30 Mayıs 2011

Dövlət və müsəlman vətəndaş münasibətləri

Allaha həmd olsun ki, bizi inanclı insanlar içərisndə yaratdı və ruzimizi artıqlaması ilə bizə verdi. Baxmayaraq ki, bizim ata-babalarımız tarix boyu öz dinlərindən və inanclarından uzaqlaşdırılmağa çalışılıb, Allah təalanın köməyi ilə kafirlər buna nail ola bilməyiblər.
Ata-babalarımız gizlində olsa öz inandıqları dəyərləri yaşayıblar. Uzun illər Azərbaycan xalqı atezim təbliğinə məruz qalmış, müstəqillik əldə etdikdən sonra yenidən öz milli mənəvi dəyərlərinə sahib olmağa başlamışdır. Bir neçə illər bundan əvvəl dinə maraq az olmuşsa da bu gün artıq gənclərimiz mənəviyyata üstünlük verməyə başlamış və öz Yaradanlarına iman edib, bizə göndərilən peyğəmbərimiz, bütün peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbərə (s.ə.s) iman etmiş və onun ardınca getməyə can atmışlar. Bu gün onların gün ərzində gördükləri işlər onların ibadətinə mane olmur və çox yüksək səviyyədə ibadətlərini icra edirlər. Bizim konstutisiyamızda yazılsa da dövlət dindən ayrıdır, amma dövlət dinə güclü nəzarət edir və ibadət edən insanlarımızın təhlükəsizliyi üçün hər cür tədbirlər görür.
Bəzən imanı güclü və hissinə hakim ola bilməyən ibadət əhli gənclər dövlətin nəzarətini lazımsız hesab edir, dövlətin dindən ayrı olduğunu iddia edərək onun nəzarətinin də lazımsız olduğunu bildirir. Əgər bu belə qəbul edilsə onda bildiyimiz kimi ölkədə hərci mərclik, özbaşınalıq və terror hadisələri çoxala bilər. Bunun açıq göstəricisi kimi son vaxtlar “Əbubəkr” məscidndə olan hadisələri misal gətirmək olar. Bizdə dövlətin çox düşünülmüş siyasətini bəyənir və nəzarətin daha da gücləndirilməsinin tərəfindəyik. Ancaq ölkədə məscidin bağlı qalması normal hal kimi qəbul edilmir. Bu ölkənin nüfuzuna da müəyyən qədər təsir göstərir. Dünyanın inkişaf etmiş bir çox ölkələrində məscidlər inşa olunur və məscidlərə dövlət tərəfindən güclü nəzarət olunur. Məscid Allahın evi sayılır və müsəlmanların çox yaşadığı bir ölkədə məscidin bağlanması kənardan yaxşı görsənmir. Məscidlər açılmalı və güclü polis nəzarəti olmalıdır. Çünki tarix boyu heç bir hökmdar Allaha iman edən və Allaha ibadət edən insanlara mane ola bilməyib, hər zaman iman edənə Allah kömək edib və iman edənə mane olana Allah əzab edib. Allah təala bununla bağlı Qurani Kərimdə bizə çox xəbərlər vermişdir. Bunlardan Musa peyğəmbərin vaxtında ölkəni idarə edən Fironun zülmü, Musa peyğəmbərə göstərdiyi mənfi münasibət nəticədə onun öz zərərinə olmuşdur. Musa peyğəmbər və onunla birlikdə iman edənlər isə hökmdarın zülmündən xilas olmuşdur. Bir çox peyğəmbərlərə bu cür maneələr olmuş, iman edənlərə təzyiq olunmuş, amma üstün olanlar və Allahın sevimli bəndələri onlar olmuşlar. Allah təala müsəlmanlara kömək etmişdir. Azərbaycanda yaşayan hər bir müsəlman da ölkənin rəhbərini dinləməli, dövlətin qanunlarına tabe olmalıdır. Dövlətin bütün nümayəndələri yanlarında işləyən ibadət əhlinə hörmətlə yanaşmalı, onların namaz qılmalarına, oruc tutmalarına mane olmamalı, ibadət edənlər də dövlətin və cəmiyyətin normal qəbul etdiyi geyim tərzi və davranışları ilə özlərini nümunə kimi göstərməlidirlər. Əgər dövlətin dindən ayrı olduğu cəmiyyətdə müsəlmanlar yaşayırlarsa və həmin ölkənin qanunları ilə şəriətin qanunları uyğun gəlməsə də belə müsəlman yaşadığı dövlətin qanunlarına tabeçilik göstərməlidir. Əgər ölkənin rəhbəri ibadət edən insana Allaha üsyan etmək əmri vermirsə, Allahı inkar etmək, dini yaşamağa mane olmaq kimi bir işi əmr edirsə onda ona üsyan etmək olar. Amma dövlətin rəhbəri ölkədə məscidlərin açılmasını istəyirsə, ibadət edənlərə maneçilik törətmirsə, əksinə mənəviyyatın yüksəlməsi üçün əlindən gəldiyi qədər və bacardığı qədər xalqına dəstək durursa, o dövlətə və rəhbərinə, həmçinin qanunlarına riayət etmək müsəlman üçün vacib hesab olunur. Bununla bağlı gözəl bir hədis vardır. Həmin hədisi peyğəmbərin yanında olan Abdullah bin Ömər rəvayət edir. Deyir ki, Allahın rəsulu bizə belə dedi: “Özünə (Allaha və Rəsuluna) üsyan əmr edilmədikcə xoşuna gələn və xoşuna gəlməyən bir işdə (əmr sahibini) dinləmək və (ona) itaət etmək, Müsəlman bir kimsəyə vacibdir. Lakin özünə (Allaha və Rəsuluna) üsyan əmr edilsə, o zaman (heç bir əmr sahibini) din­ləmək də yoxdur, itaət də yoxdur”.  Hədisi ən mötəbər hədis alimlərindən biri hesab olunan İmam Müslim rəvayət etmişdir. Müslimdən başqa Buxari də bu hədisi rəvayət etmişdir. Bu hədis bir daha onu göstərir ki, yaşadığın ölkədə bütün qanunlara və cəmiyyətin tələbatına cavab verəcəyin davranış nümayiş etdirməlisən. Allahın peyğəmbəri həmişə insanları, ölkələri islama dəvət edəndə bunu nəzərə almışdır. O yalnız o şəxslərlə və dövlətlərlə müharibə aparmışdır ki, həmin şəxslər və dövlətlər peyğəmbərin dəvətini qəbul etməməklə yanaşı, özləri peyğəmbərlə bağladıqları sülh müqavilələrini pozmuşlar.
Ən böyük islam alimlərindən biri hesab olunan İmam Əhməd bin Hənbəlin həyatı haqqında yazan böyük alimlər onun dövlət başçısı, dövlətin qanunları və həmin ölkədə yaşayan müsəlmanların dövlətin başçısına və dövlətin bütün qanunlarına necə tabe olmaları haqqında fikirlərini bildirmişlər. İmam Əhməd bin Hənbəl zülmkar olan bir dövlət başçısı haqqında demişdir ki, zalim hökmdara üsyan etməkdənsə itaət etmək daha məsləhətdir. Onun özü də ölkədə yaşadığı zülmkar rəhbərə itaət etmişdir. Çünki ölkə rəhbərinə üsyan etmək milləti parçalayır və bir-birinə düşürür. Bu gün də məsələ belədir. Halbuki əgər böyük alimlərin dövründə belə hadisələr baş veribsə və rəhbərlər zülmkar olublarsa, onda bizim xoşməramlı və ibadət əhlinə hörmət göstərən rəhbərimizə itaət etməyimiz bizə də vacibdir. Çünki, bizim dövlətimiz və rəhbərimiz bizim Allaha və peyğəmbərinə üsyan edəcəyimiz bir qərar vermir və heç vaxt da verməz. Bu məsələdə İmam Əhmədin görüşü, İmam Malikin görüşü ilə üst-üstə düşür. Bu böyük alimlər isə öz fikirlərini peyğəmbərdən və onun səhabələrindən götürmüşlər. İslam tarixinin özündə belə üsyanların səbəbi dövlətin başçısına itaət etməmək olmuşdur.
Biz müsəlmanlar da müasir dövrümüzdə islama və müsəlmanlara hörmətlə yanaşan dövlətimizə və onun başçısına itaət etmək məcburiyyətindəyik. Bunun üçün dövlətin bütün idarə və təşkilatları ibadət edən müsəlmanlara kömək etməli, onların qayğısına qalmalı, onların işlə təmin olunmasında yaxından kömək etməlidir. Bu mövzu böyük mövzu oduğu üçün ətraflı faktlar əsasında araşdırmamızı davam etdirməyə çalışacağıq.


Əkrəm Həsənov (İlahiyyatçı)


Hiç yorum yok:

Yorum Gönder