"İbn Teymiyyə (Allah rəhmət etsin!) kimi alimlər Qurana münasibətin özünəməxsus tərəflərini başa düşmüşlər. Onların bu fərqli münasibətini indiyədək islam dünyasında rast gəlinməyən metod hesab etmək olar. İbn Teymiyyə öz dövrünə Quranın gözü ilə baxan şəxsiyyətdir. Məsələn, o, “(O iki qızın) biri dedi: “Atacan! Muzdla tutacağın ən yaxşı kəs bu güclü və etibarlı adamdır!” – ayəsinə istinadən bildirirdi ki, eyni vaxtda həm güclü, həm də etibarlı olmağı bacarmayan şəxs üçün hərbi komandanlıqda güc daha lazımlıdır. Həmçinin, eyni anda etibarlı və güc bir araya gətirə bilməyən şəxslər maliyyə işləri ilə məşğul olduqlarında etibarlılıq keyfiyyəti onlara daha çox lazım olur. İbn Teymiyyənin bir çox ictihadlarında bu cür parlaq zəkanın şahidi oluruq. Boşama məsələsində də həmçinin. O, “(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir...” – ayəsindən çıxış edərək deyirdi ki, üç dəfə boşamanı bir dəfə boşama hesab etmiş, andlı boşamanı tutarsız saymışdır... Eləcə də onun çağır içib keflənən tatarlara müdrik və uzaqgörən münasibətini götürək. İbn Teymiyyəyə görə fiqh dedikdə şəriət hökmü və natamam yanaşma başa düşülməməlidir. Bu alimin nəzərində fiqh ümumi baxışdır, məzmuna varmadır, Quranın hərtərəfli münasibətinə uyğun davranmadır.
Qurandan bu məsələlərə dair misallar gətirsəniz, yaxşı olar.
Cavab: Şübhə yoxdur ki, İbn Teymiyyə qüdrətli islam alimlərindəndir. Düşmənlərin islam əleyhinə açdıqları hər bir cəbhədə İbn Teymiyyənin mübarizliyinin şahidi oluruq. O, mübarizliyində mətin və sarsılmaz idi!
Məsələn, onun şura haqqındakı görüşünü Qərb demokratiyası indi-indi səsləndirir. İbn Teymiyyə Həzrəti Əbubəkri xəlifə seçmək üçün müsəlmanların Bəni-Saidə altıaçıqlığında toplanmaları faktını dövlət başçısının müəyyənləşdirilməsinin əsas qaydası hesab etmişdir.
İbn Teymiyyə siyasətdə də dərin biliyə sahib idi. O yaxşı bilirdi ki, hakimiyyət xalqın mülkiyyətidir; xalq hakimiyyəti liderə “icarə”yə verir ki, onun adından kütlələrin istəyini həyata keçirsin. İşinin öhdəsindən gələ bilməzsə, xalq onu vəzifədən alır. Bu, ictimai müqavilənin bir növüdür. Bəli, İbn Teymiyyə hakimiyyət haqqında bu cür düşünürdü.
Pul, var-dövlət məsələsinə İbn Teymiyyənin baxışı İbn Həzminkinə oxşayır. O hesab edirdi ki, bədəndə qan necə dövran edirsə, ümmətin maliyyə sistemi də o cür dövriyyədə olmalıdır; Allahın nemətlərinin çatmadığı, daxil olmadığı ailə, yer qalmamalıdır. Kimsə cəmiyyətdə unudulmamalı, aclıq görməməlidir.
Ailə təsisatını qoruyub-saxlamaq məsələsində İbn Teymiyyə “bid`i” boşama növünü qanuni hesab edən Dörd İmamın (İmam Əbu Hənifə, İmam Şafei, İmam Malik, İmam Əhməd ibn Hənbəl – mütərcim) fikirləri ilə razılaşmamışdır. Təbii ki, o, belə bir cəsarəti nümayiş etdirmək iqtidarında olan şəxsiyyət idi! Doğrudan da ailə yüngülbeyin insanların əlində oyuncağa çevrilməməli, oyun kartı halına gəlməməlidir. Bu məsələnin müəyyən qaydaları olmalıdır.
Quran və Sünnəyə görə, ailə sosial-tərbiyəvi funksiyası olan qurumdur. Ümmətin sosial quruluşunun əsas komponentlərindən biridir. Evlilik və boşanma mövzusunu qəribə fiqhi ictihadlara həvalə etmək olmaz. Bəzən iş o yerə çatır ki, həyat yoldaşına “Sən yarım talaqla boşanmışsan” – deyən kişinin sözü birdəfəyə boşama üçün əsas qəbul edilib!!! Məsələn, hənəfilərə görə məcburiyyət halında kişinin öz həyat yoldaşını məcburən boşaması boşama hesab edilməlidir. Həmçinin, onlar bildirirlər ki, əgər kişi sərxoş ikən arvadını boşayarsa, bu halda da arvad boşanmış sayılır. Hənəfilərin bu mövqeyi ailənin vəziyyətini, uşaqları, onların tərbiyə məsələsini nəzərə almır. Fəqihlər bu cəhəti nədənsə yaddan çıxarmışlar. Ailənin cəmiyyətə aidiyyəti, sosial davamlılığın rəhni olması, cəmiyyətin tərəqqisi və tənəzzülündəki rolu barədə fikirləşən, bu həqiqətləri lazımınca başa düşən şəxsiyyət məhz İbn Teymiyyə olmuşdur.
“Talaq” surəsinə nəzər salaq. Surənin ilk yarısında, ya da ki yarısından azca çox hissəsində boşama qaydalarından danışılır. İkinci yarısı isə birbaşa aşağıdakı ayə ilə başlanır:
“Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərinin əmrindən çıxdı. Biz də onlara şiddətli cəza verib görünməmiş müdhiş əzaba düçar etdik.
Onlar əməllərinin cəzasını aldılar və axırda işləri ziyana uğramaq oldu” (ət-Talaq, 8-9).
Bu sözün əvvəlki ayələrdə danışılan boşama hökmləri ilə, ailə vəziyyəti ilə, insanları Allahdan qorxmağa çağıran “...Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər” – ayəsi ilə, qadınlarla mehribanlığa səsləyən “...Öz aranızda yaxşılıqla (şəriətə müvafiq şəkildə) sazişə gəlin...” – Allah kəlamı ilə nə əlaqəsi var?
Quranın təhkiyə üslubundan başa düşülür ki, ailənin dağılması bütövlükdə cəmiyyətin yıxılmasına səbəb olan şər qapısıdır. Şəxsən mən düşünürəm ki, uşaqlardakı əksər psixi pozğunluqların, problemlərin kökündə arzuolunmaz ər-arvad münasibəti durur.
İbn Teymiyyə bu cür səfehcə, şüursuzca, oyun oynayırmış kimi qadın boşamağı rədd etmişdir. Məsələn, bir şəxs qəssabın yanına gedib ona deyir: “Bu ətdən bir kq almasam, arvadımı boşayım”. Sonra həmin ətdən alası olmur. Bu işdə heç bir günahı olmayan, boşanmağı da istəməyən qadın belə səfehləmənin qurbanına çevrilir, yəni əri onu boşayır!
Şübhə yox ki, İbn Həzm bu problemlərə daha əvvəl toxunubmuş. Allah rəhmət etsin, İbn Teymiyyə ondan, daha əvvəlki alimlərdən, hətta Allahın adları və atributları məsələsində fikirləri ilə razılaşmadığı İmam Qəzalidən də faydalanmışdır.
Həmçinin, İbn Teymiyyə şəriət siyasəti haqqında ilk yazı qələmə alan kəsdir. O, bu mövzudakı kitabını gənclik illərində yazsa da, çox qiymətli əsər alınıb. Çünki o, özündən qabaqkıların laqeyd münasibət bəslədiyi mövzulara –liderin seçilməsi, vəzifələri, “məsalihi-mürsələ” və sairə toxunmuşdur.
Tələbəsi İbn Qəyyim isə əmtəələrə, müxtəlif vəzifələrlə bağlı qabiliyyət və bacarıqlara qiymət qoyma haqda danışıb. Doğrudan da İbn Teymiyyə və tələbəsi öz dövrləri üçün yeni sayılan fikirlər irəli sürmüşlər.
Fiqhi məzhəblər əsasında qurulan bu məktəb fiqhin ən gözəl tərəfindən faydalanmış, pis cəhətlərini kənara atmış, sadəcə Quran və Sünnəyə tabe olmuşdur".
Şeyx Məhəmməd Qəzalinin "Qurana münasibətimiz necə olmalıdır?" kitabından.
Hiç yorum yok:
Yorum Gönder