Bayram ilə əlaqədar Allah Azzə və Cəllə bir sıra hökmlər qoymuşdur. Bu hökmlərə aiddir:
1. Təkbir gətirmək.
Təkbirin forması aşağıdakı kimidir:
Allahu Əkbər, Allahu Əkbər, ləə iləəhə illəllaah, Allahu Əkbər, Allahu Əkbər, və lilləhil həmd (Allah Böyükdür, Allah Böyükdür, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, Allah Böyükdür, Allah Böyükdür, həmd Allaha məxsusdur)
Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər ləə iləəhə illəllaah, Allahu Əkbər, Allahu Əkbər, və lilləhil həmd (Allah Böyükdür, Allah Böyükdür, Allah Böyükdür, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, Allah Böyükdür, Allah Böyükdür, həmd Allaha məxsusdur)
Hər ikisini söyləmək olar.
Kişilər bu zikri bazar yerlərində, məscidlərdə və evlərdə söyləyərkən səslərini yüksəldir, qadınlar isə səslərini yüksəltməli deyil.
2. Ən gözəl paltarları geymək
Bu kişilərə aiddir. Qadınlar isə Bayram namazının qılındığı namazgaha yollandıqda gözəl paltarlarını geyməli deyil. Çünki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Həyalı şəkildə çıxsınlar”, yəni adi paltarlarını geysinlər, bəzəkli, açıq-saçıq geyinməsinlər. Qadınların ətirlənərək və makyaj edərək bayıra çıxması haramdır.
3. Qüsl almaq
Üləmalardan bəziləri Bayram namazı üçün qüsl almağı müstəhəb hesab etmişdir. Çünki, sələfdən bəzilərinin bu cür etdiyi rəvayət olunmuşdur. Cümə namazında olduğu kimi Bayram namazı üçün də qüsl almaq müstəhəbdir. Çünki, insanlarla görüşürük. Ona görə də , kim qüsl alarsa bu gözəl bir şeydir.
4. Bayram namazını əda etmək
Müsəlmanlar yekdilliklə Bayram namazının islamda buyurulmuş, məşru olduğuna dair ittifaq etmişdirlər. Onlardan bəziləri bunun Sünnət, bəziləri fərzi kifayə, digərləri isə fəzi ayn olduğunu və bunu etməyənin günah qazanacağını söyləmişdirlər. Onlar bu barədə dəlil qismində Peyğəmbərin sallallahu aleyhi və səlləm bakirə və həddi-büluğa çatmış qızlara (adətən onlar bayıra çıxmırlar),heyzli qadınlar istisna olmaqla, (onların namazgahdan uzaq durmaları əmr edilmişdir, çünki heyzli qadının məsciddə durması qadağandır) Bayram namazgahına getmələrini əmr etməsi faktını sitat gətirmişdirlər. Heyzli qadınların məsciddən keçmələrnə icazə verilsə də, orada durmalarına icazə verilmir.
Dəlillər içində mənim üstün tutduğum rəy budur ki, bayram namazı fərzi ayndır (fərdi öhdəlik, mükəlləfiyyət) və üzrü olanlar istisna olmaqla hər bir kişinin Bayram namazında işitrak etməsi vacibdir. Bu rəyi həmçinin Şeyxulislam ibn Teymiyyə, Allah ona rəhmət etsin, tərcih etmişdir.
Birinci rəkətdə imam “Səbbih ismə Rabbikəl-A`ələ (Əl-`Alə 87), ikinci rəkətdə isə “Həl ətəəkə hədiisul-ğaaşiyəh” (Əl-Ğaşiyə 88) surəsini oxuyur. Və yaxud birinci rəkətdə Qaf (50) surəsini, ikinci rəkətdə isə Qəmər (54) surəsini oxuyur. Hər ikisi barədə Allah Rəsulundan sallallahu aleyhi və səlləm səhih hədislər rəvayət olunmuşdur.
5. Cümə və Bayram eyni günə düşərsə, Bayram namazı, eləcə də cümə namazı qılmaq
Buna İmam Müslimin “Səhih” əsərində Nöman ibn Bəşirin radiyallahu anhu rəvayət etdiyi hədisin zahiri mənası dəlalət edir. Lakin imam ilə birlikdə Bayram namazında iştirak edənlər, istəsələr Cümə namazını və yaxud Zöhr namazını qıla bilərlər.
6. Məscidə salam namazı
Bir çox elm əhlinə görə Bayram namazı barədə hökmlərdən biri də budur ki, kim imamdan öncə Bayram namazının əda olunduğu namazgaha çatarsa, oturmalı və iki rəkət namaz qılmamalıdır. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm bayram namazını iki rəkət qılmış, bunlardan əvvəl və ya sonra namaz qılmamışdır.
Bəzi üləmalar bu rəyə gəlmişdir ki, biri namazgaha gəldikdə iki rəkət namaz qılmamış otutmamalıdır, çünki bayram namazının qılındığı yer məscid hesab edilir. Bunu onunla əsaslandırırlar ki, heyzli qadınların ora (namazgaha) daxil olmasına icazə verilmədiyinə görə, məscidə dair hökmlər bura da şamil edilir, bu da buranın (bayram namazının əda edildiyi namazgahın) məscid olduğuna dəlalət edir. Buna əsaslanaraq, bu məsələ Peyğəmbərin sallallahu aleyhi və səlləm kəlimələrinin ümumi mənasına daxildir: “Sizlərdən biri məscid daxil olduqda iki rəkət namaz qılmamış əyləşməsin”. Peyğəmbərin sallallahu aleyhi və səlləm Bayram namazından əvvəl və yaxud sonra namaz qılmamasına gəldikdə, bunun səbəbi odur ki, o çatdıqda bayram namazına başladı.
Beləliklə Bayram namazının qılındığı namazgahda bütün məscidlərdə olduğu kimi iki rəkət Təhiyyətul Məscid (məscidə salam namazı) qılmaq sübuta yetirilir. Çünki hədisdən Bayram namazının əda edildiyi məscid üçün Təhiyyətul Məscid olmadığını fərz etsək, o zaman Cümə məscidi üçün də Təhiyyətul Məscid olmadığını söyləməliyik. Çünki, Allah Rəsulu sallallahu aleyhi və səlləm Cümə məscidinə çatdıqda xütbə verər, sonra iki rəkət namaz qılar, sonra gedib evində Cümənin ratibə (müntəzəm) sünnətlərini qılardı, bundan əvvəl və sonra (məsciddə) namaz qımamışdır.
Mənə daha doğru görünən rəy budur k, Bayram namazının qılındığı namazgahda iki rəkət məscidə salam namazı qılmalıyıq. Lakin bu məsələdə birimiz-digərini inkar etməməlidir, çünki bu elm əhli arasında ixtilaflı bir məsələdir. Elm əhli arasında ixtilaflı olan məsələlərdə digərlərini inkar etməməliyik, bu barədə hər bir yöndən açıq-aydın mətnin olması bundan istisna təşkil edir.Ona görə də, Təhyyətul Məscid namazını əda edən və yaxud namaz qılmadan əyləşənin bu əməli inkar edilməməlidir.
7. Bayram münasibətilə insanların bir-birini təbrik etməsi
Lakin bir çox insanlar bunu edərkən qadağan olunmuş əməllərə yol verirlrə. Belə ki, kişilər evdə heç bir məhrəm olmadan ora daxil olur və açıq-saçıq geyinmiş qadınlar ilə əl ilə görüşürlər. Bu münkər əməllərin bəziliəri digərlərindən daha şiddətlidir.
Məhrəmi olmayanlar ilə əl ilə görüşməkdən imtina edən kəslərin bəzi insanlar tərəfindən qınandığını, xoşlanmadığını eşidirik. Lakin, əsil zalımlar onların özləridir, bundan imtina edən kəs deyil. Bununla belə onlara bu məsələ izah edilməli və bu əməllərimizin doğru olduğunu təsdiqləmək üçün etibarlı alimlərdən soruşmaları lazım olduğu onlara söylənməli və onlara hirslənməmələri və atalarının, əcdadlarının mücərrəd şəkildə (yanlış) adət-ənənələrinə riayət etməkdə inad etməmələri bəyan edilməlidir. Çünki onlar (ataları) halal şeyləri haram, haramı halal etmək səlahiyyətinə malik deyil. Onlara başa salmaq lazımdır ki, bunu etsələr onlar Allah təalanın aşağıdakı ayədə haqqında hökm verdiyi kəslər kimi olacaqdır:
“Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər”. (Zuxruf 43:23)
Bəzi insanların Bayram Günü qəbirdə yatanları təbrik etmək kimi adət-ənənəsi var. Lakin qəbirdə yatanların təbrikə ehtiyacları yoxdur, çünki onlar nə oruc tutur, nə də namaz qılırlar.
Qəbir ziyarətləri Bayram və yaxud Cümə və ya hər hansı xüsusi bir günə xas deyil. Peyğəmbərdən sallallahu aleyhi və səlləm qəbirləri gecə vaxtı ziyarət etdiyi də sübuta yetirilmişdir. İmam Müslimin Aişədən radiyallahu anhə rəvayət olunan hədisində bu barədə qeyd olunur. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Qəbirləri ziyarət edin, çünki bunlar sizə Axirəti xatırladır”.
Qəbir ziyarəti ibadətin bir növüdür və ibadətin qəbul olunması, məşru hesab edilməsi üçün şəriətə müvafiq olması şərtdir. Peyğəmbər sallallahu aleyhi və səlləm qəbirləri ziyarət etmək üçün Bayram günlərindən hər hansı bir günü bunun üçün xüsusiləşdirməmişdir. Ona görə də , biz də bu cür xüsusiləşdirməməliyik.
8. Bayram günü kişilərin bir-birini bağrına basması, qucaqlaması
Bunda bir problem yoxdur.
9. Bayramda məscidə gedərkən bir yolla, qayıdarkən digər yolla getmək
Bayram namazını qılmaq üçün namazgaha gedərkən bir yolla, qayıdarkən isə başqa bir yolla qayıtmaq şəriətdə mövcuddur. Bu da Allah Rəsulunun sallallahu aleyhi və səlləm əməlinə, onun nümunəsinə müvafiqdir. Bu sünnət digər namazlara, məsələn Cümə və yaxud digərlərinə aid deyil, yalnız Bayrama aiddir.
Məcmu, Fətəəvə ibn Üseymin, 16/216-223
Hiç yorum yok:
Yorum Gönder