26 Aralık 2012

Kimin qəlbi təmizdir?

Bismillah. Mənim müsəlman qardaşım, müsəlman bacım! Niyə kədərlisən? Qəlbin niyə hüznlüdür? Qəlbin sıxılır, səbəbləri çoxdur, məsələn əvvəl tanımadığın bu dünyaya görə problem çəkirsən. Təkcə bu deyil. Başqa problemlərin də var. İnsanlar səninlə görüşəndə xoş danışırlar eləmi? Ancaq arxanca sənə xəbər çatır ki, qulağın eşidir ki, sənin dalınca nələr danışırlar nələr, eləmi? Qohum-əqrəbalarla ünsiyyət qurmaq istəyirsən, onlarla tez-tez ziyarətləşmək istəyirsən, qəlbən onları sevirsən, onların yaxşılığını istəyirsən, yeri gələndə onların işlərində kömək edirsən. Ancaq eşidirsən ki, sənin haqqında xoşagəlməz sözlər danışırlar eləmi? Elədir. Onsuzda bunları yaşadıqca təcrübədən keçiririk. Qəlbimiz qırılır. Bir dəqiqə dayanaq. Qəlbimiz niyə qırılır? Səbəbləri çoxdur. Məsələn, biz bir müsəlman olaraq təmiz qəlbimizdə yaxşılıqların bitməsini istəyirik. Diqqət edək, yadda saxlayaq ki, bizim qəlbimiz tər təmiz bir ərazidir. O ərazidə müxtəlif və əlverişli şəraitlər var. Orada biz istədiyimiz hər bir yaxşı və hər bir pis məhsulu əkə bilərik. Bizim hal-hazırda qəlbimiz əgər pis məhsullarla doludursa ora nəsə yaxşı bir şey əksək pis məhsul onu sıradan çıxara bilər. Yaxşı nə edək? Gəlin birlikdə xatırlayaq. Qəlbimiz hansı fikirlərlə doludur. Sayı-hesabı yoxdur. İndi o qədər problemlərimiz var ki, hamısı yığıllıb, inanın hətta gecələr qoymur hə bizi yatmağa? Niyə? Çünki məhsulu düzgün seçməmişik. Gəlin dəyişiklik edək. Yaxşı gəlin görək problemimiz nədir? Saymayın, hamısıyla tanışam. Biz problemləri gələcəkdə onsuzda sayacayıq. Gəlin indi ilkin olaraq yalnız bu qədər problemlər içərisində birini seçək. Sizdən söz almamış mən seçirəm. Bu da odur ki, nəyə görə bizimlə insanlar üzdə başqa cür davranır, arxamızca başqa cür? Niyə belədir? Səhvi özümüzdə axtaraqmı? Bəli. Yaxşı mən özümdə axtarmıram deyənlərə heç nə deyə bilmərəm. Axı məndə nə səhv var ki, mən yaxşıyam, amma o mənə qarşı yaxşı deyil. Üzdə başqa cürdür, arxamca başqa cürdür. Niyə belədir? Mən isə deyərdim ki, səhv mənim özümdədir. Bunun kökü haradan qaynaqlanır? Qəlbdən. Kimin qəlbindən? Onun? Sənin cavabın mənə maraqlı ola bilər, amma mənim cavabım bəlkə sənə maraqlı olmadı. Çünki mən belə düşünürəm ki, onun mənim arxamca danışması mənim qəlbimdən qaynaqlanır. Niyə? Bəlkə çoxlarınız deyəcəksiniz ki, yox e, sən nə danışırsan. Mənim qəlbim təmizdir. Onu sənə kim dedi? Qəlbinin təmiz olmasına əmin olma. O qədər bu sözü işlətmisən ki, artıq adət halında səndə qalıb, elə iddia edirsən ki, qəlbin təmizdir. Bunu nə ilə sübut edəcəksən, ancaq sübut edib-etməyəcəyindən asılı olmayaraq əslində bu sözdə həqiqət var. Çünki qəlb doğrudan da təmiz olur. Sonra sən orada müxtəlif məhsullar əkməklə onu çirkləndirirsən. Bu məhsulların sayı-hesabı çoxdur. Məsələn biri budur ki, qəlbində həsəd var, məsələn paxıllıq var, məsələn dünya sevgisi var və s. İddia edə bilməzsən ki, bunlar səndə yoxdur. Çünki bütün bunlardan xilas olmaq üçün bütün peyğəmbərlər Allaha dua edib, Allaha sığınıb, Allahdan kömək istəyiblər və qəlblərinin təmiz məhsullarla dolmasına çalışıblar. Bu yolda əlbəttə çətinlik, əziyyət, dedi-qodu və s. kimi maneələr var. İnşallah biz çalışarıq ki, bu maneələri aşmağın yalnız bir yolunu tapaq. O da budur. Sizdə belə bir hal baş verməmiş olmaz. Məsələn biriylə görüşürsünüz, onunla ünsiyyət qurub ayrılanda nəsə qəlbinizdə onunla bağlı sizdə iki təəssüratdan biri yaranır. Birincisi, ya deyirisniz ki, bu çox gözəl insandır, ya da deyirisniz ki, bu çox xoşa gələn deyil. Bunu onun haqqında xasiyətinə görə, geyiminə görə, görünüşünə görə, danışığına görə, münasibətinə görə və s. yaddan çıxardığım bütün xüsusiyyətlərinə görə deyə bilərsiniz. Ancaq heç nə sizin düşündüyünüz və dediyiniz kimi olmaya bilər. Ona görə də qəlbi bilmədən kiminsə haqqına girib onun haqqında olmayan və ona qarşı haqsızlıq olan söz-söhbətlərdən özünüzü uzaq tutun. Salamat qalmağınız üçün ən gözəl yol budur.
İlahiyyatçı

Hiç yorum yok:

Yorum Gönder