15 Temmuz 2011

BƏRAƏT QANDİLİ



Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Bu ümmətə dini kamil olaraq şərəfli elçisi vasitəsilə çatdıran Allaha həmd sənalar olsun! Allah Təalə buyurur: «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.» (əl-Maidə, 3)

Allah Təalə Şura surəsində də belə buyurub:

«Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edən bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.» (əş-Şura, 21)
İslam ümmətini xəbərdar etmək və onları bidət etməkdən uzaqlaşdırmaq üçün, bidətlərdən çəkinmək lazım olduğu və bidətlərin açıqca zəlalət (azğınlıq) olduğu Peyğəmbərdən -ona Allahın salavatı və salamı olsun- gələn səhih hədislərdə sabitdir.
Necə ki, bu hədislərdən bəziləri bunlardır:
Buxari və Müslimin səhihlərində Aişədən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- belə buyurmuşdur:
«Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunandır.» (Buxari, Müslim)
Müslimin rəvayətində isə Rəsulullah -ona Allahın salavatı və salamı olsun- belə buyurmuşdur:
«Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o, (əməl) rədd olunandır.»
Yenə, Müslimin səhih əsərində Cabirdən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə o belə demişdir:
«Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – ona Allahın salavatı və salamı olsun – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır).» (Müslim)
Nəsəi, «ceyyid» (yaxşı) bir sənədlə yuxarıdakı hədisə bu əlavəni də rəvayət etmişdir:
“Hər bir zəlalət isə oddadır.”

Əbu Nəcih əl-İrbad b. Səriyə – Allah ondan razı olsun – rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizimlə elə bir tərzdə danışdı ki, qəlblərimiz titrədi, gözlərimiz yaşla doldu. Biz dedik: “Ey Allahın Rəsulu, bu vidalaşan bir kişinin öyüdünə oxşayır bizə vəsiyyət et!” (Peyğəmbər) buyurdu: “Mən sizə İzzət və Cəlal olan Allahdan qorxmağınızı, başınıza (Həbəşi) bir kölə əmir olaraq təyin edilərsə, onu dinləyib itaət etməyinizi tövsiyə edirəm. Şübhəsiz ki, aranızdan (uzun bir ömür) yaşayacaq olanlar bir çox ixtilaflar (ayrılıqlar) görəcəkdir. Mən sizə mənim sünnətimə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən (bidətlərdən) uzaq durun. Çünkü sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir.” ( Əbu Davud 4607; Tirmizi 2676. əl-Albani “Səhih əl-Cəmi” 4546)
Bəzi cahil insanlar ilin müəyyən günlərini xüsusiləşdirib bütün gecəni oyaq qalaraq Allaha ibadətlə keçirirlər. Bu insanlar güman edir ki, bu xüsusi gecələrdə Allaha ibadətlə keçirən hər kəs, bu onun hər il olan hərəkətləri üçün əvəzini verəcək və Cənnətə daxil olmağı üçün kifayət olacaq. Bu gecələrdən biri də Bəraət gecəsi kimi tanınan Şaban ayının 15-də olan gecədir.
Allaha ibadət etmək üçün müəyyən gecələri xüsusiləşdirmək Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə qarşıdır. Dəlil olaraq, o (ona Allahın salavatı və salamı olsun) ibadət üçün müəyyən gecələri xüsusiləşdirməyi kəskin bir şəkildə qadağan etmişdir. Necə ki, Əbu Hüreyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Cümə gecəsi başqa gecələrin içindən qiyamla xüsusiləşdirilməyin. Cümə günü başqa günlərin içindən orucla xüsiləşdirilməyin. Yalnız biriniz daimi tutduğu bir oruc olduqda, onu tutsun.” (Müslim /1144). Allah Rəsulu (ona Allahın salavatı və salamı olsun) həftədə olan yalnızca bir günü xüsusiləşdirməyi sərt bir şəkildə qadağan etmişdirsə, gör onda ildəki bəzi günləri xüsusiləşdirməyə nə deyərdi?! İbadət üçün günləri xüsusiləşdirmək Uca Allahın bu ayəsinə ziddir: «Sənə ölüm gələnədək Rəbbinə ibafət et.» (Hicr, 99)

Bəziləri bu gecəyə dəlil olaraq Duxan surəsində keçən: «Hər bir hikmətli iş o gecədə ayırd edilir – dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk.» (Duxan‚ 4-5) ayələrinə baxaraq o gecənin Şaban ayının on beşinci gecəsi olan Bəraət gecəsi olduğunu deyirlər. Buna əsaslanaraq Allahın o gecədə qullarının ruzilərini böldüyünü‚ əcəllərini təyin etdiyini‚ başqa sözlə bu gecə ediləcək olan dua və ibadətlərin mütləq qəbul ediləcəyini iddia edirlər. Beləcə Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) və səhabələrinin (Allah onlardan razı olsun) etmədiyi‚ bu gecəyə xas bir sıra ibadətlər ortaya çıxarmışlar. Halbuki Allah Təalə o surədə belə deyir:
«Ha Mim. And olsun bu aydın Kitaba! Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. Hər bir hikmətli iş o gecədə ayırd edilir –dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk .» (Duxan‚ 1-5)
Görüldüyü kimi Allah Təalə işlərin bölünmə edildiyi gecənin Qurani Kərimin endirildiyi gecə olduğunu bildirməkdədir. Quranın da Şaban ayının on beşində deyil, Ramazan ayında və Qədr gecəsində nazil olduğunu digər ayələrdən açıq bir şəkildə bilirik. Necə ki, Allah Təalə buyurur:
«İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir.» (əl-Bəqərə‚ 185)
«Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!» (Qədr‚ 1)
Alimlərin böyük bir əksəriyyəti Duxan surəsində keçən «mübarək gecə»nin qədr gecəsi olduğunu söyləmişlər. Təfsirçi Əbu Bəkr İbnul-Arabi bu mövzuda belə deyir: «Bu ayədə keçən “mübarək gecə”nin qədr gecəsi deyil, başqa bir gecə olduğunu iddia edənlər Allaha böyük bir böhtan atmışlar.» (Əbu Bəkr İbnul-Arabi‚ c. 4‚ s. 1678)
Bəraət qandili Şaban ayının ortasında olan Bu gecənin fəzilətləri ilə bağlı bəzi rəvayətlər gəlmişdir. Misal olaraq bu rəvayəti qeyd edək:
“Əli bin Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Şaban ayının ortasında gecə olanda, gecəsini ibadətlə keçirən gündüzünü də oruc tutsun.” (İbn Macə Sünəni, 1388; Beyhaqi, Fədailul Evkst:24; Şuabul-İman 3542)
Digər bir rəvayətdə isə belə deyilir: “Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) belə deyir: “Şabanın ortasında olan gecədə Allah Təalə yaratdıqlarına nəzər salar. Müşrik və cimridən (xəsisdən) başqa bütün məxluqatı bağışlayar.” (Buseyri, Misbətiuz-Zucacə fi Zəvaidi ibn Macə c. 2, s. 10)
Yenə başqa bir rəvayətdə belə deyilir: “Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Bu gecədə Adəm oğlundən hər doğulan və hər ölən yazılır və yenə bu gecədə olanların əməlləri yüksəlir və ruziləri enər.” (İmam Beyhaqi, əd-Davutul Kəbir, Əbu Şamə əl-Baisu Alə İnkaril Bidai vəl Havadisi s. 35)
Yuxarıda qeyd etdiyimiz rəvayətlərdən heç birisi səhih deyildir.
İmam Busiri Əlinin (Allah ondan razı olsun) rəvayəti haqqında belə deyir: “Bu rəvayətin sənədində İbnu Əbu Səbura var. Əsl adı isə Əbu Bəkr ibn Abdilləh ibn Muhamməd ibn Əbi Səburadır. İmam Əhməd ibn Hənbəl və İbn Main bu adam haqqında hədis uyduran olduğunu qeyd etmişlər.” (Busiri, c.2, s. 10)
İkinci rəvayətə gəlincə Əbu Musa əl-Aşarinindir. İmam Busiri deyir ki, Əbu Musaya aid hədisin sənədi zəifdir. Bu da Abdullah ibn Əbi Ləhianın zəif olduğu səbəbindəndir. Bir də hədisin zəif olmasının başqa bir səbəbi isə Vəlid bin Müslimin tədlis etməsidir.” (Busiri, c.2)
Qeyd: Tədlis iki cürdür:
İsnaddakı tədlis – Bir ravinin eyni əsrdə yaşadığı bir kişidən eşitmədiyi bir hədisi eşitmiş kimi rəvayət etməsidir. Ravi “filankəs belə dedi, filankəs belə dedi” ifadələrini işlədər.
Şeyxlərdəki tədlis- Ravinin öz şeyxinə naməlum kunyə, ad və ya sifət verməsidir. Şeyxinə bilinməyən bir ad verilməsi də çox çirkin bir əməldir. Bu şəkildə tanınan bir ravi cərh olunur, rəvayəti də qəbul olunmaz.
Növbəti rəvayət də Aişənindir (Allah ondan razı olsun). Aişənin (Allah ondan razı olsun) Əbu Musanın (Allah ondan razı olsun) rəvayətinə bənzər başqa bir hədisi də vardır. İmam Beyhaqi iki rəvayəti də Davətul Kəbir kitabında təxric ettikdən sonra belə deyir: “Bu iki hədisin isnadında məchul olan (tanınmayan) kimsələr vardır.” (Davətul Kəbir, əlyazma)
Batil rəvayətlərdən birində deyilir ki, bu gecədə Allahın dünya səmasına təcəlli edəcəyi‚ Kəlb qəbiləsinin qoyunlarının tükləri sayı qədər (çoxluq ifadə etmək üçün istifadə edilmiş bir ifadə) insanı bağışlayacağı və özünə edilən bütün duaları qəbul edəcəyi izah edilməkdədir. (Tirmizi, Siyam 39, İbn Macə, İqamə 191)
Bu uydurma hədis haqqında İmam Tirmizi və onun müəllimi Buxari (Allah onlara rəhmət etsin) başda olmaq üzrə bir çox alimlərin bu hədislərin isnadlarında problem olduğu səbəbindən hədislərin zəif olduğunu və bunlarla əməl edilməyəcəyini ifadə etmişlər. (Tirmizi, Siyam 39 hədisin şərhi, İbn Macə, İqamə 191 hədisin şərhi)
Bir də Bəraət gecəsi ilə əlaqəli olaraq xalq arasında «Bəraət gecəsi namaz»ı və ya «Salatul-xayr» olaraq bilinən bir namaz vardır. 100 rükət olan bu namazın hər rükətində Fatihə və on dəfə İxlas surəsinin oxunması lazım olduğu bilidirilir.(İmam Qazzali, İhya 1/203).
Bu namaz haqqında bidət olduğunu deyən İmam Nəvəvi bu mövzuda Qutul Qulub və İhyau Ulummiddində keçən rəvayətə aldanmamağı qeyd edir. (əl-Məcmu, 4/56)
Hafiz əl-İraqi bu namaz haqqında belə deyir: “Bəraət namazı haqqında olan hədis batildir.” (Şukeyri, əs-Sunənu vəl Mubtədəat, s. 144)
İbnul Cəvzi də: “şübhəsiz bu əsər uydurmadır” demişdir. (əl-Məvduat, c. 2, s.127)

BU NAMAZ HARADAN GƏLİB?

İmam Tartuşi belə nəql edir: “Mənə Əbu Muhamməd əl-Məqdisi xəbər verərək dedi ki, bu namaz bizdə ilk olaraq hicrətin 448-ci ilinin əvvəllərində meydana gəlmişdir. Nablus şəhərində İbnu Əbi Həmra adı ilə tanınan bir adam Beytul Məqdisə gəldi, gözəl tilavəti var idi, qalxdı və Məscidul Aqsada Şaban ayının ortasında (15-də) olan gecədə namaz qıldı. Arxadan ona birisi namaza qoşuldu. Nəticədə namaz qurtardıqdan sonra arxada xeyli adam oldu. Növbəti il yenə gəldi və onun arxasında bir çox insanlar onunla birlikdə həmin namazı qıldı. Məsciddə bu yayıldı. Beləliklə bu namaz Məscidul Aqsa və insanların evlərinə daxil oldu. Sonra isə sünnət namazı kimi bu günümüzə qədər davam edərək gəldi.” (əl-Həvadisu vəl Bidau, s. 132)
Bu kimsələrin ettikləri əməlləri özlərinə qayıdır və qəbul olunmaz. Çünki onlar Allah Təalənin icazə vermədiyi bir şeyi Allahın dinindən hesab edərək bidətlər çıxarmışlar.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Sizə Cənnətə yaxınlaşdıracaq olan nə varsa, heç birini buraxmadan hamısını sizlərə əmr etdim.” (AbdurRazzaq, 20100; Təbari, Əl-Kəbir, 2/155; Beyhaqi, 7/66. Şeyx Albani “əs-səhih” 1803)
Abu Zərr (Allah ondan razı olsun) Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) göy üzərində qanad çırpan quşlar haqqında belə bir bilgi verərək bizləri tərk etdi. (İbn Hibban 65; Təbari 1647. Şeyx Albani “əs-səhih” 1803)
Allah Təalə Qurani Kərimdə belə buyurur: “Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (Nisa, 66)

Sonda isə hər şey açıq aydın olduqdan sonra Allah Təalənin bu ayəsini qeyd etmək lap yerinə düşər. Necə ki, Allah Təalə buyurur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.” (Nisa, 115)
Allah Təalədən Onun Rəsulunun sünnəsindən azı dişlərimizlə yapışıb əməl etməyi və bidətlərdən də uzaqlaşmağı nəsib etməsini diləyirik!
Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.

__________________
Abu Nuh


Hiç yorum yok:

Yorum Gönder