24 Temmuz 2011

ALLAHIN DİNİNƏ DƏVƏT EDƏNİN AZUQƏSİ


Bismilləhir Rahmənir Rahim
           
Həmd və səna Allaha məxsusdur. Ona həmd edir, ondan kömək, bağışlanma diləyir, Ona tövbə edirik. Nəfslərimizin şərindən, əməlləri­mizin pisliklərindən Ona sığınırıq. Allahın doğru yola yönəltdiyini heç kim azdıra bilməz, azdırdığı kimsəni heç kim doğru yola yönəldə bilməz. Şəhadət verirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, O, təkdir, şəriki yoxdur. Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Allah taala öz rəsuluna doğru yol, haqq din göndərmişdir ki, onu bütünlüklə bəşər övladına bəyan etsin.
O, (Ona Allahın salavatı və salamı olsun) dini yaydı, əmanəti yerinə yetirdi, ümmətə bəyan etdi, Allah yolunda varı ilə cihad etdi və nəticədə özündən sonra ümmətinə gecəsi gündüz kimi aydın olan bir yol qoyub getdi. Bu yoldan yalnız azğınlar üz döndərə bilər. Ona, ailəsinə, səhabələrinə və Qiyamət gününədək onlara gözəl şəkildə tabe olanlara Allahın salavatı və salamı olsun! Allahdan bizim hamımızı gizlində və aşkarda ona tabe olanlardan, ümmətinə sadiq qalanlardan, zümrəsində həşr olunanlardan, şəfaətinə daxil olanlardan etsin! Uca rəbbimiz bizi Nəim Cənnətlərində nemət verdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birgə etsin!
            Əziz qardaşlar! Mən burada və xeyrin əldə edildiyi, dinin yayıldığı hər bir məkanda müsəlman qardaşlarımla görüşməyə çox şadam. Çünki, Allah taala elm verdiyi hər bir kəslə əhd bağlamışdır ki, onu insanlara bəyan etsin, gizlət­məsin! Allah taala buyurur: “Elə ki, Allah kitab verilənlərdən peyman aldı ki, onu insanlar üçün bəyan edin və gizlətməyin” (Ali-İmran, 187). Allah taalanın bu əhdi yazılı bir sənəd deyil ki, insanlar onun şahidi olsun. O, elə bir əhddir ki, Allahın elm əta etdiyi kişi və ya qadın onun məsuliyyətini daşıyar. Hər bir kəs ona öyrədilmiş Allahın şəriətini istənilən məkanda və istənilən zamanda bəyan etməlidir.
            Möhtərəm qardaşlar! Bizim bu mühazi­rə­mizin mövzusu “Allahın dininə dəvət edənin azuqəsi”dir. Allah taala Quran Kərimdə müsəl­manın azuqəsinin nə olduğu barədə buyurur: Axirət yolu üçün tədarük görün. Bu yolun ən gözəl tədarükü təqvadır” (əl-Bəqərə, 197). Hər bir müsəlmanın azuqəsi Allah taalanın Quranda əmrlə qeyd etdiyi təqvadır.
Allah taala buyurur: “Rəbbinizdən bağış­lan­maya tərəf və Cənnətə tələsin ki, onun genişliyi bütün göyləri və yeri tutmuş və müt­tə­qilər üçün hazırlanmışdır. O kəslər ki, öz mal­larından bolluqda və qıtlıqda kasıblara sərf edərlər, öz qəzəblərini udar və camaatın pisliyindən keçərlər. Allah yaxşı iş görənləri sevər. Yaxşı o kəslərdir ki, günah etdikləri və ya özlərinə zülm etdikləri zaman günahları üçün Allahdan bağışlanma diləyər­lər. Allah­dan başqa günahları kim bağışlaya bilər? O kəslər bilə-bilə günahlarının üzərində qalmaz­lar. Onların mükafatı Allahdan bağışlanma və ağacları altından çaylar axan əbədi Cənnət­lərdir. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir” (Ali-İmran, 133-136).
            Dəyərli möminlər! Ola bilsin, təqvanın nə olduğu haqda soruşasınız?
            Cavab: Rəvayət olunur ki, Talaq bin Həbib (Allah ona rəhmət etsin!) buyurur: “Təqva odur ki, həyatını Allahdan olan bir nurla, Ona itaətdə keçirəsən və savabını, yalnız Allahdan diləyəsən!” Bu ifadəyə elm, əməl, savab qazan­maq, əzabdan qorxmaq daxildir. Məhz bu, təqvadır.
            Hamımız çox yaxşı bilirik ki, izzət və cəlal sahibi Allahın dininə dəvət edən kəs gizlində və aşkarda bu əxlaqla – təqva ilə tərbiyələnməlidir. Allahın köməkliyi ilə Allahın dininə dəvət edən şəxsə aid bütün məqamlara toxunacağıq.

            Birinci azuqə.
Dəvət edən dəvət etdiyi bu dini dərindən bilən olmalıdır. Onun bildikləri Allahın kitabına və rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə uyğun olmalıdır. Çünki, hər bir elm bu iki mənbə ilə uzlaşdırılmalıdır. Həyatın hər hansı bir sahəsinə aid olan məsələ barəsində ilk öncə bu iki mənbəyə baş vurmaq lazımdır. Hər hansı bir şəxsin dəvəti zamanı dedikləri bu iki mənbəyə - pak dinimizə uyğun gələrsə, qəbul edilər. Yox əgər ziddiyyət varsa, deyənin kimli­yindən asılı olmayaraq rədd edilər. İbn Abbasın (r.a.) belə dediyi rəvayət olunur: “Az qalsın ki, göydən sizin üzərinizə bir daş ensin! Mən deyirəm, rəsulullah belə dedi. Siz deyirsiz, Əbu Bəkr, Ömər belə dedi”. Əgər Əbu Bəkr və Ömərin sözləri rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) kəlamı ilə üst-üstə düşmədikdə qəbul olunmursa, onda elmdə, təqvada, doğru­luq­da onlar qədər olmayan digərlərinin sözləri kitab və sünnəyə uyğun gəlmədikdə necə, qəbul oluna bilər?! Əlbətdə ki, Allahın kitabına və rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə zidd olan hər bir söz və əməl qəbul olunmaz. Allah taala buyurur: “Allahın əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan yaxud düçar olacaqları şiddətli bir əzabdan özlərini həzər etsinlər!” (ən-Nur, 63).
            Allahaın dininə dəvət edən kəs ilk olaraq izzət və cəlal sahibi Allahın kitabı və rəsullullahın (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə söykənən elmə malik olmalıdır. Bu elm qəbul olunan doğru elmdir. Elmsiz dəvətə gəldikdə isə bu cahillik üzərində qurulan dəvətdir. Cahillik üzərində qurulan dəvətin zərəri faydasından çox olar. Çünki dəvətçi yol göstərəndir. Əgər o, cahil olarsa, həm özü zəlalətdə olar, həm də başqasını zəlalətə sürükləyər. Allah qorusun! Bu cür cahil­lik mürəkkəb cahillikdir. Cahilliyin mürəkkəbi, sadəsindən daha təhlükəlidir. Sadə cahillik öz sahibindən başqasına təhlükə törətmir, öyrətmə və başa salma yolu ilə onu aradan qaldırmaq mümkündür. Əsl problem isə mürəkkəb cahillik­dədir. Bu cür cahil sakit dayanmır, elmsiz olaraq danışmağında davam edir. Bu isə faydalı olmaq­dan daha çox dağıdıcı nəticələr verir.  
            Möhtərəm qardaşlar! Allahın dininə dəvə­tin elmsiz olaraq aparılması rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) və onun davamçılarının yoluna xilafdır. Allah taalanın Öz peyğəmbəri olan Məhəmmədə (Ona Allahın salavatı və salamı olsun) əmr edərək buyurduğu ayəyə fikir verin: “De: Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar kamil bəsirət ilə insanları Allaha tərəf dəvət edirik. Allah pakdır və mən müşriklərdən deyiləm” (Yusif, 108). Buyurdu ki, mən və mənə tabe olanlar Allaha bəsirət üzrə dəvət edirəm. Deməli, Allahın dininə cahil olaraq deyil, elmlə dəvət etmək lazımdır.
            Ey Allahın dininə dəvət edən kəs, Allah taalanın bu kəlamına diqqət ver: “Bəsirət ilə”. Yəni, elmlə Allahın dininə üç formada dəvət etmək olar:
            Birincisi, dəvət etdiyin barəsində elmli olmaqdır. Dəvət edilən mövzu barəsində şəriət hökmünü bilmək gərəklidir. Belə olmadığı təq­dirdə, dəvətçi Allahın dinində vacib olmayan bir şeyin vacib olduğunu zənn  edərək, onu Allahın qullarına vacib buyurar. Həmçinin, Allahın dinin­də haram olmayan bir şeyin haram olduğunu zənn edərək, Allahın qullarını o əməldən çəkin­dirər. Həqiqətdə isə Allah həmin əməli halal etmişdir.
            İkincisi, şəraitdən xəbərdar olmaqdır. Belə ki, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) Muazı Yəmənə göndərəndə ona belə demişdi: “Sən Əhli kitabdan olan bir qrup insanın yanına gedəcəksən”.[1] Bu, onların mühi­tini bilməsi və onlara uyğun olaraq hazırlaşması üçün idi. Dəvətçi gərək dəvət etdiyi insanların elm və mübahisə etmə səviyyəsini bilsin ki, mü­ba­hisə zamanı ona çətinliklər yaranmasın. Əgər belə bir mübahisədə qarşı tərəfin fikirləri ilə xəbərdar olmasan, mübahisənin dərinliyindən haqqa böyük zərbə dəyə bilər. Və sən də bunun səbəbkarı olarsan. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) buyurur: “Siz mübahisə edirsiniz. Ola bilsin ki, bəziləriniz digərlərinizdən daha tutarlı dəlillərə maliksiniz. Mən də eşitdikdən sonra qərar verirəm”.[2] Bu ona dəlalət edir ki, qarşı tərəf batil fikirli olmasına baxma­yaraq hərdən sübutlarla danışar. Hər halda dəvət etdiyin kəsi dinləmək, fikirlərini öyrənmək, hansı vəziyyətdə olduğunu bilmək gərəkdir.
Üçüncüsü, dəvəti gözəl şəkildə aparmağı ba­carmaqdır. Allah taala buyurur: “Hikmətlə və gö­zəl öyüd-nəsihətlə rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl surətdə mübahisə et” (ən-Nəhl, 125).
Bəzi insanlar pis bir əməlin şahidi olduq­da, o saat onun üzərinə cumur. Yaranacaq pis nəticələr barəsində fikirləşmir. Bu nəticələr yalnız onun özünə deyil, həmçinin, haqqa dəvət edən hər kəsə mənfi təsirini göstərir. Ona görə də, dəvətçi gərək hərəkət etməmişdən əvvəl onun nəticələri barəsində fikirləşsin, ölçüb-biçsin! Ola bilər ki, o, həmin vaxt günahın aradan qaldırılmasına nail olsun. Ancaq gələcəkdə həmin hərəkət hamı üçün pis nəticələr yaradar. Onun üçün də, yerinə yetiril­məsi lazım olan işi bir az gec etmək də olar. Əsas odur ki, Allah taalanın izni ilə gözəl sonluqla nəticələnsin!
Əgər Allahın dininə dəvət edən kəs dəvəti zamanı bütün bunlara riayət etsə, Allahın kitabı və rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) sünnəsi üzərində qurulmuş əsl elmə nail olmuş olar. Bu, həm dini mətnlərə, həm də şübhə və nəfslərdən uzaq olan ağla əsaslanan bir məqamdır. Allaha aparan yola bələd olmadan və onun şəriətini bilmədən insanları onun dininə necə dəvət etmək olar?!
Əgər insan elmsizdirsə, ilk öncə öyrən­məli, sonra Allahın dininə dəvət etməlidir. Sual edilə bilər ki, bu fikirlər rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) kəlamına zidd deyil mi? Axı Allah rəsulu (Ona Allahın salavatı və salamı olsun) buyurur ki, “Məndən bir ayə belə olsa çatdırın!”[3]
Cavab: Yox! Çünki, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) buyurur ki, “Məndən çatdırın!” Deməli, bizim çatdıracaq­larımız Allahın rəsulunun (Ona Allahın salavatı və salamı olsun) dedikləri olmalıdır. Bizim də istədiyimiz budur. Biz demirik ki, dəvət edən mütləq bütün elmə malik olmalıdır. Biz istəyirik ki, dəvətçi yalnız bildiyi şey barəsində danışsın, bilmədiyi şey barəsində isə sussun!

İkinci azuqə.
Dəvətçi öz dəvətində səbirli olmalıdır. O, dəvəti zamanı qarşıya çıxan çətinliklərə sinə gəlməli, əziyyətlərə qatlanmalıdır.
Dəvətçi öz dəvətində səbir nümayiş etdir­məli, mükafatını Allahdan gözləməli, ümidini Allahdan üzməməlidir. O, bacardığı qədər bacar­dığı məkanda Allahın dininə dəvət etməli, bu yolda əzmkarlıq göstərməlidir. O, yumşaq və zəif nöqtələrə malik olmamalıdır ki, çətinliklərdən yorulsun və öz amalını tərk etsin! Dəvətçi dəvə­tində möhkəm olsa, bir tərəfdən səbir edənlərin savabını qazanar, digər tərəfdən də aqibəti xeyirli olar. İzzət və cəlal sahibi Allah Öz peyğəmbərinə (Ona Allahın salavatı və salamı olsun) xitab edərək buyurur: “Bunlar qeyb xəbərlərindəndir ki, sənə vəhy edirik. Nə sən nə, nə də sənin qövmün əvvəlcədən bunu bilmirdiniz. Səbir et! Həqiqətən, müttəqilərin aqibəti gözəldir” (Hud, 49).
Hər bir insan dəvətində üzləşdiyi çətin­lik­lərə səbirlə sinə gəlməlidir. Çünki, Allahın dininə dəvət edən hər bir insanın çətinliklərlə üzləşməsi labüddür, qaçılmazdır.
Allah taala buyurur: “Eləcə də, hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə hidayətçi, bir yar­dımçı olması kifayətdir” (əl-Furqan, 31). Allahın dininə dəvət zamanı orada çətinliklər də olacaq, maneələr də, əngəllər də! Lakın dəvətçi bütün bunlara baxmayaraq səbir etməlidir, onun dəvəti yalan, batil fikir kimi qələmə verilsə belə, bir şeyi dərk etməlidir ki, yerinə yetirdiyi bu missiya Allahın kitabının və rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) sünnəsinin tələb etdiyindən başqa bir şey deyildir.
Lakin, bu o demək deyil ki, insan haqq ona bəyan olunduğu halda yenə də dediklərinin üzərində durmalı, ondan əl çəkməməlidir. Bu, Allah taalanın Qurani-Kərimdə dediyi insanlara bənzəyir: Onlara haqq bəyan olunduqdan sonra səninlə bu barədə mübahisə edirlər” (əl-Ənfal, 6). Haqq bəyan olunduqdan sonra onun barəsində mübahisə aparmaq bəyənilməyən əməl­dir. Allah taala bu əməldə vəsf olunanlar barəsin­də buyurur: “Hər kəs ona haqq yolu aydın olduqdan sonra möminlərin yolundan başqa bir yola tabe olarsa, onu seçdiyi yolla öz başına qoyarıq və onu axırda cəhənnəmə atarıq. O yer onun üçün necə də pis məskəndir” (ən-Nisə, 115). Dəvət edən belə dəvəti zamanı haqla qarşılaşsa, onu qəbul etməlidir.
Dəvətçi nə qədər əziyyətlərlə qarşılaşsa da, yenə də səbrinə sahib olmalıdır. Ola bilsin ki, o, sözlə və ya fiziki hərəkətlə təzyiqə məruz qal­sın. Lakin onu da bilməlidir ki, bütün peyğəm­bərlər (onlara Allahın salavatı və salamı olsun!) olmazın söyüşlərinə və ağlagəlməz işgəncələrə məruz qalıblar. Allah taala buyurur: “Səni təkzib etdikləri  kimi eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr gəlməz bu sehrbaz və ya divanədir dedilər” (əz-Zariyat, 52). Rəbbi tərəfindən ona vəhy nazil olmuş insana yalançı, sehrbaz, dəli deyilirsə və onlara digər işgəncələr verilirsə, başqalarının da dəvət etdikləri zaman çətinliklərlə üzləşməsi təbiidir. Birinci elçi olan Nuh əleyhissalam Rəbbi tərəfin­dən ona əmr olunmuş gəmini hazırlayarkən qövmi onu məsxərəyə qoyurdu. O isə deyirdi: “Əgər bizi məsxərə edirsinizsə, biz də sizə bu cür məsxərə edərik. Tezliklə rüsvayedici əza­bın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağı sizə məlum olacaq” (Hud, 38-39). Onlar Nuhu təkcə məsxərəyə qoymurdular, həmçinin onu öldürməklə də hədələyirdilər. “Dedilər: əgər bu sözlərdən əl çəkməsən, səni mütləq daşqalaq edərik” (əş-Şuara, 116). Yəni, sən daşlanaraq ölənlər sırasında olacaqsan. Səndən əvvəlkiləri də belə öldürmüşdük. Əlbətdə ki, bu hədələr Nuhu öz dinindən, dəvətindən döndərmədi.
Həmçinin, qövmü İbrahim əleyhis­salamı inkar etdi və onu insanların gözündən salmaq is­tə­dilər. “Dedilər: bunların şahidlik edə bilmə­ləri üçün onu camaatın gözü qarşısına gətirin” (əl-Ənbiya, 61). Sonra onu yandırmağı qərara aldılar: “Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!” (əl-Ənbiya, 68). Onlar böyük bir tonqal qaladılar və İbrahimi onun içinə atdılar. Ancaq izzət və cəlal sahibi Allah buyurur ki, Biz dedik: ey atəş, İbrahimə sərin və zərərsiz ol” (əl-Ənbiya, 69). Od da soyuq və zərərsiz oldu. İbrahim də oddan xilas oldu. Onlar yenə də hiylə qurmaq istədilər. Lakin biz onların hiylələrini məhv edib onları bərk ziyana atdıq” (əl-Ənbiya, 70).
Həmçinin, Musa əleyhissalamı Firon ölüm­lə hədələyirdi. Firon dedi: buraxın məni Musanı öldürüm, o da Rəbbini köməyə çağır­sın. Sağ qalsa, mən onun sizin dininizi dəyişdi­rə­cəyindən və yer üzündə fəsad törədəcəyindən qorxuram” (əl-Mumin, 26). Fironun onu ölümlə hədələməsinə baxmaya­raq, nəticədə Musa qələbə çaldı. “Firon əhlinin isə şiddətli əzab vaxtı yetişdi” (əl-Mumin, 45).
Həmçinin, İsa əleyhissalam dözülməz işgən­­cələrə məruz qalıb. Hətta, yahudilər onu öldürdüklərini zənn etdilər və çarmıxa çəkdilər. Lakin, Allah taala buyurur: Onlar İsanı nə öldürdülər nə də ki, çarmıxa çəkdilər. Onlarda yalnız belə təsəvvür yarandı. Bu haqda ixtilafda olanlar onun barəsində əlbətdə, şəkk-şübhə içərisindədilər. Onlarda buna dair heç bir məlumat yoxdur. Onlar ancaq zənnə qapılırlar. Yəqinliklə onlar Məsihi öldürmə­dilər” (ən-Nisə, 157-158). Allah taala İsanı onlardan xilas etdi.
Peyğəmbərlərin sonuncusu, onların ima­mı, Adəm övladının seyyidi Məhəmməd (ona və ailəsinə Allahın salavatı və salamı olsun!) barəsində isə Allah taala buyurur: “O zaman ki, kafirlər hiylə qururdular ki, səni zindana atalar, ya öldürələr və ya qovalar. Onlar çarə axtarırdılar. Allah isə tədbir tökdü. Allah tədbir tökənlərin ən xeyirlisidir” (əl-Ənfal, 30). “Onlar dedilər: ey özünə zikr nazil olunan kəs, sən həqiqətən divanəsən!” (əl-Hicr, 6). “Dedilər: dəli bir şairə görə ilahlarımızımı tərk edəcəyik?” (əs-Saffat, 36). Kafirlər ona (Ona Allahın salavatı və salamı olsun) həm sözlə təzyiq göstərmiş, həm də fiziki işgəncələr vermiş­dilər. Lakin, o, (Ona Allahın salavatı və salamı olsun) hər şeyə baxmayaraq səbir etmiş, nəticədə gözəl aqibət ona (Ona Allahın salavatı və salamı olsun) nəsib olmuşdur. Bu barədə tarixçilər daha ətraflı biliyə malikdirlər.
Allahın dininə dəvət edən hər bir kəs əziyyətlə qarşılaşacaq. Bu zaman onun ən gözəl yolu səbir etməkdir. Ona görə də Allah taala öz rəsuluna (Ona Allahın salavatı və salamı olsun)Həqiqətən, biz Quranı sənə nazil etdik” (əl-İnsan, 23) buyurduqda gözlənilirdi ki, arxasınca Allah taala bu Quranın nazil olmasına görə Rəbbin nemətinə şükür edilməsini buyuracaqdı. Lakin, Uca Allah buyurdu: “Rəbbinin hökmünə səbir et!” (əl-İnsan, 24) Bu ayə sübutdur ki, Qurani-Kərimin buyurduqlarını yerinə yetirən və onları bəyan edən hər bir kəs həqiqi səbrə ehtiyac duyulan çətinliklərlə qarşılaşacaq. Ona görə də dəvəti aparan kəs səbirli olmalı, Allah taala onun dəvətini uğurlu edənədək davamlılıq nümayiş etdirməlidir. Ola bilər o, başqa işlərində uğur qazanmasın. Lakin, mühim odur ki, onun dəvəti uğurlu olsun. Əsas şəxsiyyət deyil, dəvətdir. Onun ölümündən sonra belə dəvəti yaşayırsa, o, ölü deyil, diridir. Allah taala buyurur: “Heç ölü ikən diriltdiyimiz, insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz adam zülmət içində qalıb oradan çıxa bilməyən şəxs kimi ola bilərmi?” (əl-Ənam, 122). Həqiqətən, dəvətçinin həyatının daşıdığı məna təkcə ruhun bədəndə qalması deyil. Əsas mənası insanlar arasında onun missiyasının həyata keçməsidir. Əbu Süfyanla Bizans imperatoru Herakl arasında olan söhbətə nəzər salaq. Herakl, hüzurunda olan Əbu Süfyandan peyğəmbərin, (Ona Allahın salavatı və salamı olsun) dedikləri barəsində soruşur. Əbu Süfyan ona soruşduqlarının hamısı barəsində xəbər verdikdə Herakl deyir: “Əgər sənin dediklərin doğrudursa, o, mənim ayaqlarım altında olanların da sahibi olacaq”.[4] Sübhənallah, kim təsəvvür edə bilərdi ki, Bizans kimi əzəmətli bir imperiyanın başçısı Məhəmməd (ona və ailə­si­nə Allahın salavatı və salamı olsun!) peyğəmbər barəsində belə sözlər deyər. Çünki, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) həmin vaxt heç Ərəbistan yarımadasını küfürdən təmiz­ləməmişdi. Heç kəs təsəvvür etməzdi ki, belə bir adam belə bir söz deyə bilər. Əbu Süfyan  Heraklın hüzurundan ayrıldıqdan sonra öz camaatına belə demişdi: "İbn Əbu Kəbşənin işi bizanslıların imperatorunu yaman qorxutdu". Həqiqətən də, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) Heraklın ayaqları altında olanların sahibi oldu. Lakin şəxsiyyəti ilə deyil, dəvəti ilə bunlara nail oldu. Çünki, rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) dəvəti həmin torpaqlara çatdı, orada mövcud olan şirk, bütlər və onların havadarları aradan qalxdı. Rəsulul­lahdan (Ona Allahın salavatı və salamı olsun) sonra həmin torpaqlara onun (Ona Allahın salavatı və salamı olsun) dəvəti və şəriəti ilə Raşidi xəlifələri sahib oldular. Deməli, dəvətçi səbirli, doğru və Allahla birgə olmalıdır ki, istər həyatında istərsə də ölümündən sonra etdiyi dəvət gözəl sonluqla nəticələnsin.
Musa qövmünə dedi: Allahdan kömək istəyin və səbir edin! Yer üzü Allahın mülkü­dür və onu bəndələrindən istədiyi şəxsə əta edər. Yaxşı aqibət təqva əhlinə məxsusdur” (əl-Əraf, 128). Başqa bir ayədə Allah taala buyurur: “Kim Allahdan qorxsa və səbir etsə, (axırda qalib gələr) Allah yaxşı iş görənlərin mükafatını zay etməz” (Yusif, 90).      

Üçüncü azuqə. Hikmətli olmaq vacibdir. Allahın dininə hikmətlə, sonra gözəl söhbətlə, daha sonra zalım olmayanlar üçün mülayim mübahisə və daha sonra isə zalımlara qarşı ciddi şəkildə mübarizə aparasan! Bu dəvəti, sadaladığımız kimi pillə ilə dörd formada aparmaq məqsədə­uy­ğun­dur. Allah taala buyurur: “Hikmətlə, gözəl moizə və öyüd nəsihətlə rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl surətdə mübahisə et!” (ən-Nəhl, 125). Digər bir ayədə isə Allah taala buyurur: Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl surətdə mübahisə edin! (əl-Ənkəbut, 46).

Hikmət işlərin dəqiqliyi və möhkəm­li­yidir. Hikmətli olmaq hər şeyi öz yerində etmək mənasına gəlir. Tələsmək hikmətdən deyil. İnsan­ları olduqları vəziyyətindən dərhal tamam başqa bir yaşam tərzinə çevirmək fikri səhv və hikmətsiz addım olardı. Çünki, Allah taalanın hikməti belə düşüncədən uzaqdır. Qurani-Kərim və şəriət rəsulullaha (Ona Allahın salavatı və salamı olsun) tədricən, hissə-hissə nazil olurdu ki, insanların qəlblərində yer tapsın, möhkəmlənsin. Namaz hicrətdən üç il əvvəl meracda fərz edildi. İlk öncə namazların rükətlərində fərq var idi. Zöhr, Əsr, İşa namazları iki rükət idi. Lakin, hicrətdən sonra Zöhr, Əsr və İşa namazları dörd rükət oldu.

Zəkat hicrətin ikinci ilində fərz olundu. Lakin, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) zəkatın alınması üçün heç kəsi göndər­mirdi. Bu hadisə ancaq, hicrətin doqquzuncu ilində baş tutdu. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) Suatı zəkat almaq məqsədi ilə göndərmişdi. Biçin günü haqqı ödəyin”. Burada vacibat və ya vacibatın miqdarı bildirilmirdi. Hicrətin ikinci ilində zakatın bəyan olunmasına baxmayaraq, yalnız hicrətin doqquzuncu ilində rəsulullah (Ona Allahın salavatı və salamı olsun) zəkat üçün Suatı Əhli Məvaşiyə göndərdi.

İnsanların həyatlarının dəyişməsini Allah taalanın qoyduğu qaydalar əsasında etməyə çalış! Çünki, O, hökm edənlərin ən mükəmməlidir. Həmçinin, heç kəsə sirr deyil ki, oruc ilk öncə insanların öhdəsinə buraxılmışdı. Daha sonra oruc müəyyən edildi. Orucu tutmamaq isə yalnız davamlı olaraq onu bacarmayanlara aid edildi.

Rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) dəvətindən bir neçə misal gətirmək yerinə düşərdi.

Birinci misal: Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) səhabələri ilə birgə məsciddə oturarkən bir bədəvi gəlib məscidin bir tərəfində bayıra çıxmağa başladı. Səhabələr onu görüb başını vurmaq istədilər. Lakin, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) buna icazə vermədi. Allah taala ona (Ona Allahın salavatı və salamı olsun) hikmət vermişdi. Bədəvi qurtardıq­dan sonra rəsulullah (Ona Allahın salavatı və salamı olsun) əmr etdi ki, etdiyi yerin üzərindən su töksün ki, təmizlənsin. Sonra rəsulullah (Ona Allahın salavatı və salamı olsun) bədəvini yanına çağıraraq dedi: Bura məsciddir. Burada çirkin və eyb işlər etmək olmaz. Burada namaz qılınar, Quran oxunar”.[5] Bədəvi rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) ona belə gözəl münasibətindən məmnun olmuşdu. Hətta, bəziləri rəvayət edir ki, bu bədəvi demişdi: “Allahım, mənə və Məhəmmədə rəhm et, burada olan digərlərinə isə yox!” Çünki, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) ona nəzakət göstərdi, səhabələr (Allah onlardan razı olsun!) isə pis əməli bu bədəvinin cahil vəziyyətini qiymətləndirmədən aradan götürmək istədilər. 

İkinci misal: Bir kişi peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gələrək belə dedi: "Ya rəsulullah, özümü həlak etdim". O, (Ona Allahın salavatı və salamı olsun) buyurdu: “Səni həlak edən nədir?” Kişi cavab verdi: "Mən Ramazanda oruclu halda qadınımla oldum". Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ona heyvan kəsməyini əmr etdi. Kişi dedi: "Yoxumdur". Sonra, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) ona iki ay davamlı oruc tutmağını əmr etdi. Kişi dedi: "Bacarmaram". Sonra, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) ona altmış yoxsulu yedirməyi əmr etdi. Kişi yenidən dedi: "Bacarmaram". Kişi oturdu, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) ona bir xurma gətirdi və onu sədəqə verməsini buyurdu. Həqiqətən də, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) yaradılmışların ən səxavətlisi idi. Kişi dedi: "Ya rəsulullah, burada məndən kasıbı yoxdur". Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) dişləri görünəcək səviyyədə gülümsədi. Çünki, bu kişi qorxu içində “məhv oldum” deyərək gəldi, nemət əldə edərək isə getdi. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) ona “get ailəni yedirt”[6] buyurdu. Həmin kişi İslam dininin zənginliyi, sevinci və asanlığı ilə qəlbi rahatlıq taparaq qayıtdı.

Üçüncü misal: Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) günah etmiş kəsə göstərdiyi münasibətə nəzər salaq. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bir kişinin qızıl üzük taxdığını görür. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) onun barmağından üzüyü çıxardıb yerə atdı və dedi: “Sizlərdən bir nəfər od parçasını əlində tutaraq özünə yaxınlaşdırır”. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) ona başqa cür münasibət göstərmədi. Sadəcə, üzüyü barma­ğından çıxardıb yerə atdı. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) getdikdən sonra ona məsləhət görüldü ki, üzüyü yenidən götürsün. O isə “Vallahi, rəsulullahin (Ona Allahın salavatı və salamı olsun) yerə atdığı üzüyü mən yenidən götürmərəm”[7] dedi. Sübhənallah, bu münasibət səhabələrə idi. Allah onlardan razı olsun!

Mühüm odur ki, dəvətçi Allahın dininə dəvətdə hikmətli olsun.

 

Dördüncü azuqə:

Dəvətçi gözəl əxlaq sahibi olmalıdır. Onun əqidəsində, ibadətində və bütün davra­nı­şında əxlaq, elm nişanələri təcəssüm olunmalıdır. Bunun əksi olduqda isə onun dəvəti uğursuzluğa düçar olacaq. Uğurlu olsa da uzunömürlü olmayacaq.

Allahın dinini yayan kəs yüksək əxlaq və davranış normalarına sahib olmalıdır ki, dəvəti başqaları tərəfindən qəbul edilsin, kimlərdəsə çətinliklər, problemlər yaratmasın.

Əziz qardaşım! Əgər biz öz halımıza dəqiq nəzər yetirsək görərik ki, həqiqətən də biz dəvət edirik amma, çoxunu özümüz yerinə yetirmirik. Şübhəsiz ki, bu, böyük xətadır. Allah bizə hər zaman və hər məkanda ən faydalı və ən xeyirli şeyləri etməyi nəsib etsin. Çünki, hər bir zamanın və hər bir məkanın öz hökmü var. Bəzi əməllər var ki, insan onu yerinə yetirdikdə həm özünün həm də etdiyi əməlin dəyər qiyməti artır. Ona görə də dəvət etdiyin dini bütünlüklə yerinə yetirsən həm sənə gözəl münasibət olar, həm də sənin dəvət etdiyin dinə.

Əziz qardaşım, bizim məqsədimiz odur ki, Allahın dininə dəvət edən kəs əsl dəvətçiyə yaraşan şəkildə əxlaqa sahib olmalıdır ki, dəvəti faydalı və qəbul edilən olsun. Bu, dəvətdə ən ali prinsiplərdən biridir.

 

Beşinci azuqə.

Dəvətçi özü ilə insanlar arasında olan maneələri aradan qaldırmalıdır. Çünki, dəvət edən çox qardaşlar var ki, insanların pis bir əməl üzərində olduqlarını, günaha qurşandıqlarını görüb günaha qarşı kin, nifrət bəslədiklərinə görə onların yanına getmirlər, bu insanları dəvət edərək düşdükləri vəziyyətdən çıxarmağa çalış­mırlar. Bu xətadır, hikmətdən uzaqdır. Əksinə onların yanına gedib onları Allahın dininə dəvət etmək, haqqı çatdırmaq, sevdirmək və əzabla qorxutmaq hikmətli olmağın nümunəsidir. Onları günahkar, etdiklərini də günah adlandıraraq onla­ra haqqı çatdırmamaq daha da uçurumlar və daha da böyük günahlara yol açar. Ey insanları Allahın dininə dəvət etməyi öz üzərinə götürmüş müsəl­man, əgər sən onların yanına gedib bu dini onlara izah etməsən, nəyin günah, zərər və nəyin savab, faydalı olduğunu başa salmasan, bunları başqa kim edəcək? Onlar kimi birimi yoxsa elmsiz insanlarmı? Əsla! Ona görə də dəvətçi səbir etmə­lidir. Insanlarda günahları görüb onlardan uzaq­laş­mamalı, insanlarla arasında olan maneələri dəf etməlidir ki, dəvətə ehtiyacı olan onu duysun, hiss etsin, yaşasın. Bunları yerinə yetirməmək isə rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) etdiklərinə ziddir. Məlum olduğu üzrə, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) müşriklərin yaşadıqları yerə gedir və onları Allahın dininə dəvət edirdi. Belə rəvayət olunur ki, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) onlara buyurmuşdu: “Mənimlə bərabər rəbbimin kəlamını kimsə çatdırmayacaqmı? Qureyş mənə rəbbimin kəlamını bəyan etməyə mane oldu”. Bu, peyğəmbərimiz, imamımız və ən gözəl nümunəmiz olan Məhəmmədin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yerinə yetirdiyi bir işdirsə, bizə də Allahın dininə dəvət etməkdə yalnız ona (Ona Allahın salavatı və salamı olsun) oxşamaq yaraşar.

 

Altıncı azuqə.

Dəvətçinin qəlbi dəvətində ona müxalif fikir bildirənlərə qarşı açıq olmalıdır. Xüsusilə də, müxalif fikirli olan xoşniyyətli olarsa və əks fikir bildirməyi yalnız onda olan hər hansısa dəlilin tələb etdiyinə görədirsə bu, başa düşülən bir məqamdır. Heç vaxt ona qarşı düşmənçilik və ədavət yaranmamalıdır. Yox əksinə, dəvət etdiyi insan haqq ona bəyan olunduqdan sonra inad­karlıq və israrla öz dediklərinin üzərində duraraq düşmənçilik və ədavətə meyl edirsə, elə o insana layiq olduğu münasibəti göstərmək lazımdır.

İnsanların fərqli düşündüyü bəzi fiqhi məsələlər də vardır ki, həqiqətən Allah taala bu məsələlərdə qulları üçün geniş imkanlar yaradıb. Fiqhi məsələlərdə müxalif fikirli olan küfr etmiş anlamına gəlməz. Allah taala öz qullarına geniş rəhmət qapısı açmışdır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurur: “Hakim ictihad edib doğru qərar çıxardıqda onun üçün iki savab var. Xəta etdikdə isə bir savab qazanar”. Ictihad edən savab dairəsindən kənara çıxmaz. Ictihad etdiyi məsələdə doğru olsa iki savab, yalnış olsa bir savab qazanar. Sən başqalarının sənin fikirinə müxalif olmağını istəmədiyin kimi, başqaları da istiyir ki, onların fikirlərinə müxalif fikir olmasın. Həmçinin, hər kəs istəyər ki, insanları öz dediklərinə inandırsın və öz tərəfinə çəksin. Ziddiyyətli fikirlər ortaya çıxdıqda isə ən doğru yol Allah taalanın bəyan etdiyi kimi Onun dininə qayıtmaqdır. Uca Allah buyurur: “Nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir” (əş-Şura, 10). Başqa bir ayədə isə Uca Rəbbimiz buyurur: “Əgər bir şey barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa Allaha və rəsuluna müraciət edin. Bu, xeyirli və ən gözəl təvildir” (ən-Nisə, 59). Aralarında ziddiy­yət və fikir ayrılığı yaranan bütün tərəflər, ziddiyyətli məqamda bu iki mənbəyə - Allahın kitabına və peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə baş vurmalıdılar. Nə olursa olsun heç kəs Allahın və Onun rəsulunun (Ona Allahın salavatı və salamı olsun) kəlamına qarşı çıxaraq başqa bir bəşər övladının kəla­mın­dan tutuna bilməz. Çünki, bəşər xəta edər, Allahın və Onun rəsulunun (Ona Allahın salavatı və salamı olsun) sözlərində isə xəta yoxdur.

Təəssüflər olsun ki, mötəbər hesab olunan bəzi din xadimləri arasında müxtəlif fikirlər və ayrılıqlar mövcuddur. Əlbətdə ki, bu, böyük xətadır. Həqiqətən, Allahın dini birdir, İslam ümməti birdir. Allah taala buyurur: “Bu, tək olaraq sizin ümmətinizdir. Mən də sizin rəbbinizəm. Məndən qorxun!” (əl-Muminun, 52). Allah taala rəsulu Məhəmmədə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur: “Öz dinlərini firqə-firqə edib, dəstə-dəstə olanlarla sənin heç bir işin yoxdur. Onların işi Allaha qalıb. Sonra Allah onları nə etdiklərindən xəbərdar edəcək” (əl-Ənam, 159). Başqa bir ayədə isə Allah taala buyurur: “Allah: “dinə doğru-düzgün riayət edin və dində ayrılığa düşməyin” deyə Nuha sifariş etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya sifariş etdiyini, dində sizin üçün də sifariş etdi” (əş-Şura, 13). Bu, Allah taalanın göstərdiyi bir istiqamətdirsə, bizə də həmin istiqamət üzrə getmək yaraşar. Biz hər bir fikri analiz etməliyik, bir-birimizlə mübahisə etdikdə isə islah yolunu tutmalıyıq, təhqir və intiqam yolunu yox! Hər hansı bir insan mübahisə etdikdə amalı haqqın bərqarar olması yox, yalnız nəyin bahasına olursa olsun öz fikirlərinin doğru çıxması və qarşı tərəfin fikirlərinə xor baxılmasından ibarətdirsə, onda həmin şəxs Allahın və Onun rəsulunun (Ona Allahın salavatı və salamı olsun) razı qaldığı qayda ilə qələbə çalmaz. Biz bütün məsələlərdə gərək bir ümmət olaq. Çünki, bizi xilas edəcək və inkişaf etdirəcək yalnız birliyimizdir. Mən demirəm heç kəs xəta etməz. Hər kəs xəta da edər, doğru da olar. Lakin, əsas bu xətanı islah etməyə çalışmaqdır. Xətaları islah etmək isə qeybət və başqalarını alçaltmaq yolu ilə düzəlməz. Onu islah etmək onunla bir araya gəlib haqqı bəyan etmək, xətasını mülayim şəkildə başa salmaqla mümkündür. Yox, əgər o, inadkarlıqla öz batil fikirləri üzərində qalmaqda davam edərsə, artıq onun xətasını aşkara çıxarmaq, insanları onun xətasından xəbərdar etmək edilməsi vacib olan bir əmələ çevrilir. Həqiqətən, əməllərin islah edilməsi bu yolla mümkündür. Təfriqəçilik və ayrılıq İslamın və müsəlmanların düşmənlərindən başqa heç kəsə rahatlıq gətirməz. Allahdan qəlblərimizi Ona itaət üzrə birləşdirməyini istəyir, bizə Allah və rəsulunun (Ona Allahın salavatı və salamı olsun) kəlamını rəhbər tutmağımızı nəsib etməsini, niyyətlərimizi saflaşdırmasını və şəriətində bizə gizli qalanları aşkara çıxarmasını Uca rəbbimizdən diləyirik. O, səxavətli və əliaçıqdır.

Aləmlərin rəbbi olan Allaha həmd olsun! Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və bütün səhabələrinə Allahın salavatı və salamı olsun!




[1] Bax; "Səhih Buxari" Zəkat kitabı, "Sədəqənin varlılardan alıb kasıblara verilməsi" fəsli; hədis (1496): "Səhih Müslim" İman kitabı "İki şəhadətə dəvət edənlər" fəsli;
[2] "Səhih Buxari" Şübhələr kitabı; Hədis (2670): "Səhih Müslim" (1713)
[3] "Səhih Buxari" İrail oğulları haqdakı fəsl; (3461)
[4] "Səhih Buxari" Vəhyin başlanğıcı kitabı; "Rəsulullaha (Ona Allahın salavatı və salamı olsun) nazil olan vəhy necə başlamışdır?" fəsli; Hədis 7:
[5] "Səhih Buxari" Dəstəmaz kitabı; "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) və insanlar bədəvi ərəbin məsciddə kiçik bayıra getməsinin sona çatmasını gözlədilər" fəsli; (219)
[6] "Səhih Buxari" Oruc kitabı; (1936) "Səhih Müslim" "Ramazan gündüzlərində cinsi əlaqədə olmağın şiddətli haram olması" fəsli; (1111)  
[7] "Səhih Müslim" Libas kiabı; "Qızıl üzüyün kişilərə haram olması" fəsli; (2090) 




Şeyx Məhəmməd bin Saleh Əl-Useymin




Hiç yorum yok:

Yorum Gönder