmdə məşhur olan günləri qeyd etmək adəti vardır ki, bizim də vətəndaşlarımız, mətbuat, kütləvi-informasiya vasitələrimiz belə günləri ictimaiyyətə xatırladırlar. Bu günlərdən biri də “Sevgililər günü”, “Sevgililər bayramı”, “Valentin günü” adlanır. Bu günün tarixi haqqında qısa açıqlama verməzdən əvvəl, bu günün islamla bağlı olmayan bir gün olduğunu qeyd etmək istəyirik. Müsəlmanların çoxu bu günü təntənəli şəkildə keçirmənin günah olduğunu bilmirlər. Başqa dinlərdən, hətta həmin dinlərin və dindarların da bəyənmədiyi bayramların müsəlmanların çox həvəslə keçirmələrinin əsasında müsəlmanların çoxunun islam dininin sevgiyə necə böyük yer verməsindən xəbərsiz olmaları dayanır.  
Sevgilər gününün başlanğıc tarixi qədim Roma İmperiyasının dövrünə təsadüf edir. Qədim Romada 14 Fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Romalılar inanırdılar ki, Allah təala Roma kraliçası Junonu sevir, ona görə ona krlaiçalıq verib. Ona olan əsassız hörmətə görə Romalılar müəyyən bir gün 14 Fevral gününü təyin edib həmin gündə kraliçanın şərəfinə bir yerə toplanırdılar. Onların batil inancına görə Allah təala yalnız bu qızın duasını eşidirdi. Ona görə də ona böyük hörmət edirdilər. Bəzi müsəlmanlar Allaha yaxınlaşmaq üçün özlərinə hansısa pirləri, seyidləri, ölüb dünyasını dəyişmiş övliyaları vasitəçi götürdükləri kimi Romalılar da bu qızı həddən artıq şişirmiş və onu Allah qədər ucaltmışdılar. Juno adlı bu kraliça ayrıca Roma xalqı tərəfindən qadınlıq və evlilik tanrıçası olaraq da bilinirdi. Bu günü izləyən 15 Fevral günündə isə Lupercalia Bayramı başlayırdı.
Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyatda şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Lupercalia Bayramının ərəfə günü edilən bir çəkiliş ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılırdısa o qızla bayram əyləncələri boyunca birlikdə olurdular. Bu birlikdəliklər bir-birinə aşiq olan cütlər üçün bayram müddəti bitdikdən sonra evliliklə sonlanırdı.
İmperator II Claudius, Romanı öz bərk qaydaları ilə zalımca idarə edən bir hökmdar idi. Onun üçün ən böyük problem ordusunda döyüşəcək əsgər tapa bilməmək idi. Ona görə bu vəziyyətin tək səbəbi Romalı kişilərin eşqlərini və ailələrini buraxmaq istəməmələri idi. Buna görə Romadakı bütün nişan və evlilikləri qaldırdı. Əziz Valentine də Claudiusun hökmdarlığı zamanında Romada yaşayan bir keşiş idi. Özü kimi keşiş olan Əziz Marius ilə birlikdə Claudiusun qadağanına baxmayaraq gizlicə cütləri evləndirməyə davam etdi. Ancaq imperator bu vəziyyəti bir müddət sonra öyrəndi. Əziz Valentine insanları evləndirməyə davam etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq çubuq ilə döyülərək öldürüldü. Miladdan sonra 270 ilinin 14 Fevralında Xristian şəhidliyinə basdırıldı.
Eyni zamanlarda Romadakı bütpərəstlər, fevral ayı içində qeyd olunan Lupercalia Bayramını öz bütpərəst tanrıları üçün qeyd edirdilər. Bayram əvvəli edilən ənənəvi çəkilişi isə seromoniye bağlı qalaraq özləri üçün tətbiqə başladılar. Xristian Kilsəsinin ilk qurulduğu illərdə xidmət edən keşişlər bu mərasimlərin, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlər ilə birlikdə xatırlanmasından narahat olduqları üçün bir həll tapdılar. Bu gənclərin adlarının əzizlərlə birlikdə xatırlanmasını istədikləri üçün Lupercalia Bayramının başladığı günü Əziz Valentine Günü olaraq qeyd etməyə başladılar. O gündən bəri xaristianlar hər ilin 14 Fevral gününü Sevgililər Günü olaraq qeyd etməyə davam edir və yer üzündə qadın və kişi birlikdə olduğu müddətcə də qeyd edəcəklərini əsas prinsip kimi özlərinə gütürüblər.
İslam dininə görə isə həm yəhudilər, həm də xristianlar Allahın Rəsulu Muhammədi peyğəmbər olaraq qəbul etməlidirlər. Yəhudilər və xristianlar son peyğəmbəri peyğəmbər kimi qəbul etmədiklərinə görə uca Allah və sonra göndərdiyi peyğəmbəri biz müsəlmanlara yəhudilərin və xristianların bayramlarını keçirməyə icazə vermirlər. Çünki onlar əvəvlki peyğəmbərləri təsdiq edən sonuncu Peyğəmbər Məhəmmədi peyğəmbər olaraq qəbul etmirlər. Islam dininə görə imanın altı əsası var. Bunlardan biri də peyğəmbərlərə inanmaqdır. Həmçinin Muhamməd peyğəmbərə inanmaq isə imanın Allaha imandan sonra ikinci sütunudur. Allaha və peyğəmbərə inanmaqla insan müsəlman olmasını etiraf edir. Müsəlmanın isə başqa dinlərdə olan bayramları keçirməyə icazələri yoxdur. 
Çox böyük qərb dünyası və qərb mediyası islama qarşı düşmənçilikləri ucbatından müsəlmanların arasında yazıb yaydıqları çox böyük yalanlardan biri də “Sevgililər günü” aldatmacasıdır. Günləri xüsusiləşdirmək, hər gün insana dəyər verməyi deyən islama qarşı aparılan ən böyük yəhudi və xristian təbliğlərindən biri də “Sevgililər günü”dür. Bu xüsusi günlərin böyük qərb dövlətləri, qərb mətbuatı tərəfindən qabardılmasının əsas məqsədlərindən biri də müsəlmanları aldadaraq çoxlu xüsusi günlər təsis etmək, bu günlər vasitəsi ilə müsəlmanlar arasında soyuqluq yaratmaq, insanların islamın istədiyi kimi birlikdə daima sıx əlaqədə olması yox, yalnız ilin müəyyən günlərində bir aralarda olmasını təmin etməkdir. Müsəlmanlar isə gündə beş vaxt namazda, buna imkanı olmayan həftənin Cümə günlərində, buna imkanı olmayanlar ildə bir dəfə Ramazan ayında iftar vaxtı bir araya gəlirlər, buna imkanı olmayanlar da ən az ömründə bir dəfə Həcc vaxtı bir yerə cəm olunurlar. Ad günü, sevgililər günü, qadınlar günü kimi xüsusi günlərin təyin olunması ilə insanlar sıx əlaqədən məhrum qalırlar. Bu gün artıq çoxlarımız ancaq yas yerlərində, toy məclislərində, yenə də islamda olmayan adət-ənənələrdə görüşürk.
Gənclərin aldandığı günlərdən biri də 14 Fevral günüdür. Bizlər 14 Fevral haqqında nə bilirik? Demək olar ki, çoxlarımız onun haqqında heç nə bilmirik. 14 Fevral günü başqa günlərdən heç nə ilə fərqlənmir. Onu fərqləndirən heç bir xüsusiyyət yoxdur. Bəzi insanlar bu gün haqqında deyəcəklər ki, bu gün qırmızı qərənfil günüdür, bəziləri deyəcəklər ki, bu gün qəlblərdə sevginin olduğu gündür, bəziləri deyəcəklər ki, bu gün hədiyyə verilən gündür, bəziləri deyəcəklər ki, bu gün sevgililər günüdür, bəziləri deyəcəklər ki, bu gün Valentin günüdür. Yəni insanlar bu günü keçirmək bəhanəsi ilə müxtəlif adlar fikirləşib tapacaqlar. İnsanların çoxusu bu günün qeyd edilməsinin səbəbini bilmədən xristianlarla birlikdə bu günü həvəslə qeyd edirlər. Müsəlmanların çoxu isə bu məsələni bildikdən sonra artıq bu bayramı qeyd etmirlər. Çünki sevgililər günü cahil rumluların xristianlığı qəbul etdikdən sonra ortaya çıxardıqları uydurulmuş bir gündür. Bu bayram kafirlərə aiddir. Ona görə ki, bu gündə çox fahişəliklər, yer üzərində böyük günahlar işlənir. Bütün bunlar Allahın qəzəbinə səbəb olan əməllərdir.
Müsəlmanların kafirlərin bayramlarını keçirməsi, həmin bayramlarda iştirak etməsi icazəli deyil. Nə qədər təmiz və saf müsəlmanlar bu bayramlarda iştirak edərək böyük günahlara düşmüş, artıq dindən çıxaraq özlərinə zərər vurmuşlar. Allah təala buyrur: “Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!” (əl-Maidə (Süfrə) surəsi, 48). Uca Allah buyurur: “Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edələr. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) dəvət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən)” (əl-Həcc (Həcc) surəsi, 67). Allah təala müsəlmanlar üçün bayram edəcəkləri iki böyük günü hədiyyə verib. Qurban bayramı və Ramazan bayramı. Həmçinin müsəlmanların ibadət etmələrini, namaz qılmalarını, oruc tutmalarını, sədəqə vermələrini, Həcc etmələrini, zəkat vermələrini onlara əmr edib. Müsəlmanlar bu cür yaxşılıqlar etməlidirlər. Müşriklərin və başqa minhəcdə olanların bayramını keçirmək olmaz. Çünki müsəlmanların bu cür bayramları keçirməsi kafirlərlə bərabərlik göstərməsi deməkdir. Bu da islamda icazəli deyildir.
Əslində sevmək gözəl nemətdir. Sevgiyə bütün insanlar möhtacdırlar. Qəlblər sevgi ilə rahatlıq tapır. Sevgi qəlbin və ruhun səadətidir. Islam dininə görə sevmək haram deyil. Bütün dinlərdən fərqli olaraq islam dini sevgiyə daha çox yer ayırıb. İslam dininə görə ən təmiz sevgi öz həyat yoldaşına olan sevgidir. Allah təala kişilərin qəlbində qadınların sevgisini yerləşdirmiş və bizə bu sevgidən xəbər vermişdir: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (ər-Rum (Rumlular) surəsi, 21). Allah təala müsəlman kişinin öz həyat yoldaşına olan isti və mehriban sevgisini, müsəlman qadının öz həyat yoldaşına olan isti və mehriban sevgisini bizə belə bildirir: “Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)” (əl-Bəqərə (İnək) surəsi, 187). Allah Rəsulu (ona və ailəsinə salam olsun) öz həyat yoldaşlarını həddən artıq çox sevərdi və bu sevgi ondan başqa digər insanlarda heç vaxt olmayıb. Biz müsəlmanlar da öz həyat yoldaşlarımızı ancaq ilin hansısa bir günündə yox, həmişə sevməli və həmişə imkanlarımız nisbətində onlara hədiyyələr almalıyıq. Bizlər öz dinlərini dəyişənlərin adətlərindən uzaq duraraq Qiyamətə qədər hakim olan islam dininin sevgiyə aid gözəl nümunəsini hər zaman yaşamalı və yaşatmalıyıq.

Əkrəm Həsənov (ilahiyyatçı).

Hiç yorum yok:

Yorum Gönder