24 Şubat 2012

İslama dəvət işində köməkləşək.


Mərhəmətli və bağışlayan Allahın adı ilə başlayıram. Əvvəlcə özümə, sonra isə bütün oxucularıma Allahdan qorxmağı, səbrli olmağı və nəfsimizi axirətə hazırlamaq üçün maddi və mənəvi gücümüzü ortaya qoymağı tövsiyyə edirəm. Bütün oxucularıma Allah təalanın bu ayəsini xatırladıram: “...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun.
Həqiqətən, Allahın əzabı şiddətlidir!” (əl-Maidə (Süfrə) surəsi, 2-ci ayədən), başqa bir ayədə Allah təala buyurur: “- Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (ət-Tovbə (Tövbə) surəsi, 71). Yenə Allah təala buyurur: “- (Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir” (əl-Bəqərə (İnək) surəsi, 195). Bu gün cəmiyyətimiz uçurumun kənarında üzü üstü yıxılmaqda ikən, özünü hesaba çəkib əməllərini düzəldən və Yaradanını dərk edib, Onun yoluna yönələn, əvvəllər etdiyi günah və xətalara görə Allaha tövbə edib əməllərini islah edənlər vardır. Allah təala buyurur: “- Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı, pirləri və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!” (əl-Bəqərə (İnək) surəsi, 256). “...Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizin üçün Quran nazil etmiş və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu (möminlərin) əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir! Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar (ət-Talaq (Boşanma) surəsi, 10-11-12-ci ayələr).  
Artıq Rəbbini dərk edib, elm öyrənmək yoluna yönələn və elm öyrədən insanlara dəstək duranlar vardır. Bunlar xoşbəxt insanlardır. Allah təala buyurur: “- Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız”. Bu cür ayələr həddən artıq çoxdur. Allah təala bütün bu ayələrdə bizə əmr edir ki, Onun yolunda, Onun razılığını qazanmaq üçün xərcləyək. Allah üçün xərclədiyimiz ən xeyirli xərc bu gün elm öyrənmək üçün çəkilən xərcdir. Xüsusi ilə camaata, müsəlmanlara şəriət elmini öyrədənlərə köməklik göstərməyə cəhd etməliyik. Əslində köməklik göstərmək dedikdə heç də elə anlaşılmasın ki, aparıb onlara pul verməliyik, yaxud da özümüzdən kəsib onları yedirməliyik. Əlbəttə belə də edə bilərik. Belə etməyimiz ruzimizi azaltmaz. Köməklik ümumi şəkildə hər tərəfli nəzərdə tutulur. Əgər həqiqətən də imkanları güclü olan müsəlmanlar elm tələbələrinə və elm yolunda olanlara bu cür hər cəhətdən dəstək dururlarsa bu çox böyük bir iş olar. Xüsusi ilə onların kütləvi informasiya vasitələrində yaxşı təbliğ olunması, onlara televizor, radio və qəzet səhifələrində yer verilməsi çox vacib məsələdir. İnternet şəbəkələrində onların dərslərinin təşkil olunması, Allaha dəvətdə hər cəhətdən onlara köməklik göstərməyimiz çox vacibdir. Ona görə ki, onlar cəmiyyətin içərisindən çıxan ən dəyərli, Allah yanında hörməti olan Allahın qullarıdırlar. Onlar insanlara yaxşılığı əmr edir, günah və xoşagəlməz işlərdən çəkindirirlər. Allah təalanın da xəbər verdiyi kimi belələri uğur qazanandırlar. Elm tələbələri adlandırdığımız bu cür şəxsiyyətlərə də Allah üçün xərclədiyimiz mallarımızın və pullarımızın da Allah üçün olduğuna əmin olaraq xərcləməliyik. Nəyə görə adi bir toy məclisinə 20 000 manat, 30 000, daha aşağı və daha yuxarı pul verib bir neçə saatlığa müğənni gətirə bilirik, amma Allahın şəriətini öyrənmək üçün pul ayıra bilmirik. Yaxud da pul ayırmağa əlimiz gəlmir. Axı Allah təala bizə xəbər verib ki, ayırdığınız bu pulu Allah üçün borc verirsiniz. Allah da bunu sizə artıqlaması ilə qaytaracaq. Əlbəttə mən bu gün bu sözləri haqqı tapdalanan, məscidləri üzlərinə bağlı olan müsəlmanlara aid etmirəm. Həmişə Allahın adını dillərində gəzdirib, əməllərində isə pirlərə gedib Allahdan kömək istəyən zavallı müsəlmanlara deyirəm. Əziz müsəlman xalqımız! Gəlin şəriətimizi öyrənmək üçün köməkləşək. Bu köməkləşməyimiz kiminsə xətri xoş olmaq üçün yox, Allahın razılığını qazanmaq üçün edək. Ümid edirəm ki, məni yaxşı mənada anlayacaqsınız. Biz bir xalq olaraq öz islam dinimizə yiyələnmədikcə, dinimizi yaxşı öyrənmək üçün cəhd etmədikcə heç vaxt dünyəvi işlərimizdə də istədiyimiz müsbət nəticəni ala bilmərik. Bu yaxşı nəticəni almaq üçün Allaha dəvət edən və bu dəvətdə yalnız Allahın razılığını gözləyən, dünya malına meyl etməyən şəxsiyyətli sələfin ardınca gedən elm tələbələrinə maddi və mənəvi köməyimizi əsirgəməyək. Əziz müsəlmanlar, gəlin Allahın dinini səhih və doğru bir yoldan öyrənmək üçün, bu səhih və doğru yolun yolçularını soraqlayıb tapaq, onlara dəvət işlərində kömək edək. Allah təala buyurur ki: “...Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!” (əl-Ənfal (Qənimət) surəsi, 60).
Bununla bərabər xalis Allah üçün, çalışqan, səmimi və hazırlıqlı islam dəvətçilərinin maddi cəhətdən çox sıxıntı çəkmədiklərini, əzimli çalışmalarının onlara lazım olacaq imkanları təmin etdiyini, Allahın köməyi ilə bu dəvət işini yorulmadan aparacaqlarını, maddi tərəfdən çətinliklə qarşılaşsalar da islamın doğru-dürüst xalqımıza çatdırılması üçün bunun, onların əzm və iradəsini qırmayacağını, önlərinə əngəl olmayacağını bildirmək istəyirik. Ümumiyyətlə həmişə Allaha dəvət edən olub və onlara əziyyət vermək istəyənlər həm bu dünyada, həm də axirətdə xeyir tapmayıblar. Onlara kömək edənlər isə uğur qazanıblar. 
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Bibiheybət Məscid-Ziyarətgah kompleksinin açılışı mərasimində  islam dini haqqında belə buyurmuşdur: İslam dininin dəyərləri ən yüksək mahiyyətə malik olan mənəvi dəyərlərdir. Bu dəyərləri yaşatmaq, insanları bu uca, ülvi, yüksək mənəvi dəyərlər səviyyəsində tərbiyə etmək Allahın buyruğudur, Məhəmməd peyğəmbərin (P.S. Ona və ailəsinə salam olsun) qoyduğu yoldur. Mən böyük iftixar hissi ilə deyirəm ki, Azərbaycan xalqı bütün çətinliklərdən, bəlalardan, məhrumiyyətlərdən, zillətlərdən keçərək öz dininə, mənəvi dəyərlərinə daim sadiq olmuşdur və heç bir hakimiyyət, hökmdar bunların məhv edilməsinə nail ola bilməmişdir (Bibiheybət Məscid-Ziyarətgah kompleksinin açılışı mərasimində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin nitqi - 12 iyul 1998-ci il). Prezident İlham Əliyevin islamla bağlı bütün çıxışlarında onun islama olan münasibəti və islamla bağlı sözləri də bizə əsas verir deyək ki, bir xalq olaraq dinimizə, milli-mənəvi dəyərlərimizə, şəriətimizə xüsusi diqqət ayırmağımız vacibdir. Bunun üçün həm dövlətin, dövlətin rəhbər strukturlarının, həm də ayrı-ayrı xalqımızın hər birinin xüsusi və fərdi məsuliyyəti vardır. Bu gün müxtəlif bəhanələrlə bu məsuliyyətdən özümüzü kənarlaşdırmaq, uzaqlaşdırmaq, məsuliyyəti boynumuzdan atmaq, sabah ölkəmiz üçün, cəmiyyətimiz üçün, dövlətimiz üçün, bir insan kimi Rəbbimizin hüzurunda dayandığımız Qiyamət günü bizim üçün çətin ola bilər. Kömək istəniləcək yeganə güc mənbəyimiz Allahdır. Dönüşümüz Onadır.

Əkrəm Həsənov...

Hiç yorum yok:

Yorum Gönder