Əvvəllər müxtəlif televiziya kanallarında müxtəlif
sahələrə aid ekspertlər dəvət alırdılar və hər sahəyə aid ekspert öz sahəsində
olan məsələləri, məsləhətləri verirdi. Bu ekspertlər arasında ilahiyyatçılar dəvət
olunmurdu. Hal-hazırda da bir çox aktual verlişlər efirə verilir və ora hər sahəyə
aid ekspertlər dəvət olunur.
Lakin bu kanalların və verlişlərin çoxunda
ilahiyyat üzərə ekspertlər dəvət olunmur. Bu da bu gün islamı yaşayan, islamla
maraqlanan insanların efirlərə baxmamağına, gənclərin Allahın bizə bəxş etdiyi
islam dinindən xəbərsiz olmağına gətirib çıxarır. Artıq son vaxtlar çox az
kanallar vardır ki, onlar bəzi verlişlərə gec-gec olsa da dini ekspert dəvət
edirlər. Bu əlbəttə həmin verlişə müsəlmanların da baxmasına, nəsə dini bilgilərinin
artmasına səbəb olur. Mən bütün kanallara təklif edərdim ki, islam dininə aid
savadlı kadrları ekspert kimi öz verlişlərinə dəvət etsinlər. Bununla müsəlman
xalqımız dini cəhətdən maariflənsin. Bu, verlişlərin daha çox baxımlı olmasına,
eyni zamanda maraqlı olmasına təkan verən amillərdən biridir.
Bizim xalqımızın çox gözəl adəti var. Qonaq gələndə
ona xüsusi hörmət edirik. Ən azından qonağın çay içməsinə, yaxşı yerdə
oturmasına, evimizn təmiz və səliqəli olmasına xüsusi diqqət yetiririk. Hətta
elə insanlar var ki, qonağı yedirib-içirmədən, razı etmədən yola salmır. Biz
türk xalqı olaraq həmişə islamdan da əvvəl qonağı sevən, qonağa hörmət edən
insanlar olmuşuq. Bu gün də bəzilərimiz bu adət-ənənəni islamla bərabər
yaşadırıq. İslam dinini qəbul etdikdən sonra qonağa olan hörmətimiz daha da
artdı. Çünki artıq bilirik ki, qonaq gəlməzdən əvvəl uca Allah onun ruzisini də
göndərir. Allah təala bizə qonağa, müsafirə yaxşı baxmağı, qonağa yaxşılıq etməyi
əmr etmişdir. Uca Allah buyurur: “Allaha ibadət edin və Ona heç bir şeyi şərik
qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq
qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə
(yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq
edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (Nisa surəsi,
36). Qonağa yaxşı baxmaq, ona yaxşılıq etmək insanın yaxşı əməllərindən sayılır
və bu adəti düzgün yerinə yetirən hər bir müsəlman Qiyamət günü tərəzidə əməllərinin
çəkiləcəyi gün qonağa etdiyi bütün yaxşılıqları yaxşı əməllərinin yanında ağır
olduğunu görəndə çox sevinəcəkdir. Allah təala bizi qonağına yaxşı baxan və bu
yaxşılığına görə Cənnətə daxil olan şəxslərdən etsin! Amin! Qonağa yaxşı baxmaq
eyni zamanda özünə hörmət etmək deməkdir. Qonaq qarşılamaq və qonaqlıq haqqında
başqa ayələr də vardır. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) buyurur: "Kim Allaha və Axirət gününə inanırsa, qonşusuna əziyyət
verməsin. Kim Allaha və Axirət gününə inanırsa, qonağına yaxşı baxsın. Kim
Allaha və Axirət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun" (Əbu
Hüreyrə rəvayət edib. Buxari 6018, Muslim 47). Qonağı gözəl şəkildə qarşılamaq və ona hörmət
etmək haqqında səhih və doğru olan xəbərlərin bəzilərini diqqətinizə
çatdırıram. Əbu Cəmradan belə rəvayət olunur: “Abdullah ibn Abbasın
(Allah ondan razı olsun) önündə insanlara dediyini tərcümə edirdim. Onun yanına
bir qadın gəlib, saxsı qabda qıcqırdılmış şərab haqda soruşduqda o, belə dedi:
“Peyğəmbərin yanına Əbd əl-Qeys qəbiləsindən bir neçə nəfər gəldi. Peyğəmbər
onlardan soruşdu: “Kimsiniz və ya hansı tayfadansınız?” Onlar: “Rabiədənik!”
deyə cavab verdilər. Peyğəmbər dedi: “Gələn kəslərə və ya tayfaya salam olsun,
rüsvayçılıq, peşmançılıq uzaq olsun sizdən!...” (Buxari 6176, Muslim 17).
Qonağa hörmət eləmək vacibdir. Uqba ibn Amir (Allah ondan razı olsun) belə rəvayət
edir: “Peyğəmbərə (ona salam olsun) belə dedik: “Ey Allahın Elçisi, sən bizi
bir tayfaya elçi olaraq göndərdiyin vaxt, onlarda qonaq kimi qaldığımız zaman
bizi yaxşı qəbul etmirlər. Buna nə deyirsən?” Peyğəmbər bizə belə buyurdu: “Əgər
bir tayfaya qonaq olsanız, sizin üçün qonağa layiq olan şeylərin (yemək, hörmət)
verilməsini əmr etsələr, onu qəbul edin! Əgər belə etməsələr, onlardan onlara
layiq olan qonağın haqqını götürün!” (Buxari 6137, Muslim1727, Əbu Davud 3752,
Tirmizi 1589, İbn Məca 3676). Əbu Şureyh əl-Xuzai (Allah ondan razı olsun) Peyğəmbərin
(ona salam olsun) belə dediyini rəvayət edir: “Qonaqlıq üç gündür (qonaq üç gün
qəbul edilər). Caiz olanı (yəni, üç gün qəbul edə bilməyən üçün) bir gün və bir
gecədir. Müsəlman bir kişiyə qardaşının yanında onu günaha salacağı qədər (çox)
qalması halal olmaz.” Onlar: “Ey Allahın Elçisi, onu necə günaha salar?” deyə
soruşduqda, Peyğəmbər belə buyurdu: “Ona veriləcək bir şeyi olmaya-olmaya onun
yanında oturub qalır” (Buxari 6135, Muslim 48). Əbu Hureyra (Allah ondan razı olsun)
rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) dedi: “Qonaq
saxlamağın müddəti üç gündür. Bundan sonrakı isə (ev yiyəsi üçün) sədəqədir”.
Qonağa hörmət etmək İslamın ədəblərindən, İslamın gözəlliklərindəndir. İslam
alimləri sadəcə bunun hökmündə, yəni vacib və ya sünnə olmasında ixtilaf ediblər.
Ev sahibinin özü saxlamadığı halda, üç gündən çox onun evində qalmaq olmaz. Ola
bilər ki, ev sahibinin qəlbi sıxılar, qazandığı savabları batil olar. Hər bir şəxsin, nəslin, tayfanın, qövmün,
camaatın qonağı qarşılamaq adətləri var. İslama zidd olmayan adətlərlə qonağı
qarşılamaq bəyənilən əməllərdəndir. Qonağa
hörmətsizlik isə insanın özünə zərərdir.
Televiziya kanalları da öz verlişlərinə müxtəlif qonaqlar dəvət edirlər
və onlara böyük hörmət göstərirlər. Ancaq televiziya kanalına dəvət alan qonaq
orada ona qarşı hörmətsizlik görəndə bunu onlara bağışlaya bilmir. Əlbəttə çox
hallarda insanlar bağışlamağı bacarırlar, ancaq elə məqamlar vardır ki, onu
bağışlamaq mümkün deyil.
Son vaxtlar məni dini ekspert kimi ATV kanalında “Ümid var” verlişinə
dəvət edirlər. Buna görə efir vasitəsi ilə də bu verlişə, mənə söz verdiyi üçün
aparıcıya təşəkkür etmişəm. Ayrıca məni dəvət edənlərə də çox təşəkkür edirəm.
Bu verlişlərin efirlərə getməsi və cəmiyyətin hər sahədə maariflənməsi kimi
din, ilahiyyat, islam dini sahəsində də maariflənməsi çox vacibdir. Ancaq bəzi
məqamları xatırlatmaq istəyirəm ki, bu yazını oxuyan senaristlər, rejissorlar,
aparıcılar və bu sahədə işləyənlər diqqətli olsunlar. Əgər verlişə qonaq dəvət
edirisnizsə onu qonaqlar olan yerdə otuzdurmalısınız. Bu qaydanı pozmaq qonağa
qarşı hörmətsizlikdir. Bu hörmətsizliyi siz öz aləminizdə adi, heç hesab edə
bilərsiniz. Ancaq inanın ki, dəvət etdiyiniz qonağın haqqına girmək və ona
qarşı hörmətsizlik edib qonaqlar olan yerdə yox, arxa sıralarda otuzdurmaq artıq
onun haqqını tapdalamaq deməkdir. Əgər verlişə qonaq dəvət etmisinizsə qonağın
sözünü ehtiyac olmadan kəsmək, sözünü ağzında qoymaq da qonağa olan hörmətsizlikdir.
Qonağa hörmətsizlik etmək nəinki bizim dinimizdə, ümumiyyətlə bizim adət və ənənəmizdə
yoxdur. Bu məqaləmi faydalı olması ümidi ilə, bir daha efirlərə dəvət olunan
qonaqlara hörmətsizlik edilməməsi səbəbi ilə yazdım. Allah təala bu yazımı
faydalı etsin! Amin!
Əkrəm Həsənov (ilahiyyatçı).
Hiç yorum yok:
Yorum Gönder