06 Şubat 2012

ÜZÜK`lə BAĞLI BƏZİ MƏSƏLƏLƏR..


Bildiyimiz kimi dinimizə görə kişiyə gümüş üzük taxmaq caizdir. Bu haqda fuqahanın əksəriyyəti bu görüşdədir. Peyğəmbərimizin (عليهم الصلاة والسلام) üzüyünün formasına gəlincə..

"Ənəs b. Malik (رضي الله تعالى عنه) rəvayət edir:

Rasulullah (عليهم الصلاة والسلام) bəzi xaricilərə (Roma İmperatoru,İran kisrası və Həbəşistan kralı Nəcaşi) məktub yazmaq qərarına gəldi. Rasulullaha " - Onlar möhürsüz məktubu oxumurlar" -dedilər, bundan sonra gümüş üzük əldə etdi və ona (Muhəmmədən Rasulullah) Muhəmməd Allahın Rəsuludur - cümləsini yazdırdı."
(bax: Buxari,Muslim,Tirmizi)

Rəsulullahın üzüyü O vəfat edincəyə qədər əlində oldu. Vəfat etdikdən sonra isə, Əbubəkr (رضي الله تعالى عنه) vəfat edənə qədər barmağına taxdı. Sonra Ömər vəfat edənə qədər həmin üzüyü taxdı. Sonra isə,Osman (رضي الله تعالى عنهم) o üzüyü taxdı. Lakin, Osman ibn Afvan üzüyü quyuya düşürdü. Hətta, o quyunun suyunu boşaltdırsada üzüyü tapa bilmədi. (Buxari və Əbu Davudda bu barədə geniş məlumat var)
"Səhih Muslim"-də üzüyü Muayqib adlı birisinin düşürdüyü rəvayət olunur.
Muayqib - Sa`d bin Əbi`l-As`ın köləsi idi. Lakin, daha səhih rəy budurki, üzüyü məhz Osman ibn Afvan () bilmədən quyuya düşürmüşdür. (bax: Buxari "Libas" 53 / Tirmizi "Libas" 16 / Nəsai "Zinət" 33,34 və s.) Bu quyunun Əriş quyusu olduğu deyilir (Buxari) Ümumiyyətlə isə, (mövzudan bir qədər uzaq olsa da) bu hadisənin necə olduğuna baxaq. Osman () Əriş quyusunun başında fikirli bir şəkildə üzüyü bir barmağından çıxarıb başqa barmağına taxdığı zaman, üzüyü quyuya düşürdü.  Quyunun suyunu çəkdirsə də, üzüyü tapa bilmir. Lakin, Osman başqa bir gümüş üzük hazırlatdırır. Üzərində isə, yenədə "Muhəmmədən Rasulullah" yazdırır.

(mövzudan bir qədər də uzaqlaşsaq da, deməkdə fayda var) İbn`ul-Həcər əl-Əsqaləni (رحمه الله تعالى) gözəl bir ifadə işlədərək buyurur:

"Muhəmmədin (عليهم الصلاة والسلام) üzüyü Süleymanın (عليه السلام) üzüyünə bənzəyirdi. Bu üzüklərdə bir sirr var. Süleyman (عليه السلام) üzüyünü itirdikdə bütün səltənətini itirdi. Osman üzüyü itirdikdə isə, Xəvaric fitnəsi başladı..." (Bu Şeyxin öz şəxsi fikridir/)

(Qayıdaq mövzuya..) Rasulullah (عليهم الصلاة والسلام) gümüş üzüyü taxmağa başlayanda bəzi səhabələr qızıldan üzük hazırladıb taxmağa başladılar. Buna görə də, Rasul (عليهم الصلاة والسلام) üzüyünü qəzəblənərək çıxarmışdır. Bununla O (عليهم الصلاة والسلام), qızılın haramlığını qeyd etmək istəmişdir...(ətraflı bax: Buxari "Libas" / Muslim "Libas" və s.)

Bəzi alimlərin görüşünə görə, Hökmdarlardan başqasının hətta gümüş
üzük belə taxması məkruhdur. Lakin, İmam ən-Nəvəvi (رحمه الله تعالى) bu fikrə Şaz görüş kimi yanaşır. (bu barədə bax: əl-Məvsili "əl İxtiyər li Talili" - Muxtar 4-cü cild, 159)
İmam Əbu Hənifəyə (رحمه الله تعالى) görə - Sultanın gümüş üzük taxması sünnətdir. Bununla yanaşı, zərurəti olmayanın taxmaması daha yaxşıdır. Lakin qadın gümüş üzük taxa bilər. Lakin bir şərtləki,kişilərin taxdığı üzüyə bənzəməsin. Həmçinin, Əbu Hənifə (رحمه الله تعالى) davam edərək deyir: "Kişinin taxdığı üzük 3 qramdan artıq olmamalıdır."
(bax: Əlauddin Abidin, "əl-Hədiyyətul - Aləiyyə" (1978), 318 / əl-Cəziri, "Kiləb`ul-Fiqh alə`l-Məzəhib`il-Ərbaa" II-16.)

İmam Malikə (رحمه الله تعالى) görə isə, ağırlığı 2 dirhəmdən artıq olan üzüyü taxmaq haramdır. Şafi məzhəbində isə, ağırlıq mövzusu ixtilaflıdır. Bəzilərinə görə üzüyün ağırlıqı 1 misqaldan az olmamalıdır. Bəzilərinə görə isə, heç bir ayırım yoxdur.("Cəmi`ul-Vasail")

Cumhurun rəyinə görə isə, üzüyün ağırlığı 1 misqaldan ağır olmamalıdır. (1 misqal təqribən 4 qrama bərabərdir)

Dəmirdən hazırlanmış üzük taxmaq məşru (bəyənilən) bir əməl deyil. Bunu elm əhli (ən-Nəvəvi, İbn Həcər, Buceyrami, Şami, Əbu Hənifə, İmam Malik və s.) səhih görüş hesab edir. Dəlilləri isə, budur:

Peyğəmbərimiz (sallallahu aleyhi va səllləm), yanına gələn bir adamın əlindəki dəmirə oxşar (bütlərdən gələn qoxuya bənzər) qoxu hiss edir və ona bunun əvəzinə gümüş üzük tövsiyyə edir. (Tirmizi, "Libas" 43; Əhməd "Musnəd" 1-21.) Lakin, cumhura görə üzəri gümüşlə örtülmüş dəmir üzük taxmaq caizdir.

Həmçinin, alimlər üzüyün üzərində Allah sözünün vəya sahibin öz adını qeyd edilməsini caiz hesab edirlər. Lakin, üzərində canlı (insan, heyvan) təsvirlərinin olması haramdır. Əgər üzüyün üzərində Allah ləfzi olarsa, ayaqyoluna girərkən çıxarılmalı, gizlədilməlidir. Əgər üzük sol əldə olarsa (təmizlənmək sol əl ilə olduğu üçün) çıxarılmalıdır.
(Daha ətraflı məlumat üçün bax: İbnul-Abidin "Raddul-Muxtar"  V-317.)
Kişiyə qızılın haramlığı mövzusu bəllidir. Bu, yekdil rəylə haramdır. Bu mövzunu açmağa ehtiyyac görmürük.
Bununla yanaşı, üzüyü orta və şəhadət barmağına taxmaq məkruhdur. Bu haqda hədis - Buxari ("Libas" 28) və Muslim ("Zikr və Dua" 78, "Libas və Zinət" 64) kitablarındadır.
Üzüyü hansı ələ taxmaq məsələsinə gəlincə, bu barədə çox böyük ixtilaflar var. Bu ixtilafların səbəbi, bir-birinə əks olan hədislərdir. Bir neçəsini qeyd edək:

Abdullah ibn Cəfər (رضي الله تعالى عنه) demişdir:
"Rasulullah üzüyü sağ əlinə taxardı..." (İbn Macə "Libas" 42)

Ənəs bin Malik (رضي الله تعالى عنه) demişdir:
"Rəsulullahın üzüyü bu barmağında idi (sol əlinin kiçik barmağını işarə etdi)..." (Muslim "Libas" 63)

Cəfər ibn Muhəmməd (رضي الله تعالى عنه) demişdir:
"Həsən və Huseyn (رضي الله تعالى عنهما) üzüklərini sol əllərinə taxardılar..." (Tirmizi "Libas" 16)

Bu hədislərin arasını cəm edən hədis də, mövcuddur:

"Rəsulullah (عليهم الصلاة والسلام) üzüyü sağ əlinə taxdı, sonra isə, çıxararaq sola taxdı..." (bu hədis İbn Ömərdən rəvayət olunur.)

Məzhəb İmamlarından isə, İmam Malik sol ələ taxmağı müstəhəb hesab etməklə yanaşı, sağa taxmağı məkruh hesab edir. Əbu Hənifə va əş-Şafiyə görə isə, sağa taxmaq daha bəyəniləndir.

Üzük əgər sol ələ taxılırsa,təharət (təmizlənmə) zamanı çıxarılır.Çünki,təmizlənmə sol əl ilə icra edilir.

P.S. Bir önəmli məqamı da, qeyd etməkdə fayda var. Hənəfi məzhəbindən olan bəzi alimlər üzüyü sol ələ taxmağı Rafizilərə bənzəməmək üçün uyğun hesab etmirlər. Çünki, kafirlərə bənzəmək haram olduğu kimi, bidət əhlinə də, bənzəmək eyni hökmdədir. Alimlər onları təkfir etmədə nə qədər ehtiyyatlı yanaşaraq ixtilaf etsələr də, fasiq olduqlarında icma ediblər.

Bütün bu fikirləri cəm etdikdə məlum olur ki, yekdil rəyə əsasən üzüyü hər iki ələ taxmaq caizdir.

Hər şeyin daha doğrusunu Allah bilir.



____________________________
Ayxan Yaquboğlu (sentyabr 2010)

3 yorum: