17 Ekim 2011

Küveyt nümayəndə heyəti Azərbaycan Milli Məclisində “Əbu Bəkr” məscidi ilə bağlı məsələ qaldırıb


17 Oktyabr 2011 19:10 ]
Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri: “Bu məscidin fəaliyyət göstərməməsi Küveytin Azərbaycanda xeyriyyəçilik fəaliyyətini də dayandıra bilər»



Bakı. Rəşad Süleymanov - APA. Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, doktor Vəlid ət-Tabatabayinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Milli Məclisdə olub. APA-nın məlumatına görə, nümayəndə heyətini Milli Məclisdə Küveytlə dostluq qrupunun rəhbəri, millət vəkili Çingiz Əsədullayev qəbul edib. Görüşdə parlamentlərarası münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.

Vəlid ət-Tabatabayi görüşdə bildirib ki, Küveyt Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Hər iki ölkəni milli, mədəni və dini baxımdan müştərək dəyərlər bağlayır.

Bununla belə, nümayəndə heyətinin rəhbəri deyib ki, Bakıdakı “Əbu Bəkr” məscidinin fəaliyyətinin dayandırılması Küveytin xeyriyyə fondlarının Azərbaycandakı işinə mənfi təsir göstərə bilər.

«Bu məsciddə bir çox insan ibadət edirdi. O insanlar terror hadisəsi törədən cinayətkarlara görə məsuliyyət daşımamalıdır. Hesab edirəm ki, bu məscidin fəaliyyət göstərməməsi gələcəkdə Küveytin Azərbaycanda xeyriyyəçilik fəaliyyətini də dayandıra bilər», - deyə o qeyd edib.

Ç. Əsədullayev isə bildirib ki, Azərbaycan Cənubi Qafqazda ən tolerant ölkə sayılır. Deputat “Əbu Bəkr” məscidi ilə bağlı məsələyə də aydınlıq gətirib: «Bu məsciddə terror aktı törədilmiş, nəticədə insanlar həlak olmuş və yaralanmışdı. İstintaq indiyə qədər davam edir. İstintaqı başa çatdıqdan sonra məscidin fəaliyyəti bərpa olunacaq. Siz Azərbaycanda 70-ə yaxın məscid tikmisiniz, bu gün onların hamısı fəaliyyət göstərir».
 


APA

Hiç yorum yok:

Yorum Gönder