14 Şubat 2013

Dövlət başçısının nəsihətləri


İslam alimləri yekdil rəyə gəliblər ki, hər bir dövlətin başında olan dövlət başçısına itaət etmək hamıya vacibdir. Yəni, hər bir ölkənin dövlət başçısına itaət etməyin vacib olması məsələsində bütün islam alimləri həmfikirdirlər.
İslam dininə görə yaşadığın ölkənin dövlət başçısına itaət etmək həmin ölkənin vətəndaşlarına, eyni zamanda həmin ölkəyə gələnlərə vacibdir. Daha doğrusu Allahın əmridir. Kim dövlət başçısına itaət etmiş olarsa Allahın Rəsuluna itaət etmiş olar, kim Allahın Rəsuluna itaət edərsə Allaha itaət etmiş olar. Allah Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurur: “Kim mənə itaət etmiş olarsa Allaha itaət etmiş olar, kim mənə asilik etmiş olarsa Allaha qarşı asilik etmiş olar. Kim təyin etdiyim öz əmirinə (dövlət başçısına) itaət edərsə mənə itaət etmiş olar, kim mənim təyin etdiyim əmirə, dövlət başçısına asilik edərsə mənə asilik etmiş olar” (Buxari, Müslim, Nəsai bu hədisi rəvayət ediblər). İslam alimlərinə görə bütün beynəlxalq aləmdə müsəlman ölkələrinin başçılarına, prezidentlərinə onun xalqı, həmçinin o məmləkətə gələn digər insanlar tabeçilik göstərməlidirlər. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurub: “Müsəlman bir şəxsə sevib sevməməsindən asılı olmayaraq hər bir məsələdə dövlət başçısını dinləyib itaət etməsi vacibdir. Əgər dövlət başçısı ona Allaha asilik olan, günah olan bir məsələni əmr edərsə onda itaət etmir” (Müslim, İmarə, 38).
Bütün dünyada dövlət başçısının bir çox məsələləri həyata keçirməsi üçün böyük səlahiyyətləri vardır. Dövlət başçısı dinin və ölkənin düzgün istiqaməti üçün əhəmiyyətli rol oynayır. Allah Rəsulu da bu məqsədlə peyğəmbər olaraq, dinin və dövlətin başçısı olaraq göndərilmişdir. Həmçinin özü də bir çox ölkələri fəth etdikdən sonra, yəni islamı həmin ölkələrə yaydıqdan sonra həmin ölkələrə dövlət başçıları təyin etmişdir. İslam dininə görə dövlət başçısına itaət etmək, peyğəmbərə və Allaha itaət etmək sayılır. Əgər dövlət başçısı insanlara günah olan bir şeyi əmr edərsə ona itaət vacib olmur. Şükür Allaha ki, nə bizim yaşadığımız dövlət başçısı, nə də digər müsəlman dövlət başçıları ölkə vətəndaşlarına günah işlər görməyi əmr etmir, əksinə insanları günahlardan çəkindirir. İnsanları günahlardan, haramlardan çəkindirdiyi üçün dövlət başçısına itaət etmək vacib olur.
Hamımıza məlum olduğu kimi cənab Prezident İlham Əliyev 12 Fevral 2013-cü ildə Bakı Biznes Mərkəzində “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət məmurlarına çox gözəl nəsihətlər etdi. Həmin nəsihətlərdə insanların bir-birlərinin mallarının haqsız yerə yeyilməsindən əl çəkmələrini onlara bildirdi. Allah təala bu barədə belə buyurur: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (əl-Bəqərə (İnək) surəsi, 188).  Allahın Rəsulu belə buyurub: “Kim yer üzündən haqsız yerə bir qarış torpaq alarsa (aldığı həmin torpaq) yeddi qat yerdən onun boynuna sarılar” (Səhih əl-Buxari, “Əl-Camius-Səhih”, Kitəbul-məzalim, hədis 2320, 2321). Bu cür xoşagəlməz əməllərin tərki haqqında kifayət qədər ayə və hədislər vardır. Haqsız yerə insanlardan pul toplayan, yol kəsən, oğurluq edən, xainlik edən, borc alıb imkanı olduğu halda borcunu qaytarmayan, tərəzidə əskik çəkən, bir malı tapdıqdan sonra öz sahibini axtarmadan onu yeyən, qüsurlu malının qüsurunu gizlədib satan, qumarbaz, müştəriyə malı bazar qiymətindən çox baha verən kimi günah sahibləri də haqsızlıq edənlər qrupuna daxildir ki, bu əməllərdən də çəkinməyimiz ancaq bizim xeyirimizə olacaqdır. Bunun üçün Allahdan kömək istəyirik.
Cənab prezident bir çox ədəb qaydalarına riayət etməyi də tövsiyyə etdi. Bunlardan biri də digər insanlara qarşı aşağıdan yuxarı baxmamaq, özünü digərindən üstün tutmamaq məsələsi idi. Bildiyimiz kimi islam dinində də bu cür xasiyyət Allah tərəfindən sevilmir. Allah üçün hər kəs eynidir. Allah yanında daha hörmətli olan Allahdan ən çox qorxan, ən çox yaxşılıq edən insandır. Allah təala özünü digər insanlardan üstün tutanları təkəbbürlü adlandırır və təkəbbürün böyük günah olduğunu bizə xəbər verir: “Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!” (əl-Mumin (Mömin) surəsi, 27). Başqa bir ayədə Allah təala buyurur: “Allah təkəbbür edənləri sevməz!” (ən-Nəhl (Bal arısı) surəsi, 23). Bəzi alimlər deyiblər ki, Allaha qarşı edilən ilk günah kibirdir (özünü hamıdan böyük tutmaqdır, yəni təkəbbürlü olmaqdır). Çünki Allah təala Qurani Kərimdə belə buyurur: “(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu” (əl-Bəqərə (İnək) surəsi, 34). Kim İblisin etdiyi kimi özünü digər insanlardan üstün tutarsa, Allaha qarşı təkəbbürlülük edərsə heç bir xeyir əldə edə bilməz. Peyğəmbərdən təkəbbürlülük haqqında soruşanda belə cavab verdi: “Həqiqətin səhv göstərilməsi və insanların alçaldılmasıdır” (Səhihdir. Əhməd ibn Hənbəl, əl-Müsnəd). Allah təala belə buyurur: “Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” (Loğman surəsi, 18). İnsanlarla xoş ünsiyyət etmək insana ancaq xeyir verir. Allahdan hər birimizin xeyirli insan olmağımızı istəyirəm.
Cənab prezidentimiz həmçinin israf etməyə də toxundu. İsrafdan əl çəkməyi bizlərə xatırlatdı. İslam dininə görə israf etmək böyük günahlardan sayılır. Allah təala buyurur: “Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!” (əl-Ənam (Davar) surəsi, 141). Allah təala israf edənləri sevmədiyini bizə belə xəbər verir: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf (Sədd) surəsi, 31). İsraf etməyin qadağan olunması haqqında ayələr və hədislər kifayət qədər çoxdur. Bizə düşən vəzifə onları oxuyub özümüzə dərs götürməkdir.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi məsələsi də bizim üçün mühüm ölçü olmalıdır. Bunun üçün cəmiyyətdə geniş maarifləndirmə işləri aparılmalıdır. Televiziya və informasiya vasitələrinin burada rolu əvəz edilməzdir. Cənab Prezidentimizin də qeyd etdiyi kimi rüşvətə qarşı nə qədər mübarizə davam etdirilsə də yenə də insanların çoxu bu günahdan da əl çəkmək istəmirlər. Rüşvətxorluğun böyük bəla olması, inkişafdan geri qoyması haqqında Prezidentimizin tövsiyyələri bizləri bir daha öz islam dinimizə yönləndirir. İslam dinində rüşvət böyük günahlardan hesab olunur. Qurani Kərimdə rüşvət haqqında belə deyilir: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (əl-Bəqərə (İnək) surəsi, 188). Layiq olmayanı layiqli edə bilmək üçün dövlət nümayəndələrinə, icra strukturlarına, hakimlərə və s. kimi səlahiyyətli iş sahiblərinə rüşvət vermək böyük bir zülmdür. Bunu etməklə cəmiyyətdə fəlakətlər, fitnələr, ölüm hadisələri, dağıntılar və s. kimi mənfiliklər ortaya çıxır. Bir hədisdə Allah Rəsulu belə buyurub: “Allah hakimlikdə (dövlət idarəçiliyində) rüşvət alıb verənə lənət etmişdir” (İmam Əhməd, Səhihul-Camii, 2/387). Ancaq hədisdə bildirilən bu təhdidə həqiqətin öz yerini tapması üçün, zülmün qarşısını kəsmək üçün verilən pullar və ya digər qiymətli əşyalar daxil deyil və belə hallarda verilən pul rüşvət sayılmır.
Müasir dövrümüzdə bir çox islam ölkələrində rüşvət alıb vermək o qədər mışhurlaşdı ki, bəzi məmurların aldıqları məvacib aldıqları rüşvətin yanında dəvənin yanında qarışqa kimi oldu. İndiki dövrümüzdə bir çox ölkələrdə bəzi şirkətlər rüşvət xərcləri üçün xüsusi büdcə hazırlayırlar. Bir çox işlər rüşvətlə başlayır və rüşvətlə yekunlaşır. Belə vəziyyətdə kasıb təbəqələr həddən artıq zərər görürlər. Bununla da cəmiyyətdə olan etibar və əmanət duyğuları tamamilə sarsılır. Rüşvət işçilərin pozulmasına, iş sahiblərinin zərər görməsinə səbəb olur. Bir çox dairələrdə rüşvət verməyənlərin işi həyata keçirilmir, gecikdirilir, sonraya saxlanılır. Ümumiyyətlə rüşvət verməyənlərə qarşı xoş olmayan müamilə həyata keçirilir. Dövlət məmurunun rüşvət alması əslində dövlətə böyük zərər gətirir. Çünki dövlətə gələn xeyirin qarşısını onun hansısa məmuru mənimsəyir. Əgər rüşvət olmasa, hər şey ədalətlə icra olunsa həqiqətən də dövlətə və xalqa böyük xeyirlər olar. Buna görə də rüşvət alan lənətlənmişdir. Allah təala bizim maaşlarımızın artması, çoxalması ilə rüşvəti hər birimizdən uzaqlaşdırsın. Amin! Allah təala hər birimizin ruzimizi bollaşdırsın! Amin! Bizi xeyir işlərə müvəffəq edən uca Allaha həmd, şükrlər olsun! Amin!

Əkrəm Həsənov (AMEA, Əlyazmalar institunun elmi işçisi, ilahiyyatçı).
Facebook: Ekrem Hesen

Hiç yorum yok:

Yorum Gönder