30 Mayıs 2011

Təkfirçilərin əmirlik iddiaları


İslam dinində bir çox vacib məsələlər vardır ki, bunlardan biri də əmir məsələsidir. Bu məsələ islam aləmində ixtilaf halına gəlmişdir. Əslində hər şey ortadadır. Amma təkfirçilər əmir məsələlərində tələsirlər. Onlar iddia edirlər ki, bu günkü hakimiyyət və bütün yer üzərində icra olunan məsələlər şəriətlə tədbiq olunmur.
Heç bir dünyada və xüsusi ilə Azərbaycanda hüquqi məsələlər şəriətlə icra olunmur. Amma əslində bütün hüquq sistemləri şəriətlə icra olunmalıdır. Əlbəttə bu belə olsa yer üzərində ədalət, tərəfsizlik, bolluq, insanlar arasında xoş münasibət olar. Buna heç kim etiraz edə  bilməz. Bunun olmasını isə hamı istəyər. Amma bu gün bütün yer üzərinə islama dəvət gedir və gənclər islam dinini qəbul edirlər, onun müəyyən vacib və fərz ibadətlərini yerinə yetirirlər. Bu təqdirə layiqdir. Bu sevindirici haldır. Bu yer üzərindəki müsəlmanların çoxluğu onların hər birinin qəlbində sevinc və qürür yaradır. İmanlarını gücləndirir. Amma bütün dünyada əlbəttə ən doğrunu bilən Allahdır. Bəlkə də hakimiyyətə gəlmək üçün müəyyən qüvvələr bu məsələləri ortaya atırlar. Fikir versəniz görərsiniz ki, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr bu metodlardan istifadə edirlər. Bu siyasi qüvvələrin fikirləri bütün dünyada yayıldığı kimi Azərbaycanda da yayılmışdır. Bir qrup müsəlman gənclər camaat namazlarını tərk edir, Cümə namazlarına gəlmir, məscidlərə gəlmir, məscidlərə gəlib ibadət edənlərə rişxəndlə yanaşırlar. İddia edirlər ki, əgər dövlətin idarəsi müsəlmanlarda deyilsə orada cümə namazı qılmaq, məscidə getmək doğru deyil. Əlbəttə bu kiçik və sayı az olan qüvvələrin fikirləri təhlükəlidir. Bunların üstündə durduğu ən aktual məsələlərdən biri də dövlət idarəsini həyata keçirən insanların üstündə dayanmalarıdır. Amma nəzər salsan baxarsan ki, onların əllərində hakimiyyyətə real namizədləri belə yoxdur. Təbiidir ki, ona görə də onlar tələsirlər. Onlar əvvəlcə elm öyrənməli, şəriətin bütün elmlərini yaxşı qavramalı dərk etməli, həyata keçirib yaşamalı, sonra isə güclü və məntiqli mühakimə yürütmə qabiliyyətinə sahib olmalı, xalq, camaat tərəfindən tanınmalı, sevilməli və hörmət göstərilməlidir. Amma onlardan bəziləri bunun əksini idda edirlər. Məsələn, onların yalnış cəhəti budur ki, deyirlər ki, kimisə seçib ona beyət edilməsi lazım deyil. Əsas odur ki, əmir insanların məsləhətini qarşılayan biri olmalıdır. Təbiidir ki, bütün əmirlər insanların məsləhətini qarşılayır onsuzda. Sonra onlar deyirlər ki, mütləq deyildir ki, ona tabeçilik göstərəsən. Bir sözlə bu gənclər bir sözləri ilə digər sözlərini inkar edirlər. Sonra da dövlətə, hakimiyyətə və o dövlətin və hakimiyyətin bütün icraçılarına və günahsız xalqa kafir deyirlər. Bu söz böyük bir sözdür. Çünki onlar ilk əvvəl kafir deməyə başlayırlar. Sonra isə kafirin canı, malı, qanı halaldır deyirlər və fəsad törədirlər. Dinc müsəlmanları öldürürlər. Təfriqə yaradırlar. İnsanları, xüsusilə dinə təzə gələn gəncləri çaşdırırlar. Allah təala təkfirçilərin şərrindən biz müsəlmanları qorusun. Amin!
Allaha and olsun ki, gülməli və bir də ağlamalı tərəfi budur ki, özü hələ elmdə təzədir və ya üzməyə təzə başlayır, elmdə irəlidə olana tənə edir, dənizin dərinliyinə baş vurur. Əlbəttə o boğulacaq. Çünki əvvəl dənizdə üzməyi bacarmaq lazımdır, öyrənmək lazımdır. Sonra isə üzmək lazımdır. İslamda böyük izlər və əsərlər qoyub məşhur olan din alimlərinə tənə edir, halbuki özü bir-iki kitab ya oxuyub və ya oxumayıb. Məscid imamlarının müəyyən bir sözünü sitat olaraq götürüb digər sözünü ələ almadan camaatı azdırmaq istəyir və guya elə göstərir ki. Guya hansısa məscid imamı hansısa bir sözündə xəta edir. Amma həmin bu təkfirçi gənc eyni zamanda dəvət zamanı yenə də Qurandan öz istəyinə uyğun olaraq bir ayə gətirir, digər ayəni gətirmir. Ona görə də Quranı hələ təzə-təzə oxumağa başlayan biri o dəqiqə Qurandan bir ayə gətiriləndə təkfirçiyə inanır və onun tələsinə düşür. O gənc unudur ki, Şeytan ilk dəfə Cənnətdə Adəmi bu metodla aldatdı. Bu əhvalat hamıya məlumdur. Belə ki, Şeytan Adəmə and içərək dedi ki, əgər əbədi yaşayanlardan olmaq istəyirsənsə sənə böyük bir şey göstərim. Beləlikə Allaha and içib Adəmə qadağan olunan ağacdan ona yeməsini nəsihət etdi. Beləliklə Adəm Cənnətdən yer üzünə endirildi.
Təkfirçilər Məhəmməd Peyğəmbərin (s.ə.s) hədislərini söhbətləri zamanı dəlil olaraq gətirdikdə yenə də metodlarına uyğun olaraq yalnız özlərinə sərf edən hədisləri dəlil gətirilər, amma hədisi bilməyən və təkfirçini dinləyən gənc hədis eşidən kimi aldanır və bununla bağlı digər hədisləri bilmir və ya hədisə əmin olub digər hədislərə baxmır. Yenə də aldanır. Həmçinin alimlərin sözləri məsələsində də təkfirçilər özlərinə sərf edən sitatı deyib, digərini inkar edir və ya gizlədir. Bununla da heç nə bilməyən gənc müsəlmanları aldadırlar.
Buna bir misal gətirəcəm. Bu təkfirçilərədn biri bir forumda məşhur bir alimin sözünü əmir məsələsində dəlil gətirir, sonra o alimin sözünü özü istədiyi şəkildə fırladır.
قال بن المنير يؤخذ من حديث الباب أن من تعين لولاية وتعذرت مراجعة الامام أن الولاية تثبت لذلك المعين شرعا وتجب طاعته حكما كذا قال ولا يخفى أن محله ما إذا اتفق الحاضرون عليه

"İbn əl-Munir dedi: "Bu bölmədəki hədisdən anlaşılır ki, Əgər İmama müraciət etmək mümkün olmadığı halda kimsə vəliliyə/əmirliyə seçilərsə, bu müəyyən şəxs haqqında vəlilik şəri olaraq sabit olur və ona itaət etmək hökm olaraq vacib olur".(İbn əl-Munir) Bu alimin sözüdür, indi gənc təkfirçi burada islama yeni gələnləri azdırmaq üçün öz fikrini qeyd edir və alimin bu sözünə belə izah verir: “heç kəsdən gizli deyildir ki, həmin yerdə olanların onun əmirliyi üzərində ittifaq etdikləri hala aiddir". Təbiidir ki, bütün ölkələrdə əmirlər xalq tərəfindən seçilir. Hər hansısa bir xalqın xasiyyəti və davranışı necə olarsa ona uyğun da əmir olar. Allah öz mülkünü istədiyinə verər. Sən yaxşı olsan əmirin də yaxşı olar.
Bununla bağlı inşallah araşdırmamı davam edəcəm. Amma unutmaq lazım deyil ki, hər birimiz ədalətli olmalıyıq. İnsanlara islamı ən gözəl bir tərzdə öyrətməliyik. Bizim Allahdan və sonra da biz müsəlmanlardan başqa heç bir dayanacaq yerimiz yoxdur. Ona görə də müsəlmanlar ancaq qardaşdırlar və onların arasına təfriqə salan onlara yaxşı qardaş ola bilməz. Mən xüsusi ilə gənc təkfirçilərin bizim müsəlman qardaşlarımız olduğunu qeyd etmək istəyirəm, amma onlar biz müsəlmanlara qarşı həddini aşmış qardaşlarımızdır. Onlara Allahdan qorxmağı, təqvalı olmağı, müsəlman camaatdan ayrılmamağı, cümə namazlarına gəlmələrini nəsihət edirəm. Ən doğru yol Allahın və Peyğəmbərinin bizə miras olaraq qoyduğu yoldur, digər yollar zəlalət və azğınlıqdır. Hər azğınlığın sonu Cəhənnəmdir. Rəbbim bizi Cəhənnəm əhlinin fikir və əqidələrindən, azdırmalarından qorusun. Amin!

Əkrəm Həsənov (ilahiyyatçı)


Hiç yorum yok:

Yorum Gönder