Əgər sənə Ölüm Mələyi gəlsə və sənə desə ki, ruhunu qəbz etməyim üçün (ruhunu çəkib çıxarmağım üçün) hazırsanmı sənin ruhunu alım? Sənin Ona (Ona salam olsun) cavabın nə olar? Sənin cavabın: “Bəli”dirmi? Yoxsa: “Hələ saleh əməlim yoxdur, sonra canımı alarsan?” sözünü deməkdir.
Allah təala buyurur: “Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin” (əl-Munafiqun, 10). Ey Allah üçün özünə müraciət etdiyim qardaşım! Səni Allah üçün tanıyıram. Səni Allah üçün sevirəm. Sənə Allah üçün müraciət edirəm. Bu sözü, bu nəsihəti sənə Allah üçün edirəm. Ölüm gəlməmişdən əvvəl xeyir əməllərə tələs! Səndən başqaları səni qabaqlamamış, başqaları üçün ibrət ol! Yəni dostum sən başqalarını ibrət almaq üçün gözləmə. Özün saleh əməllərə başla ki, başqaları səndən ibrət alsınlar. Çünki sən başqasını gözləmə, axı başqası səni gözləyir. Səni gözləyir ki, elə bir saleh əməllərdə səni görsün ki, o da ibrət alsın. Saleh əməllərə başlasın. Bəs sən kimi gözləyirsən? Halbuki həm sənə, həm də mənə verilən bu qədər möhlətdən istifadə edib, bu qədər ruzilərdən istifadə edib Allah yolunda xərcləyərək saleh əməllər edə bilərik. Sənə verilən ruzilərdən ən böyükləri sənə verilən bu vaxtdır, sənə verilən səhhətdir, sağlamlıqdır. Sənin sağlam olmağın, bütün orqanlarının yerində olması, əlavə gücünün olması, vaxtının olması, qarşında, əlində olan bu nemətlərin olması, başqa saymadığımız, saymaqdan aciz qaldığımız bu nemətlərin olması hamısı sənə verilən böyük ruzilərdir. Bunlarla yaxşı əməllərə tələs ki, Ölüm Mələyi gələndə rahat olasan. Bu sözü əsasən özümə də aid edirəm. Aranızda verilən bu qədər nemətlərə qarşı sizin kimi səhlənkarlıq edənlərdən biri də mənəm. Özümə də nəsihət edərək xatırladıram ki, gəlin birlikdə verilən vaxtdan, ruzilərdən, nemətlərdən düzgün istifadə edib yaxşı əməllərə yönələk. Allah təala bizi saleh əməllərə müvəffəq etsin, yönəltsin və bu işdə bizə kömək etsin. Amin! Allah təala bu yazını hər birimiz üçün faydalı etsin. Amin!
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...
Hiç yorum yok:
Yorum Gönder